Rusiya və İran Zəngəzur dəhlizinə qarşı birləşdi: Müharibə olacaq?


Tehran Ermənistan Baş naziri Nikol Paşinyana TRIPP ilə bağlı yeni, sərt şərtlər təqdim edib.

Ermənistan mətbuatının yazdığına görə, İran hakimiyyəti TRIPP-in təhlükəsizliyinin ya Ermənistan silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib. Bu tələbdə İranın Rusiya silahlı qüvvələrini nəzərdə tutduğu deyilir.

“News.am” portalının mənbələrinə görə, Tehran bununla öz sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır.Əks halda, artan münaqişədə iranlılar amerikalı hərbçiləri qanuni hədəf hesab edəcəklər:

“Bu, İrəvanın onsuz da iflic vəziyyətində olan xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasına dair “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması ilə bağlı Azərbaycan, Ermənistan və ABŞ arasında müqavilənin imzalanmasından sonra İran tərəfi həmin bu layihəsinin qarşısını almaq üçün dəfələrlə müxtəlif iddialar irəli sürüb.

Son zamanlar ABŞ və İran arasında davam edən müharibədən sui-istifadə edən rəsmi Tehran “Tramp marşrutu”nun qarşısını hərbi yolla almaqla hədələyir.

İran rejimi öz möqeyini Zəngəzur dəhlizində guya ABŞ qoşunlarının yerləşdiriləcəyinə dair real olmayan məlumatları dövriyyəyə buraxmaqla əsaslandırmağa çalışır. Halbuki “Tramp marşrutu” boyunca ABŞ qoşunlarının və hərbi strukturlarının yerləşdirilməsinə dair hər hansı razılaşma yoxdur.

Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, TRIPP hərbi baza deyil və infrastruktur layihəsidir. Ümumilikdə, TRIPP-də hər hansı başqa bir dövlətin təhlükəsizlik qüvvələri mövcud olmayacaq. Razılaşmada qeyd olunduğu kimi, təhlükəsizliyin təmin edilməsi Ermənistanın hüquq-mühafizə orqanlarına həvalə edilib.

Eyni zamanda, Azərbaycan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Naxçıvan Muxtar Respublikasına, eləcə də əks itiqamətdə təhlükəsiz və maneəsiz keçidinin təmin olunmasını tələb edir.

Bu məqsədlə, Ermənistan təhlükəsizlik qüvvələrinin Zəngəzur dəhlizinin keçdiyi ərazidən kənarda yerləşdirilməsi və marşruta nəzarətin daha çox kameralar, süni intellektlə idarə olunan rəqəmsal optik cihazlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Yəni bu, hərbi müqavilə deyil, autsorsinq prinsipi əsasında həyata keçirilən kommersiya layihəsidir. Ona görə də İran tərəfinin iddiası siyasi təxribat məqsədi daşıyır.

Tehran TRIPP layihəsi məsələsinə ABŞ-İran müharibəsi kontekstində yanaşma nümayiş etdirir. Zəngəzur dəhlizində üçüncü ölkənin silahlı qüvvələrini yerləşdirmək tələbini irəli sürməklə İran ABŞ-ni öz sərhədlərinə yaxın regiondan çıxartmağa hesablanmış gediş edir.

İkincisi məqam isə İranın beynəlxalq və regional ticarət dəhlizlərini bağlamaqla dünya iqtisadiyyatını sabotaj etmək siyasəti ilə bağlıdır. Yəni İran Hörmüz boğazı, Bab əl-Məndəb boğazını və Zəngəzur dəhlizinin bağlanmasına nail olmaqla iqtisadi şoklar yaratmaq, həmçinin ABŞ-yə qarşı beynəlxalq təzyiqləri artırmağa çalışır.

Rəsmi Tehranın “Tramp Marşrutu”nda təhlükəsizliyin Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsi barədə şərtinə gəlincə, bu, daha çox Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun bir neçə gün öncə verdiyi bəyanatın davamı kimi başa düşülməlidir.

Belə ki, Şevtsov “Tramp marşrutu”nun amerikalılara öz qoşunlarını, yaxud özəl hərbi şirkətlərini, kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində və İranla sərhədə yaxın ərazidə yerləşdirməyə imkan verdiyi barədə açıqlama ilə çıxış etmişdi.

Bu baxımdan, İrandan Ermənistana edilən xəbərdarlıq Rusiya Təhlükəsizlik Şurasının katibinin müavininin fikirləri ilə üst-üstə düşür. Ona görə də İranın tələbinin Rusiya ilə razılaşdırıldığı istisna olunmur.

Bu da Rusiyanın və İranın Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun qarşısını almaq üçün qüvvələri və səyləri birləşdirmək qərarından xəbər verir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