
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I Yazı
Qazaxıstanlı filosof-alimlərinin yazdığı kimi “Türk fəlsəfəsi”, “Türk xalqları fəlsəfəsi” adı altında Özbəkistanda, Qırğızıstanda, Azərbaycanda, Tatarıstanda və başqa Türk dövlətlərində Türk mədəniyyətinə, tarixinə və fəlsəfi fikrinə həsr olunmuş elmi tədqiqatlar aparılması ciddi bir zərurətdir: “Bu ölkələrin ictimai elm nümayəndələri, kulturoloqları və dinşünasları öz ölkələrinin elmi proqramlarının inkişaf strategiyasında bir sıra kompleks tədqiqatlar həyata keçirə, türkdilli xalqların tarixi və mədəniyyətinə dair birgə səylərlə fundamental araşdırmalar apara bilərlər. Bu məqsədlə ali məktəblər üçün yeni dərsliklərin və dərs vəsaitlərinin, məsələn, “Türk xalqlarının fəlsəfə tarixi”, “Mərkəzi Asiya xalqlarının fəlsəfə tarixi”, “Türk fəlsəfəsi” və s. kimi dərsliklərin buraxılması məqsədə müvafiq olar”.[1] İbrahim Maraş doğru yazır ki, Türk fəlsəfə tarixi mənşəyi, əhatə dairəsi, sərhədləri və məzmunu etibarilə həm tarixi, həm coğrafi, həm də yetişdirdiyi mütəfəkkirlər baxımından çox qədim, geniş və müxtəlif təbiətə malikdir. Bu baxımdan, o, çox diqqətlə öyrənilməli və qiymətləndirilməlidir.[2]
Bu anlamda günümüzdə ən aktual məsələlərdən biri Türk xalqları fəlsəfəsinin, Türk düşüncəsinin əsaslarının araşdırılması, sistemləşdirilməsi və tətbiqidir. Hər halda tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Ancaq bizlər Türk xalqları olaraq Türk kültürü, Türk sivilizasiyası kimi Türk fəlsəfəsini sistemli hala gətirməyi bacara bilməmişik. Halbuki “Türk fəlsəfəsi”, “Türk fəlsəfəsi tarixi”nin öyrənilməsi Türk millətinin ya da Türk xalqlarının özünüdərkini, özünün tanımasını sürətləndirəcəkldir.[3] Bir millətin fəlsəfə tarixini ortaya çıxarmanın, milləti formalaşdıran fərdlərin dünyagörüşündə edəcəyi dəyişiklik etibariylə, günün və sabahın fəlsəfəsini yaratmaq üçün mühüm olduğu gerçəyi ortaya çıxmaqdadır. Türkiyəli fəlsəfə araşdırmaçılarına görə, bu anlamda Türk fəlsəfəsi tarixi ilə bağlı tədqiqatların nə üçün zəruri olduğunu və hansı faydaları gətirəcəyini ortaya qoymaq vacibdir: “Bu səbəblərə fəlsəfəyə hörmət, tarixə qarşı məsuliyyət hissi, universal mənada gələcəyin qurulmasında rol oynamaq bacarığı və fəlsəfə tarixçiliyi şüuruyla şübhə və maraq hissi daxildir”.[4]
Çox təəssüf ki, bir çoxları “Türk fəlsəfəsi” dedikdə, yalnız Türk dilində yazılmış əsərlərin fəlsəfi təhlilini anlayır. Bundan irəli gələrək də, Türk dilində ilk fəlsəfi əsərlərin Buddizmlə, Maniliklə bağlı olmasından bəhs olunur. Halbuki burada əsas məsələ Türk mədəniyyəti tarixində vahid, davamlı bir Türk fəlsəfəsi olduğunu isbatlamaq çox da çətin deyildir. Bunun üçün mütəfəkkirlərimizin nə yazdıqlarını, hansı dildə yazdıqlarını, nə etmək istədiklərini və keçmişdə bilik, elm və texnologiya quraraq bir sivilizasiya qurma prosesində nə edə bildiklərini araşdırmaq lazımdır. “Siyasi cəhətdən kifayət qədər güclü olduqları dövrdə niyə Türk dilində düşündüklərini, ancaq əsasən fars və ərəb dillərində mətnlər yaratdıqlarını anlamaq, mahiyyətlə cövhər arasındakı əlaqəni gündəmə gətirmək yalnız bu şəkildə edilə bilər. Türk dilində yazmayan Türk filosoflarının niyə belə etdiyini araşdırmaq, geo-fəlsəfə ilə məşğul olmaq və həmin dövrün sosial-siyasi strukturlarını, mədəni dəyişikliklərini və transformasiyalarını araşdırmaq deməkdir”.[5]
Nermi Uyğurun fikrincə də, “Türk fəlsəfəsi” Türk dilində və Türk ruhunda düşünmə hərəkətini yerinə yetirmək deməkdir: “Fəlsəfə mahiyyət, məzmun, Türk dili isə geyim və forma kimi təsvir edilməməlidir, çünki Türkcə düşüncənin elementi, qurucusudur; sonradan düşüncəyə əlavə olunmur. Düşüncəni, daha düşüncə mövcudluğunda yaradan Türk dilidir. Fəlsəfə Türk dili ilə, Türk düşüncəsi ilə daima birlikdə olub zamandaşdır”.[6]O, çox doğru yazır ki, əgər Türk fəlsəfəsinə layiq olduğu dəyəri vermək məqsədimiz varsa, buna yalnız fəlsəfənin özünü izzətləndirməklə nail olmaq olar: “Türk fəlsəfəsinin uğur qazanmasını istəmək fəlsəfənin uğur qazanmasını istəmək deməkdir. Buna görə də, Türklərə xas, türklüyə yaraşan, Türklər tərəfindən dərk edilən və Türk dünyagörüşünü əks etdirən bir fəlsəfə ola bilər. Buna görə də, bu fəlsəfənin dəyəri onun türklüyündən qaynaqlanacaq və bu dəyərin türklükdə tapılmasından daha təbii bir şey ola bilməz”.[7]
