Kamil Şahverdi
V yazı
(əvvəli BU LİNKDƏ)
Xəyal deyil Turan
Kardeş Selamı - Azərbaycan Marşı
Hilal artık söndü diye
Sevinmişti düşman niyə?
Hilal birken iki oldu
Selam bizden ikinciye!
Azerbaycan, Azerbaycan
Alkışladık seni candan.
Anamız bir, babamız bir
Azerbaycan öz kardeştir.
Zaten biriz, fakat yarın
Bütün bütün birleşilir!
Azerbaycan, Azerbaycan
Bildik hayal değil Turan!
Tarixçi-alim Firdovsiyyə Əhmədovanın üzə çıxartdığı bu sənəddə qeyd olunmuş şeirin əvvəlcə Nəriman Nərimanova aid olduğu bildirilirdi. Çünki, tapılmış sənəddə şeirin müəllifi göstərilməyib. Ona görə də Nəriman Nərimanova məxsus sənədlərin arasında tapıldığına görə ona aid olduğu iddia olunurdu. Bu hal 2020-ci ilə qədər davam etmişdi. Nəhayət 2020-ci ildə jurnalist Rəşad Sahil türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabında (Atilla Oral, "Nuri Killigil" səh. 121) həmin şeirə rast gəlir. Burada şeirin müəllifi İsmayıl Zühti göstərilir. (əslində İsmayıl Zühtü Bəy olmalıdır). Atilla Oral şeirin istinadı kimi "Yeni Kafkasiya" dərgisini göstərir. Bunu görən Rəşad Sahil tarixçi-alim Firdovsiyyə xanımla əlaqə saxlayır və Nəriman Nərimanova aid hesab edilən şeirin başqa müəllifə aid olduğu haqda ona məlumat verir. Firdovsiyyə xanım da "Yeni Kafkasiya" dərgisini nəşrə hazırlayan türkiyəli alim, professor Yavuz Akpınarla əlaqə saxlayaraq dərgidə belə bir şeirin olması barədə sorğu göndərir. Bir müddət sonra Yavuz Akpınar Bakıya gəlir və Firdovsiyyə Əhmədova Rəşad Sahillə birlikdə türkiyəli alimlə görüşürlər. Bu görüş haqqında Rəşad Sahil 26.02.2020-ci ildə "admiral.az" saytında yazı dərc edir. Yavuz Akpınar və Firdovsiyyə Əhmədova ilə aparılan müsahibədən məlum olur ki, bu şeirin müəllifi İsmayıl Zühtü Bəydir. Yavuz Akpınar "Yeni Kafkasiya" dərgisinin 28 may 1925-ci il tarixli sayından sitat gətirir: -Sizə "Yeni Kafkasiya" dərgisindən bir yazı oxuyum. Dərginin 28 may 1925-ci il tarixli sayında İsmayıl Zühtü ilə bağlı çox aydın şəkildə yazılıb: "Yuxarıda dərc etdiyimiz şeir məşhur bəstəkar, izmirli mərhum Zühtü bəyindir. Azərbaycanımızın istiqlalı elan olunmasından cuşə gələn qiymətli sənətkar, bu şeiri yazaraq bəstələyib. Bəstəni də İzmirdə və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə öyrədib."
Yavuz Akpınarın bu müsahibəsindən sonra Azərbaycanda bu şeirin İsmayıl Zühtü Bəyə aid olması təsdiqini tapmış oldu. Türkiyə mənbələrinin çoxunda da "Yeni Kafkasiya"ya istinad olunaraq şeirin İsmayıl Zühtü Bəyə aid olması mübahisə doğurmurdu.
Əslində isə İsmayıl Zühtü Bəy bu şeirə musiqi bəstələyərək "Azərbaycan Marşı"nı yazmışdı. Şeirin müəllifi isə böyük Türk yazıçısı, ədəbiyyat tarixçisi, ədəbiyyatşünas, jurnalist, siyasətçi İsmayıl Həbib Sevükdir.
Mən uzun müddət İsmayıl Zühtü Bəyin "Azərbaycan Marşı" ilə bağlı məlumatları araşdırmaqla məşğul olmuşam. Bu əsərin notlarını hələ də əldə edə bilməsəm də, marşın söz müəllifinin tanınmış ədəbiyyatçı İsmayıl Həbib Sevükün olması haqqında danılmaz faktlar toplamışam.
İsmayıl Həbib Sevük bu əsər haqqında öz xatirələrində yazır:
"1920-ci ilin ilk ayları. Müzəffər Müttəfik Dövlətlər, Türk Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etdilər.
Qatı qaranlıqda bir kibrit işığının belə bir lampa parıltısından daha qüvvətli görünməsi kimi, işğal altındakı İzmirdə də bu xəbər bizi bəlkə də öz mahiyyətinin haqqı olan səadət payından qat-qat çox sevindirmişdi.
