Dr. Şəhla Aslan,
Türkiyənin Qazi Universitetinin tədqiqatçı alimi,
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru
Türkiyə| Ankara
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli kimliyinin, dövlətçilik ənənələrinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olan ana dilimizin əhəmiyyətini bir daha ön plana çıxarır. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən təsis olunan bu gün dövlət dilimizin keçdiyi inkişaf yoluna nəzər salmaq, onun müasir dövrdə qorunması və inkişafı istiqamətində görülən işləri dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dili əsrlər boyu xalqımızın tarixi yaddaşını yaşadan, milli-mənəvi dəyərlərini qoruyan və zəngin ədəbi-mədəni irsini nəsildən-nəslə ötürən başlıca mənəvi sərvətlərdən biri olub. Müstəqillik illərində ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi, cəmiyyət həyatının bütün sahələrində tətbiqinin genişləndirilməsi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Azərbaycan dilinin ictimai, elmi, təhsil və informasiya məkanındakı mövqeyinin daha da möhkəmləndirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir.
Azərbaycan əlifbasının latın qrafikasına keçidi dövlət dilimizin inkişaf tarixində mühüm mərhələ təşkil edir. Bu addım təkcə yazı sisteminin dəyişdirilməsi deyil, həm də milli-mədəni irsin qorunması, müasir informasiya mühitinə inteqrasiyanın gücləndirilməsi və Azərbaycan dilinin inkişafına xidmət edən strateji qərar idi.
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı isə bu prosesə yeni təkan verdi. Həmin sərəncam nəticəsində Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələri latın qrafikasında kütləvi tirajla nəşr olundu, kitabxanalar, məktəblər, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları yeni nəşrlərlə təmin edildi. Bununla da gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında mövcud olan çətinliklər aradan qaldırıldı.
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi bu gün dövlətin mədəniyyət siyasətinin də əsas prioritetlərindən biridir. “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında ana dilimizin dövlət dili kimi qorunması, cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsi, eləcə də xaricdə Azərbaycan dilinin təbliğinin dəstəklənməsi mühüm hədəflər kimi müəyyən olunub.
Müasir dövrdə qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırır. Xüsusilə gənclər arasında xarici mənşəli sözlərdən lüzumsuz istifadə, internet jarqonunun geniş yayılması və bəzi hallarda ədəbi dil normalarına tam əməl edilməməsi nitq mədəniyyətinə mənfi təsir göstərən amillər sırasındadır. Buna görə də ana dilimizin saflığının qorunması, zəngin ifadə imkanlarının yaşadılması və düzgün nitq vərdişlərinin formalaşdırılması hər bir vətəndaşın, xüsusilə gənc nəslin üzərinə düşən mühüm məsuliyyətdir.
Azərbaycan dili eyni zamanda böyük türk dilləri ailəsinin ayrılmaz tərkib hissəsidir. Tarixi inkişaf prosesinə nəzər saldıqda görürük ki, ötən əsrin 20-ci illərində ərəb əlifbasından latın qrafikasına keçid zamanı istifadə olunan əlifba daha çox ortaq türk əlifbası kimi təqdim edilirdi. Bu gün isə Azərbaycan əlifbası öz milli xüsusiyyətlərini qorumaqla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk dövlətlərinin əlifbaları ilə yaxınlıq təşkil edir.
Azərbaycan əlifbasının və Azərbaycan dilinin özünəməxsusluğu ortaq türk dünyası ilə bağlılığımızı daha da gücləndirir. Milli xüsusiyyətlərimizi qorumaqla yanaşı, ortaq əlifba və ortaq ünsiyyət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər türk dövlətləri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Sevindirici haldır ki, Azərbaycan dilinin xarici ölkələrdə yaşadılması və öyrədilməsi istiqamətində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi mühüm fəaliyyət həyata keçirir. Mərkəzin təşəbbüsü ilə Qazi Universitetində yaradılan “Azərbaycan Türkcəsi Tədris Ocağı” bu istiqamətdə həyata keçirilən əhəmiyyətli layihələrdən biridir. Tədris ocağında təşkil olunan Azərbaycan dili kurslarında Türkiyənin müxtəlif universitetlərindən, eləcə də fərqli ölkələrdən olan tələbələr, tədqiqatçılar və Azərbaycan dilinə maraq göstərənlər təhsil alırlar. Onlar yalnız dilimizi öyrənmir, həm də Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi bu layihə "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında qarşıya qoyulan hədəflərin praktik təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Qazi Universitetində fəaliyyət göstərən Tədris Ocağında təşkil olunan ödənişsiz dil kursları, kitab təqdimatları, müzakirələr, ədəbi-bədii görüşlər və digər mədəni tədbirlər Azərbaycan dilinin öyrənilməsinə marağı artırmaqla yanaşı, ölkəmizin zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına da xidmət edir. Bu təşəbbüs Azərbaycan dilinin müxtəlif ölkələrdən olan gənclər və elm adamları tərəfindən də öyrənilməsinə şərait yaradır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir.
Azərbaycan dilinin zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ana dilimizin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi və ölkə hüdudlarından kənarda öyrənilməsi istiqamətində həyata keçirilən layihələr onun gələcək inkişafına xidmət edən mühüm addımlardır.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bir daha xatırladır ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşını yaşadan, milli kimliyini formalaşdıran, dövlətçilik ənənələrini qoruyan və gələcəyə daşıyan ən böyük mənəvi sərvətlərdən biridir. Bu dəyərin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi isə hər birimizin ümumi məsuliyyəti və vətəndaşlıq borcudur.