Beynəlxalq alimlər qrupu Yer kürəsinin ekoloji tarazlığının qorunması üçün dünya əhalisinin 2200-cü ilədək təxminən 4 milyard nəfərə qədər azalmasının mümkünlüyünü müzakirə edib. Araşdırma müəlliflərinin fikrincə, dünya əhalisinin sürətli artımı planetin təbii resurslarına təzyiqi artırır. Onlar əhalinin sayının məcburi tədbirlərlə deyil, doğum səviyyəsinin tədricən azalması nəticəsində təbii demoqrafik eniş yolu ilə aşağı düşməsini təklif edirlər.
Proqnozlara görə, dünya əhalisinin sayı əsrin sonunadək 11 milyarddan çox ola bilər. Belə ssenari enerji və ərzaq tələbatının artması, təbii ehtiyatlardan istifadənin intensivləşməsi, biomüxtəlifliyin azalması və istixana qazları emissiyalarının yüksəlməsi ilə bağlı əlavə risklər yarada bilər.
Lakin burada əsas sual ortaya çıxır- planet üçün təhlükə yalnız insanların sayının artmasındadırmı, yoxsa əsas problem mövcud istehlak modelidir?
Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında məsələnin son dərəcə aktual olduğunu bildirib:

"Bununla bağlı 2013-cü ildə "Əhali artımı, qida problemi" adlı elmi məqalə də yazmışam. 1980-ci ildə Yer kürəsində əhalinin sayı təxminən 4,5 milyard nəfər idi. Həmin dövrdə resurslar müəyyən mənada əhalinin tələbatını ödəyirdi. Lakin XX əsrin əvvəllərindən etibarən dünyada əhali artımında böyük sıçrayış baş verdi. Sonrakı dövrdə əhali hər il on milyonlarla nəfər artırdı. Xüsusilə Asiya və Afrika ölkələrində sürətli artım müşahidə olundu. Nəticədə resurs çatışmazlığı problemi daha da aktuallaşdı. Alimlər bu problemin həlli yollarını axtarmağa başladılar. Bu prosesdə qida istehsalının intensivləşdirilməsi, o cümlədən broyler toyuqların qısa müddətdə yetişdirilməsi kimi texnologiyalar geniş yayıldı. İnsan orqanizminin əsas ehtiyaclarından biri zülaldır. Ət və soya zülal mənbələri kimi geniş istifadə olunur. Yüksək məhsuldarlıq əldə etmək üçün müxtəlif seleksiya və kənd təsərrüfatı texnologiyalarından istifadə edilməyə başlanıldı".
Xosrov Musayev intensiv kənd təsərrüfatının və qida istehsalının insan sağlamlığına təsirləri ilə bağlı narahatlığını da ifadə edib:
"Bu proseslərin insan sağlamlığı baxımından hansı uzunmüddətli nəticələrə gətirib çıxaracağını dəqiq qiymətləndirmək vacibdir. Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün müxtəlif preparatlardan, texnologiyalardan və genetik seleksiyadan istifadə olunur. Bu isə qidalanma sisteminin dəyişməsinə gətirib çıxarır".
Ekoloqun sözlərinə görə, əhali artdıqca urbanizasiya, miqrasiya və istehlakın genişlənməsi də sürətlənir:
"İnsanların daha çox məskunlaşdığı ərazilərdə, xüsusilə kəndlərdən şəhərlərə miqrasiya artdıqca iqtisadi, sosial və ekoloji problemlər də dərinləşir. Əhalinin sayı artdıqca istehlak da artır. Bu isə öz növbəsində ərzaq, su, enerji və digər resurslara tələbatı yüksəldir. Xüsusilə Asiya və Afrika ölkələrində əhali artımının daha yüksək olması müşahidə edilir. Avropa ölkələrində isə demoqrafik geriləmənin müəyyən qədər miqrasiya hesabına kompensasiya edildiyini görürük".
Xosrov Musayev hesab edir ki, demoqrafik artımın ətraf mühitə təsiri də ciddi şəkildə nəzərə alınmalıdır:
"Əhalinin artması ətraf mühitə və biomüxtəlifliyə ciddi təsir göstərir. İstixana qazlarının atmosferdə konsentrasiyasının artması qlobal istiləşməni sürətləndirir. Bunun nəticəsində ekosistemlərdə dəyişikliklər baş verir, bəzi ərazilərdə yaşayış şəraiti çətinləşir və insanların miqrasiyası sürətlənə bilər".

Ekoloq əhali artımının ərzaq və su təhlükəsizliyi məsələlərini də kəskinləşdirdiyini düşünür:
"Əhali artdıqca qida və suya olan tələbat da yüksəlir. Bu isə nəticə etibarilə ekosistemlərə ciddi təsir göstərir. İstehlakın artması tullantıların da çoxalmasına səbəb olur. Nəticədə torpaq, su və hava daha çox çirklənir. Ekosistemin bütün komponentləri – torpaq, su, hava, bitkilər və heyvanlar aləmi – bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlardan hər hansı birində ciddi dəyişiklik digər komponentlərə də təsir göstərir".
Xosrov Musayevin fikrincə, əhali artımı ilə yanaşı, istehlakın xarakteri də problemin mühüm hissəsidir:
"Dünya alimləri bu proseslərin qarşısını almağın yollarını araşdırırlar. Əhali artdıqca resurslara tələbat da yüksəlir. Ərzağa tələbatın artması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsini zəruri edir. Bu zaman müxtəlif texnologiyalardan, o cümlədən genetik seleksiyadan və digər intensiv istehsal üsullarından istifadə olunur".
Ekoloq insanların sağlamlıq problemlərinin də artdığını düşünür:
"Xəstəxanaya gedəndə bəzən deyirəm ki, yəqin evdə heç kim qalmayıb. Bu gün xəstəxanalarda insanların sayı çoxdur. Qidalanma tərzinin dəyişməsi və həyat şəraitinin pisləşməsi insanların müxtəlif xəstəliklərə məruz qalmasına təsir edən amillərdəndir".
Xosrov Musayev problemin yalnız ayrı-ayrı ölkələrin səyləri ilə həll edilə bilməyəcəyini vurğulayıb:
"Bütün dünya bir araya gələrək qlobal problemlərin həlli istiqamətində müzakirələr aparmalıdır. İnkişaf etmiş ölkələr aclıqdan və ərzaq çatışmazlığından əziyyət çəkən dövlətlərə dəstək göstərməlidir. Humanitar yardımlar artırılmalıdır ki, insanların aclıq və yoxsulluq səbəbindən həyatını itirməsinin qarşısı alınsın".