Nigeriyanın Ondo əyalətində bitki mənşəli olduğu bildirilən içkini qəbul edən 24 nəfər həyatını itirib.
Turkustan.az xəbər verir ki, Ondo əyaləti hökuməti Odigbo yerli idarəetmə ərazisində bir neçə nəfərin sözügedən mayeni qəbul etdikdən sonra öldüyünü təsdiqləyib.
Hadisənin şənbə günü Araromi Obu və Odigbo yaşayış məntəqələrində baş verdiyi bildirilir. İçkini qəbul edən bəzi şəxslər səhhətlərinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib.
Yerli mənbənin məlumatına görə, Araromi Obuda 8, Odigboda isə 16 nəfər ölüb. Bəzi şəxslərin yuxuda, digərlərinin isə evlərinə qayıtdıqdan sonra öldüyü bildirilir. Bir sıra şəxslərin isə hazırda xəstəxanalarda müalicə aldığı qeyd olunur.
Hakimiyyət orqanları ölümlərin səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Araşdırmanın nəticələri açıqlanana qədər bu cür bitki mənşəli içkilərin satışı və istehlakına müvəqqəti qadağa qoyulub.
Səlahiyyətli şəxslər ölümlərin məhz içkinin qəbulu ilə bağlı olub-olmadığının hələlik dəqiq təsdiqlənmədiyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az