Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
Jujan ordasının təşəkkülü. Böyük Hun imperiyası dağıldıqdan sonra bozqırlarda yaşayan tayfaların əksəriyyəti başsız qalmış, onlar arasında uzun müddət dağınıqlıq hökm sürmüşdür. Bu zaman əvvəllər adları tarixə məlum olmayan bir çox xalqlar meydana çıxmışdı. Onlardan biri də mənbələrdə IV əsrin əvvəllə-rindən adı çəkilməyə başlayan, Orxon və Tula çaylarının axdığı torpaqlardan çıxan jujan və ya cucanlar idi. Jujanlar türklərin töles boylarının dağınıq halda mövcud olduğu Mərkəzi Asiyada V əsrin I yarısında ön plana çıxmış, bölgənin bütün tay-faları üzərində hakimiyyətini bərqərar etmişdir. Beləcə Xinqandan Altaya qədərki ərazinin siyasi və etnik mənzərəsinin formalaşması prosesində jujanların mühüm təsirləri olmuşdur. Xüsusən də, göytürklərin dövlət qurmazdan öncə jujanlara tabe olmaları, həmçinin türk dövlət təşkilatının və titullarının jujanlarkı kimi oxşarlıq-ları haqqındakı həqiqətlər bir çoxlarını düşündürmüşdür. Təbii ki, dağınıq kütlələr halında yaşayan türklər təxminən yüz əlli il ərzində tabe olduqları bir gücdən az-çox təsirlənmişdilər. Mövcud təsirləri bilmək, bölgədə etnik təsnifatlar aparmaq və türk tarixinin bu qaranlıq dövrünü ətraflı öyrənmək üçün jujanların tarixini çox yaxşı bilməyimiz lazımdır. Tarixdə əsas rol oynamış, müəyyən dövrdə yoxa çıxmış xalqların etnik və siyasi mərhələlərdə oynadığı rollar çox mühümdür. Tarixin müxtəlif mərhələlərində bu rollar dərk edilmədikcə, tarixşünaslıqda problemli məsələləri həll etmək olduqca çətinləşir. Türklərin tayfa sisteminə daxil olmayan bu xalqı digərləri kimi türklər hesab etməsək VI əsrin ortalarından etibarən daha sıx təşkilatlanan türklüyün monqol təsiri altında formalaşdığını qəbul etmiş oluruq. Bu isə türk tarixinin ümumi gedişinə zidd olan bir yanlış mühakimədir.
Jujanların mənşəyi ilə bağlı bu günədək çoxsaylı elmi araşdırmalar aparılsa da tədqiqatçılar hələlik bu tayfanın vahid etnik kökü barədə yekdil fikrə gələ bilmə-mişlər. Çin mənbələrinə görə jujanlar ya dunxuların, ya hunların, ya da qaogyuyların bir qolu idilər. Jujanlar özlərini toba xalqı ilə eyni soydan hesab edir və Toba dilində danışırdılar. Jujanların etnik mənşəyi haqqında verilən məlumatlar onların mahiyyətcə hun və syanbi qarışığı olduğunu deməyə əsas verir. Çox güman ki, bu səbəbdən onlar hun və syanbi dillərinin qarışığından yaranmış bir dildə danışırdılar. Bəzi mülahizələrə görə jujanlar Tabqac dilinə yaxın bir dildə danışırdılar. P.Pelliot onların əsasən monqol dilində danışdıqlarını qeyd edir. Məlumat üçün qeyd edək ki, jujanların istifadə etdikləri bütün ünvanların əksəriyyəti qədim türk dövlətlərində istifadə edilən ünvanlardır. Bu ünvanların eyni adla istifadə olunması onların türk dilindən “dövlət dili” kimi istifadə etmələrinin sübutudur. Ümumiyyətlə jujan dilində yazılmış heç bir sənəd yoxdur, onların dili haqqındakı yeganə məlumat Çin mənbələrindədir. Həmçinin jujanlar özləri də müxtəlif tayfalardan ibarət idilər. Eberhard jujanların monqol və ya türk olması, ya da ən azı onların ittifaqında monqol və türk olması fərziyəsini irəli sürür. L.Qumilyov jujanları syanbi və hun tayfalarının, habelə əvvəllər Çin sərhədlərində məskunlaşmış telelərin qalıqları hesab edir. Telelər III əsrdə Ordosdan qərbdəki çöllərdə dağınıq halda yaşadıqlarına görə jujanlara xərac verərək onların himayəsini qəbul etmişdilər. Teleslərlərin ümumi təşkilati strukturu mövcud deyildi. Onlar 12 tayfadan ibarət konfederasiyada birləşmişdilər. 12 nəslin hər biri başçı –ağsaqqal tərəfindən idarə olunurdu. Onlar özlərini “tele” adlandırırdılar, bu ad “teleut” şəklində indiyə qədər Altay etnonimində yaşamaqdadır. Təbiətcə cəsur və döyüşkən olan tele və ya teleutların sonrakı nəsilləri yakut, telengit, uyğur və başqırd türklərinin şəcərəsi ilə davam etmişdir.
