Korrupsiya barədə məlumat verilməsi ilə əlaqədar xəsarət alan şəxslərə 10 min manat, həlak olanların ailələrinə isə 20 min manat birdəfəlik müavinət ödənilməsi təklif olunur.
Turkustan.az xəbər verir ki, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan yeni qanun layihəsində yer alıb.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə əsasən, sosial müdafiə tədbirləri məlumat verən şəxsi, onun yaxın qohumlarını və digər qohumlarını əhatə edəcək.
Onlardan biri məhz korrupsiya barədə məlumat verilməsi ilə əlaqədar həlak olduqda ailəsinə 20 min manat, bədən xəsarəti aldıqda isə özünə 10 min manat ödəniləcək.
Ödənişlər məlumat verən şəxsin işlədiyi və ya xidmət göstərdiyi təşkilatın büdcəsi hesabına həyata keçiriləcək.
Layihədə məlumat verən şəxsin bu səbəbdən əmlakına dəymiş ziyanın qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilməsi də əksini tapıb./modern.az