40 nəfərin zəhərlənmə səbəbi – Düyü hansı halda təhlükəlidir?


Xəbər verildiyi kimi, İsmayıllı rayonunda toy məclisində 40 nəfərin zəhərlənməsinə səbəbin düyü olduğu açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, sözügedən toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. Bu hadisə kütləvi məclislərdə hazırlanan təhlükəsizliyi bir daha gündəmə gətirib.

Bəs bişmiş düyü hansı halda zəhərlənməyə səbəb ola bilər?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirir ki, düyü uzun müddət əvvəl bişirilib və 2 saatdan artıq otaq temperaturunda qalıb, axşam yenidən qızdırılıb servis olunursa, yalnız bu zaman zəhərlənmə verə bilər:

“Bişirilmiş qida yüksək temperatur olan yerdə 2 saatdan çox qalırsa, onun tərkibində bakteriyalar və mikroorqanizmlər çoxalır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Ona görə 2 saatdan artıq bişirilmiş qida otaq temperaturunda qalmamalıdır. Buna düyü də aiddir”.

Ekspert əlavə edir ki, kütləvi zəhərlənmə hadisələri qida məhsulunu düzgün hazırlamadıqda və yaxud da saxlama şəraitinə əməl edilmədikdə baş verə bilir. Onun sözlərinə görə, temperatur rejiminin pozulması ən böyük risklərdən biridir. Xüsusilə isti havalarda yeməyin hazırlanan otaqda uzun müddət qalması bakteriyaların çoxalmasına əlverişli şərait yaradır.

Digər məsələ çarpaz çirklənmə riskidir

M.Hüseynova vurğulayır ki, çiy ətlə təmasda olan doğrama lövhələri, səthlər və istifadə olunan digər vasitələrin vaxtında yuyulmaması həmin vasitələrdə hazırlanan tərəvəzlərin, salatların və bir çox digər qidaların mikroorqanizmlərlə birbaşa çarpaz çirklənməsinə səbəb ola bilər:

“Qidaların kifayət qədər bişirilməməsi də zəhərlənmə riski yaradır. Xüsusilə ət və süd məhsulları, eləcə də yumurta yaxşı bişirilməlidir. Ətin daxili temperaturu 70 dərəcəni keçməlidir ki, bu da onun tərkibində zərərli bakteriyalar varsa, onların məhv olmasına gətirib çıxara bilər.

Eləcə də məhsulları istifadə edərkən soyuducuda, soyuq zəncir prinsipinə uyğun saxlanılmalı olan qidalar var ki, bunlar 0–4 dərəcə arasında saxlanılmalıdır. Kremli məhsullar, mayonezli və yumurtalı məhsullar buna aiddir. Əksər hallarda onların uzun müddət otaq temperaturunda qalması, daha sonra soyudulması belə bu riski minimuma endirmir”.

Məhsul alarkən son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə, saxlanma temperaturuna və məhsulun görünüşünə baxmaq əsas məsələlərdən biridir

M.Hüseynova onu da bildirir ki, bir çox hallarda eyni qidanı qəbul edən bəzi insanlarda qusma, ishal, ürəkbulanma, görmənin pozulması kimi zəhərlənmə əlamətləri görülsə də, immun sistemi güclü olan insanlarda bəzən bu əlamətlər özünü göstərmir. Lakin onlarda da həzm sisteminin pozulması başlayır.

“5 yaşdan aşağı uşaqlar, yuxarı yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar hər zaman yüksək risk qrupundadır. Mütləq diqqət olunacaq məqamlar qidanı alarkən etibarlı mənşəyi bəlli olan yerdən almaq, doğru şəkildə saxlamaq, çiy və bişmiş məhsulları bir-birindən ayırmaq, qidanı kifayət qədər bişirmək və hazırlayarkən sanitariya-gigiyena qaydalarına düzgün şəkildə əməl etməkdir.

Çünki qida zəhərlənməsi bir çox hallarda kütləvi məclislərdə, toy və yas məclislərində nəzarət olunmayan yerlərdə hazırlanan qidalardan qaynaqlana bilər. Bəziləri düşünürlər ki, keyfiyyətli məhsul alıblar və temperatur rejiminə diqqət etmədən hazırlayırlar. Bu da keyfiyyətli məhsulu öz əlləri ilə məhv etmələrinə gətirib çıxarır”, - qida eksperti qeyd edir.


MANŞET XƏBƏRLƏRİ