Jujanların bir xalq kimi formalaşana qədər özünəməxsus inkişaf yolu keçdiyini qeyd etmək lazımdır. Tobas xanının düşərgəsində, yaxud Hun şanyunun paytaxtında qala bilməyənlər, ağasının zülmündən cana doyanlar, hər şeyini itirərək müflisləşmiş kəndlilər bu yerləri tərk edərək susuz səhralara, bozqırlara toplaşırdılar. Bu talesiz insanları nə vahid dil, nə din, nə də etnik birlik birləşdirirdi. Zamanın amansız hökmü ilə üz-üzə qalan bu insanları birləşdirəcək tək şey ümumi taleləri idi. Zaman keçdikcə bir-biriləri ilə yaxınlaşmağa, hətta təşkilatlanmağa başlayan bu qarışıq etnosların vahid etnik birliyi –Jujan ordası təşəkkül tapmağa başladı. Göründüyü kimi, bu insanların türk adətlərinə uyğun olaraq ənənəvi türk torpaqlarında dövlət qurduqları və böyük ölçüdə türk mədəniyyət dairəsi daxilində yaşadıqları üçün mənşə etibarilə türk və ya türklərə yaxın bağlara sahib olduqlarını qeyd etmək olar.
Jujanların həyat tərzi daha çox köçəri maldarlıqla bağlı idi. Çin mənbələrinin verdiyi məlumata görə onların şəhərlərinin ətrafında qala divarları yox idi. Onlar suyun, otlaq sahələrinin arxasınca gedir, mal-qara bəsləyir, keçə parçadan tikilmiş çadırlarda yaşayırdılar. Jujanlar rəngli ipəkdən hazırlanmış dar kaftan, əyinlərinə dar şalvar, ayaqlarına dar çəkmələr geyinir, saçlarını hörürdülər. Gördükləri işləri ağac üzərində qeyd olaraq həkk edir, kitaba yazmağı bilmirdilər. Onlar yaxşı bəslənmiş atlar yetişdirirdilər.
Çin mənbələrində jujanların antropoloji xüsusiyyətləri haqqında dəqiq məlumat olmasa da, onların yayıldığı ərazidə yaşayan xalqların, xüsusən də tunqusların əsasən qiyaboylu olduqları məlumdur.
IV əsrin sonlarında Syanbi ordusunda xidmət keçmiş Yuqyulyuy adlı bir qul ölüm cəzasına məhküm edilsə də qaçaraq dağlara sığınmış və özü kimi tüfeyli insanları ətrafına toplamışdı. Onlar qonşuluqda yaşayan digər köçərilərlə ümumi dil tapıb bir yerdə yaşamağa razılaşdılar. Yuqyulyuyun varisi Guylixoy Tabos xanlarına hər il atlarla və bahalı xəzlərlə vergi verməyə başladı. Beləliklə V əsrin əvvəllərində Xalxa çayından Xinqan əyalətinə qədərki bozqırlarda qarışıq tayfalardan ibarət yeni etnik birlik olan Jujan ordası təşəkkül tapdı. Bu zaman qəbilə icmasında yaşayan və çox primitiv həyat sürən jujanlar 200 il ərzində tayfadaxili inkişafda heç bir irəliləyişə nail ola bilməmişdilər. Jujanlar köçəri maldarlıqla məşğul olurdular. Belə ki, qışda səhradan keçib cənuba köç edər, yayda isə qayıdıb səhranın şimalında məskunlaşardılar.