Hələ daima coşğun yaşayan İsmayıl Zühtü; xəbəri nərə çəkən bir əda ilə hayqıraraq liseydəki otağıma girdiyi zaman, ustadı, ruhu qanadlanaraq ayaqları yerdən qalxmış sanmışdım. Xoş-beşə belə vaxt buraxmadan "Haydı mənə dərhal bir marş sözləri yaz" dedi. "Nə marşı?" deyirəm. "Azərbaycan üçün canım" deyir. "Sənə mənim şeir yazdığımı kim söylədi? Mən şair deyiləm." Ustadda partlayıcı bir qəzəb: Vay, qırx ildə bir kiçik xahişdə bulunmuş, zatən hiz... Baxdım söyüşləri sıralayacaq, "Yaxşı, yaxşı" deyirəm. Marşın sözləri səkkiz hecalıq iki qitədən mürəkkəb olacaqmış, misralar çox uzun olarsa marşa gəlməzmiş; hər iki qitənin nəqərat mahiyyətində ayrıca birər beyti də tapılacaq. "Dərziyə ölçülü-biçili paltarmı sifariş edirsən?" deyirəm. Boşboğazlığı burax" deyir. Can adamı qırmaq əlimizdə deyil. "Bunun adı nə olacaq?" dedim. "Qardaş salamı canım, anlamadınmı?" dedi. Bu söz yazılacaq şeyin bütün ruhunu ilhamlandırmışdı:
Hilal artıq söndü deyə / Sevinmişdi düşmən niyə? / Hilal birkən iki oldu / Salam bizdən ikinciyə!
Gerisinə lüzum yox. "Allah səni həməncik müvəffəq etdi, məni də inşallah bir həftəyə edər" deyərək kağızı qapdığı kimi çıxıb getdi.
Yeni Kafkasiya dərgisində "Azərbaycan Marşı" 28 may 1925-ci il, səh. 24.
Bir həftə deyil, üç gün, sanki heç çıxmayacaqmış kimi evinə qapandı. Dördüncü gün, çöhrəsində bayram sevinci ilə otağıma girdi: "Oldu, oldu, həm də gözlədiyimdən daha yaxşı oldu!" – deyərək not vərəqindən marşı oxumağa başladı.
Xüsusilə dördüncü misra: "Salam bizdən, salam bizdən, Salaaam bizdən ikinciiiyə!" – deyə "salam bizdən" ifadəsinin üç dəfə ard-arda təkrarlanması, üçüncüdə isə tamamilə uzanaraq "ikinci" sözünün üzərinə yüklənməsi, onu da bu üçlü dalğanın sürəti ilə üç-dörd qat uzadıb Əbdülhəmid marşındakı oynaqlığı xatırladan bir səs əzəmətinin yaranması... Ustadı təkcə qollarımla deyil, bütün qəlbimlə sarılaraq təbrik edirəm.
Növbəti il, 1921-ci il oktyabrın 8-i. Azərbaycanın Ankara Səfirliyinə təyin edilən İbrahim Əbilov; 27-si kişi, 9-u qadın olmaqla, böyük bir heyət ilə vəzifəsinin icrasına getmək üçün Kastamonuya gəldi. Baş redaktoru olduğum gündəlik "Açıq Söz" qəzetində bu gəlişi şərəfləndirmək üçün "Qardaş hökumətin səfiri" başlıqlı bir yazım çıxmışdı.
Səfirin şərəfinə verilən və bölgənin bütün irəli gələnlərini toplayan ziyafətdə qarşılıqlı nitqlər söyləyirik. Salon çox səmimi bir ab-hava ilə doludur. Əbilovun şirin bir Azərbaycan şivəsi ilə danışması hamımızın xoşuna gəlirdi. Söhbət əsnasında: "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" – deyərək, "Salam bizdən, salaaaam bizdən..." deyə bizim o məlum marşı oxumağa başlamasınmı?
Bir dostumun həmin marşın sözlərinin mənə aid olduğunu söyləməsi üzərinə səfirin nəzərində qiymətim artmış olacaq ki, növbəti gün Kastamonudan ayrılarkən, o vaxt orada İstiqlal Məhkəməsi sədri olan Nəcati bəydən başqa, mənə də bir papaq dərisi hədiyyə etdi; qıvrım-qıvrım, qızılı parıltılı bir astraxan dərisi..."
(İsmayıl Həbib Sevük. "Milli Mücadele Hatıralarından" Bir Marş Hikayesi. Cümhuriyyət, səh. 2. 15 Nisan (aprel), 1948.)
Yazıqlar olsun ki, bu "Kardeş Salamı" - "Azərbaycan Marşı"nın musiqisini eşitmək, onu yenidən ifa etmək hələ ki, mümkün deyil. İsmayıl Həbib Sevük xatirələrində Azərbaycan SSR-nın Türkiyədə ilk səfiri İbrahim Əbilovun "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" deməsini qeyd etməsi sübut edir ki, bu əsər ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Hətta Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası İttifaqının sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri, görkəmli dövlət xadimi Nəriman Nərimanovun da diqqətini cəlb etmiş və o bu marşın sözlərini köçürtdürərək özündə saxlamışdır...
(ardı var)