Hörmüz boğazında gərginliyi yenidən artıracaq insident baş verib.
Turkustan.az xəbər verir ki, ABŞ hərbçilərinin İranın dəniz blokadasını pozmağa çalışdığı iddia edilən Panama bayrağı altında üzən gəmiyə atəş açdığı bildirilir.
“Wall Street Journal”ın məlumatına görə, adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. Onun sözlərinə görə, ABŞ hərbi helikopteri xəbərdarlıqlara məhəl qoymayan gəminin sükanına atəş açıb.
Rəsmi bunu Tramp administrasiyasının İrana iqtisadi təzyiq göstərmək səyləri çərçivəsində dəniz təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirib.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. ABŞ rəsmisi gəminin hücumdan sonra heyətini başqa bir mülki gəmiyə köçürməyə cəhd etdiyini bildirib.
Dəniz təhlükəsizliyi şirkəti “Vanguard” isə Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisinin Oman körfəzində, Pakistan sahillərindən təxminən 71 dəniz mili məsafədə qərbə doğru hərəkət edərkən helikopterdən atılan raketlə vurulduğunu açıqlayıb.
Şirkətin ilkin hesabatına görə, raket gəmiyə dəyərək yanğına səbəb olub. Yanğın daha sonra söndürülüb. Gəmidə olan 17 heyət üzvünün xəsarət almadığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az