Diş çəkdirmək necə ölümə səbəb ola bilər? – Həkimdən AÇIQLAMA


Diş çəkilməsi çoxları üçün adi və risksiz tibbi müdaxilə kimi qəbul olunur. Lakin Bakıda 45 yaşlı qadının diş çəkdirdikdən sonra vəfat etməsi ilə bağlı yayılan iddia bu prosedurun hansı hallarda təhlükəli ola biləcəyi sualını gündəmə gətirib. Qadının ölüm səbəbinin məhz diş çəkilməsi ilə bağlı olduğu hələ təsdiqlənməyib.

Bəs belə bir müdaxilədən sonra ölüm baş verə bilərmi?

Turkustan.az xəbər verir ki, “Yeni Sabah”a mövzu ilə bağlı stomatoloq İlkin Qəribli danışıb. Mütəxəssis mümkün riskləri, hansı xəstəliklər zamanı diş çəkilməsinin təhlükə yarada biləcəyini və ölümə səbəb ola biləcək halları açıqlayıb:

“Ümumiyyətlə, diş çəkilişinə göstəriş və əks göstərişlər var. Əks göstərişlərə adətən sistem və qan xəstəlikləri, hamiləlik və laktasiya ilə bağlı bəzi hallar, eləcə də müəyyən dərman preparatlarının qəbulu daxildir. Bu məqamlar nəzərə alınaraq cərrahi müdaxilə həyata keçirilməlidir.

Əgər dişin çəkilməsinə tibbi göstəriş varsa, çəkiliş zamanı hər hansı ağırlaşma baş verə bilər. Bu hallar adətən müəyyən problemlərə səbəb olsa da, əksər hallarda ölümlə nəticələnmir.

Bəzi hallarda anestezik preparatlara qarşı allergik reaksiyalar xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Buna görə də stomatoloqun otağında şok əleyhinə preparatlar olmalı və həkim ilkin tibbi yardımı göstərə bilməlidir. Təcili tibbi yardımın gəlməsini gözləmək bəzi hallarda gec olur”.

Stomatoloq bildirib ki, diş çəkdirməzdən əvvəl hər dəfə rentgen etdirmək vacib deyil:

“Rentgen müayinəsinin aparılması isə hər zaman vacib deyil. Lakin dental rentgenin, eləcə də digər rentgenoloji diaqnostika imkanlarının olması həkimin işini asanlaşdırır, müdaxilənin gedişatını əvvəlcədən müəyyənləşdirməyə və daha dəqiq diaqnostika aparmağa imkan verir.

Bununla belə, dəqiq diaqnostikanın aparılmasının xəstənin ölümünə səbəb olması ilə bağlı hər hansı əlaqə olmamalıdır. Eyni zamanda, sözügedən hadisədə ölümə məhz diş çəkilişinin səbəb olduğu təsdiqlənməyib”.


MANŞET XƏBƏRLƏRİ