Əslində bir millətin tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlayır. Biz görürük ki, vaxtilə yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqaları belə də etmişlər.Hesab edirik ki, Türk xalqlarının fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türk fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini “Qərb”in, Tanrıçılıq fəlsəfəsini isə “Şərq”in inhisarından çıxartmağın zamanıdır. Çünki Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberalizm, demokratizm, praqmatizm, marksizm adlı təlimlərlə dünyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfəətçiliyə sürükləmişdir.
İslamaqədərki dövrdə Türk fəlsəfəsinin İran, Hind, Yunan, Roma, Yəhudi, Ərəb, Çin və başqa fəlsəfələrdən oxşar və fərqli xüsusiyyətləri vardır.
Hind-Avropa mənşəli hesab olunan İran və Hind fəlsəfəsi insaniyyətçi, dualust xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türk xalqlarının dini-fəlsəfi təlimlərinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi, gerçəkçi fəlsəfəsi də İran və Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. Burada Hind və İran fəlsəfəsini birlikdə göstərməyimiz isə təsadüfi deyil. Çünki bir çox ontoloji və qnoseoloji məsələlərə baxışda İran (zərdüştlük) və Hind fəlsəfəsi (brəhmənizm, buddizm) üst-üstə düşür. Həm zərdüştlük, həm də hind fəlsəfəsi əxlaqi məsuliyyəti ön planda tutur; pis əməllərin mütləq cəzası (cəhənnəm və ya pis karma), yaxşı əməllərin isə mükafatı (cənnət və ya nirvana) vurğulanır. Hind təlimləri (xüsusilə buddizm) daha çox daxili sülhə, meditasiyaya və nəfsin ram edilməsinə fokuslandığı halda, Zərdüştlük fəaliyyətə, həyatın inkişafına və aktiv mübarizəyə çağırır. Şübhəsiz, Zərdüştlükdəki bu keyfiyyətlər isə Türk fəlsəfəsinin (Mağlar təlimi, Tanrıçılıq və b.) təsirindən irəli gəlmişdir.
Hind-İran fəlsəfəsi əsasən, insanı aləmin mərkəzi və bütün əşyanın məna, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındakı mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqeyini göstərdiyi kimi; İslamdan sonrakı bütün İran ədəbiyyatı da müxtəlif şəxsiyyətləriylə bu hikmətə nümunə təşkil edir. [8]
Bu anlamda insançı və utopist olan İran fəlsəfəsindəki dualizm özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında büruzə verir. Amma Saka, Midiya, Parfiya dönəmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. “İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan öncə var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır”.[9]
Hilmi Ziya Ülkenin fikrincə, İran fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite - sükunət) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükunət və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atılışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız ilğımını gördüyümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırdıqda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir”.[10]
[1] Nisanbayev A.N., Kurmanqaliyeva Q.K. Müasir Türk fəlsəfəsi. Fəlsəfə və sosial-siyasi elmlər. 2011, №1(31), s.9-10
[2] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.13
[3] Yakıt İsmail. Türk-İslam Düşüncesi Üzerine Araştırmalar. İstanbul: Ötüken Neşriyat, 2013, s.18
[4] Bilgin Önder., Tarakçı Anılcan. Türk felsefesi tarihi çalışmalarının dayanakları. Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt: 12 Sayı: 62 Yıl: 2019, s.869
[5] Uyanık Mevlüt. Türk felsefesi: imkân ve gerekçeleri üzerine notlar // VIII. Uluslararası Тürkoloji Kongresinin Bildirileri. Türkistan, 2019, s.226