Çirkli hava gözlər üçün təhlükəlidir: Risk 70% artır


Yeni tədqiqat hava çirkliliyinin yalnız ürək və ağciyərlərə deyil, göz sağlamlığına da mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

Turkustan.az xəbər verir ki, 41 tədqiqatın nəticələrini birləşdirən geniş təhlildə xırda hissəciklərə, xüsusilə PM2.5-ə məruz qalmanın qlaukoma və katarakt riskinin artması ilə əlaqəli ola biləcəyi müəyyən edilib.

Tədqiqatda əsasən Şərqi Asiya və Birləşmiş Krallıqda yaşayan milyonlarla insanın məlumatları təhlil olunub. Araşdırma zamanı PM2.5, PM10, azot dioksidi, kükürd dioksidi, ozon və karbonmonoksit kimi hava çirkləndiricilərinin göz sağlamlığına mümkün təsirləri araşdırılıb.

Ən diqqətçəkən nəticə PM2.5 ilə bağlı olub. Tədqiqatçılar müəyyən ediblər ki, hava çirkliliyinin ən yüksək səviyyədə olduğu ərazilərdə yaşayan insanlarda qlaukoma riski çirklənmənin daha aşağı olduğu ərazilərdə yaşayanlarla müqayisədə 70%-ə qədər yüksək ola bilər.

Nəticələr hava çirkliliyinin göz sağlamlığı üçün də nəzərə alınmalı risk faktorlarından biri ola biləcəyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