Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

VI Yazı

(əvvəli BU LİNKDƏ)

...Qəhrəman Azəri türk legionerlərinin orqanı olan "Azərbaycan"ın nəşr etdiyi bu "Gənc yaradıcılar" dəxi, hər ilk addımdakı səhvlərdən uzaq deyildir. Lakin, səhvlərinə baxmayaraq, "Gənc yaradıcılar"ın Azəri qardaşlarımız tərəfindən yaxşı qarşılanacağına şübhə etmirik. Çünki, gənc qüvvələrimizin yaratdıqları "Gənc yaradıcılar" vətəndən uzaqda keçən bu günlərdə vətənimizin azadlığı, millətimizin istiqlalı uğrunda çarpışan qüvvələrimizin öz məhsuludur. Pis də, yaxşı da olsa, bir millətin öz məhsulu özünə daha artıq xoş gələr.
"Azərbaycan" qəzeti

Azərbaycan
(Milli qimn)

Azərbaycan... Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Öz canından keçən əsgər,
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan,
Sənə daim can qurban.

Sənə bir çox məhəbbət,
Sinəmdə tutmuş məkan.
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır.
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan... Azərbaycan!"

(Asif Rüstəmli. "Cəmo bəy Cəbrayılbəyli: həyatı və yaradıcılığı". Elm və təhsil, Bakı, 2024, s.125)

Bu nəşrdə də şeirin müəllifi qeyd olunmayıb.
1964-cü ildə Türkiyədə Azərbaycan Kültür Dərnəyinin aylıq yayım orqanı olan "Azərbaycan" jurnalının birləşmiş 10-11-12-ci sayında "Azerbaycan İstiklal Marşı ve Devlet Arması Üzerine" (Azərbaycan Himni və Dövlət Gerbi haqqında) adlı yazı dərc olunur. Ejder Kurtulan imzası ilə dərc olunan yazı əslində "Azərbaycan" qəzetinidə 14 noyabr 1919-cu ildə Xalq Maarif Nazirliyinin Hökumətə milli himn və dövlət gerbi ilə bağlı etdiyi təklifdən ibarətdir. "Azərbaycan" qəzetinin 19 noyabr 1919-cu il 246-cı sayında dərc olunmuş təklifin türk dilində tərcüməsidir. Qeyd etdiyim kimi, "Azərbaycan" qəzetinin bir neçə sayı, o cümlədən də 246-cı sayı itmiş hesab olunur. Görünür ki, qəzetin bu sayını Türkiyə arxivlərində axtarmaq lazımdır.

Berlində nəşr olunan "Azərbaycan qəzetəsi" tərəfindən çap olunan "Gənc yaradıcılar" kitabçası. 1944-cü il.

Ejder Kurtulan yazının sonunda, səhifənin aşağı hissəsində belə bir bilgi verir:
"Not: Bilimdiği gibi Milli Marş bilahire büyük kompozitor Üzeyir Hacıbeyli tarafındam bestelenmiştir."
Göründüyü kimi burda da "Azərbaycan Marşı"nın söz müəllifi haqqında heç nə deyilməyib...
1966-cı ildə "Azərbaycan Marşı"nın sözləri Ankarada dərc olunan "Azerbaycan Balosu" (Azərbaycan Rəqsi) dərgisinin 1-ci sayında işıq üzü görür. "Azerbaycan Balosu" 15 mart 1965-ci ildə Ankarada fəaliyyətə başlayan Azərbaycanı Tanıtma Dərnəyi tərəfindən təsis edilmişdir. 1966-cı ilin fevralında "Azərbaycan Balosu" dərgisinin ilk nömrəsi dərc olunur və həmin nömrədə "Azərbaycan Marşı"nın sözləri birinci verilmişdir. ("Azerbaycan Balosu". Azerbaycanı Tanıtma Dernegi Yayınıarı No. 1. Ankara, 1966. s. 3.)

Ankarada nəşr olunan "Azerbaycan" Aylık Kültür Dergisi. Sayı: 10-11-12 (142-143-144). 1964-cü il.

Bu dərgidə də "Azərbaycan Marşı"nın sözləri imzasız çap edilmişdir. Şeirin vətənpərvər mühacirlərimiz tərəfindən dəfələrlə müxrəlif kitablarda, dərgilərdə, qəzetlərdə çap olunmasına baxmayaraq, heç yerdə müəllifin adı qeyd olunmayıb. Bunun səbəbi haqqında bu gün müxtəlif mülahizələr irəli sürülsə də, bu mülahizələr məntiqli görünmür və həqiqəti əks etdirmir...
"Azərbaycan Marşı"nın qorunmasında, yaddaşlarda, qəlblərdə yaşamasında, günümüzə qədər gəlib çatmasında və nəhayət müstəqilliyimiz elan olunduqdan sonra Dövlət Himni statusu almasında üç mühüm fakt önəmli rol oynamışdır. Bu faktların hər biri üzərində geniş dayanaraq olduqca maraqlı məlumatları oxucuların nəzərinə catdırmağı vacib hesab edirəm. Xüsusiylə də, ardıcıllıqda üçüncü olan fakt geniş içtimaiyyətə demək olar ki, məlum deyil.
Bu faktlar haqqında qardaş Türkiyənin İstiklal Marşının Cümhuriyyət Savaşı dönəmimdə yaranması, qəbul olunması ilə bağlı zəngin məlumatları diqqətinizə çatdırdıqdan sonra qayıdacağam.

"Azerbaycan" dərgisində Ejder Kurtulanın "Azerbaycan İstiklal Marşı ve Devlet Arması Üzerine" yazısı dərc olunmuş səhifənin foto surəti.


MANŞET XƏBƏRLƏRİ