V əsrin əvvəllərində teles tayfaları jujanlara illik vergi verirdilər. Bu zaman Xinqandan Altaya qədər olan ərazilərdə jujanların Deuday ləqəbli xaqanı Şelun (402-410) hökmranlıq edirdi. O, tele tayfalarını özünə tabe etdikdən sonra İli çayı sahilinə gələrək burada hun qəbilələri ilə qarşılaşdı. Hunların başçısı Şibayeqi ilə Ongin çayı üzərindəki döyüşdə Şelun xaqan darmadağın edildi. Lakin Jujan dövlətini tamamilə məhv edə bilmədi. Şelunun başlıca məqsədi Toba-Vey knyazlığının güclənməsinin qarşısını almaq idi. Bunun üçün jujan xanı Toba-Veyin bütün düşmənlərini ələ alaraq onlarla müttəfiqlik edirdi. Peter Golden yazır ki, Toba impereyasının zülmü və genişlənən jujan birliyi arasında qalan köçərilərin əksəriyyəti ikincini müdafiə etdilər. 410-cu ildə Şelunun ölümündən sonra taxta qardaşı Hulyuy keçdi. Hulyuy Toba-Vey imperiyasına qarşı siyasətini dəyişərək diqqətini Şimala yönəltdi və buradakı Yenisey qırğızlarını, eləcə də Sibir tayfası olan xebeyləri özündən asılı vəziyyətə saldı. Hulyuy 414-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Taxta onun yerinə Şelunun əmisi oğlu Datan (414-429) xaqan keçdi. Datan xan xalq arasında böyük hörmətə layiq olduğu üçün ona “qalib xan” titulu verilmişdir. O, hakimiyyətə gələn kimi Çinə yürüş etsə də uğursuzluqla nəticələndi. 418-419-cu illərdə jujanlar yenidən Mərkəzi Asiya hunlarına qarşı müharibəyə başladılar. Jujanlar Karşı vadisindəki Bolo şəhərini ələ keçirdilər. Bütövlükdə, 420-ci il Jujan ordasının yüksəliş ili olduğu qeyd edilir. Məhz bu dövrdə jujanlar şimal və qərb istiqamətlərində bir sıra tayfalar üzərinə uğurlu yürüşlər edərək qələbə qazanmış və Jujan ordasını böyük çölün şəksiz sahibinə çevirmişdilər. Bu zaman Qobidən şimalda Baykal gölünə qədər, Monqolustanın böyük hissəsi jujanların hakimiyyəti altına keçdi və onlar öz nüfuzunu Şərqi Türküstana, Koreyadan şimala qədər yaya bildilər. Buna baxmayaraq ordanın daxilində siyasi sabitlik o qədər də möhkəm deyildi.
424-cü ildə Datan xaqan 60 minlik ordu ilə Çinə soxuldu, paytaxta qədər irəlilələyərək imperatorun təmtəraqlı şəhərkənarı sarayını dağıtdı. Lakin Tobos ordusundakı hərbi səfərbərlik, jujan ordusunda isə baş alıb gedən inamsızlıq Datan xaqanı müharibəni yarımçıq qoyub geri çəkilməyə məcbur etdi. 425-ci ildə toboslular jujanları Qobi səhrasından qovub çıxardılar. Uğurlu yürüşləri davam etdirən imperator Tay-u-di (Toba Dao) Cənubi Çində mövqelərini möhkəmləndirmək üçün jujanlara qarşı mübarizəni daha da sərtləşdirdi. 429-cu ildə jujanları səhraya doğru sıxışdıran Çin ordusu təzyiqi artıraraq ordunun nizamını pozdu. Dağınıq düşmüş jujan ordusuna başçılıq edən Datan xaqanın qərbə qaçarkən itkin düşdüyü, bəzi mənbələrdə isə xəstələnərək öldüyü qeyd edilir. Bu zaman oğlu U-di döyüşü dayandıraraq Vey imperiyasına xərac verməyi öhdəsinə götürdü. Jujanlar vəziyyəti dərhal düzəltdi və təxminən 434-cü ildə Baktriyadakı Kidar hunlarına qarşı hücum etdi. Jujan basqını ilə (436) başlayan Vey imperiyası ilə müharibə yenidən alovlandı. Tobalılar qədim Çin sülalələri tərəfindən qurulan hərbi-diplomatik modelə uyğun olaraq, onları idarə etmək ümidi ilə usun, yuyban və çöl düşmənlərinin şimal və qərb qonşularından ibarət ittifaq yaratmağa çalışdılar. Bundan rahatsız olan tele tayfasının oğur boyları Qərbi Avrasiya çöllərində yerdəyişmə etmək zorunda qaldılar. Lakin siyasi asılılıqdan qurtulmağa çalışan U-di 440-445-ci illərdə Vey imperiyasına yürüş etsə də uğursuzluqla nəticələndi və öldü. Onu əvəz edən oğlu Tuxeçisen (445-464) jujanları Çinə qarşı mübarizəyə hazırladı. Tuxeçisenin oğlu və varisi Yuyçen (464-485) atasının siyasətinə sadiq qalaraq 470-ci ildə Çin ordusu ilə apar-dığı müharibədə məğlub oldu. O, 475-ci ildə vergi vermək şərti ilə sülhü təmin et-di. Artıq əvvəlki gücünü tamamilə itirən jujanlar Çinə yürüşlərə ara verərək diqqəti iqtisadi cəhətdən zəif olan Qərbə üz tutdular. 460-cı ildə jujanlar Turfan vadisinə yürüş edərək cənub hunlarını, 470-ci ildə isə Xotanı ələ keçirdilər. Bu zaman jujanların qərb sərhəddində möhkəmlənən Eftalit dövləti onların qərbə doğru yuruşlərinin qarşısını ala bildi. Nəticədə Tyan-Şan dağları hər iki ölkənin sərhəddinə çevrildi...
(ardı var)