Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal


21 sentyabr – Ümumdünya Alzheimer Günü münasibətilə nevroloq Dr. Cəlal Şalçini Alzheimer xəstəliyinin yaddaş itkisi başlamazdan əvvəl ortaya çıxa bilən erkən əlamətləri barədə məlumat verib.

Turkustan.az xəbər verir ki, Dr. Cəlal Şalçini Alzheimerin yalnız unutqanlıqla özünü göstərmədiyini, xəstəliyin yaddaş itkisi başlamazdan əvvəl də müxtəlif siqnallar verə biləcəyini bildirib.

Onun sözlərinə görə, bu əlamətlər arasında sosial həyatdan uzaqlaşma, maraq itkisi, şəxsiyyət və əhval dəyişiklikləri, gündəlik və mürəkkəb işlərin yerinə yetirilməsində çətinlik, həmçinin söz tapmaqda problemlər ola bilər.

Həkim qeyd edib ki, bu simptomlar bəzən yorğunluq və ya stresslə əlaqələndirilərək diqqətdən kənarda qalır. O, unutqanlığın qocalmanın qaçılmaz və təbii nəticəsi olmadığını vurğulayıb.

Dr. Şalçininin sözlərinə görə, insanın illərdir maraq göstərdiyi hobbilərdən qəfil uzaqlaşması, sosial mühitdən qaçması və ya əvvəlkindən daha sakit olması diqqət tələb edən dəyişikliklərdir.

Şəxsiyyət və əhval-ruhiyyədə dəyişikliklər də xəstəliyin erkən siqnallarından biri ola bilər. Əvvəllər sakit və mehriban olan insanın səbəbsiz yerə şübhəli, həssas, qorxaq və ya tez əsəbiləşməsi müşahidə edilə bilər.

Bundan əlavə, pul hesablaması, bank əməliyyatları və ya əvvəllər asanlıqla yerinə yetirilən resept üzrə yemək hazırlamaq kimi planlaşdırma tələb edən gündəlik işlərdə çətinlik yaranması da nəzərə alınmalıdır.

Həkim söz tapmaqda çətinliyin də erkən əlamətlərdən biri olduğunu bildirib. Danışarkən tez-tez fasilə vermək, əşyaların adını xatırlaya bilməmək və onların əvəzinə “bu” və “o” kimi qeyri-müəyyən ifadələrdən istifadə etmək belə dəyişikliklərə nümunədir.

Dr. Şalçini gündəlik həyata təsir edən unutqanlıq və davranış dəyişikliklərinin tibbi baxımdan qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