Fazil Mustafa Rafiq Həşimovu 60 illik yubileyi münasibətilə təbrik edib


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Əməkdar artist Rafiq Həşimova 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Komitə sədri yubilyarı tanınmış ictimai, televiziya və kino xadimi kimi səciyyələndirərək, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və fəaliyyətində yeni uğurlar arzulayıb.

Təbrik məktubunda bildirilib ki, Rafiq Həşimovun uzunillik yaradıcılıq yolu Azərbaycan televiziyasının son 40 illik tarixi və inkişafı ilə sıx bağlıdır. O, 1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayaraq texniki sahədən diktorluğa, aparıcılığa, müəllif proqramlarının hazırlanmasından media idarəçiliyinə qədər zəngin peşə yolu keçib. 1990-cı ildə “Televiziya diktoru” müsabiqəsinin qalibi olması isə Azərbaycan tamaşaçısının uzun illər tanıdığı ekran simasının formalaşmasında əlamətdar başlanğıc olub.
Fazil Mustafa qeyd edib ki, Rafiq Həşimovun “Xəbərlər” informasiya proqramında, mühüm dövlət tədbirlərində, “XX əsr” müəllif proqramında və “Səhər” verilişində aparıcı kimi fəaliyyəti, sonrakı illərdə müxtəlif televiziya kanallarında qazandığı təcrübə, eləcə də nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyəti milli televiziya məktəbinin inkişafına xidmət edib.
Məktubda televiziyanın həm də dil, mədəniyyət və mənəvi yaddaş məktəbi olduğu xüsusi vurğulanıb. Bildirilib ki, ekrandan səslənən sözün düzgünlüyü, ana dilinin zəngin ifadə imkanlarının qorunması və yüksək nitq mədəniyyətinin nümayiş etdirilməsi bütövlükdə cəmiyyətin mədəni-mənəvi mühitinə təsir göstərir. Bu baxımdan, Rafiq Həşimovun peşə fəaliyyətində Azərbaycan dilinə həssas münasibətinin, ekran mədəniyyətinin və tamaşaçı qarşısında məsuliyyət hissinin xüsusi yer tutduğu qeyd olunub.
Komitə sədri Rafiq Həşimovun 2020-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini kimi fəaliyyət göstərməsini onun zəngin yaradıcılıq təcrübəsinin media idarəçiliyi sahəsində davamı kimi qiymətləndirib. Təbrikdə Azərbaycan Televiziyasının milli dövlətçilik düşüncəsinin, tarixi yaddaşın, mədəni irsin və milli-mənəvi dəyərlərin geniş auditoriyaya çatdırılmasında mühüm missiya daşıdığı vurğulanıb.

Fazil Mustafa, həmçinin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyət istiqamətləri baxımından cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılmasının, milli-mədəni irsin qorunmasının, Azərbaycan dilinin və ailə dəyərlərinin təbliğinin, vətəndaş həmrəyliyinin gücləndirilməsinin xüsusi önəm daşıdığını bildirib. Qeyd edib ki, bu mənada televiziyanın maarifləndirici və birləşdirici gücü, milli maraqlara xidmət edən keyfiyyətli yayım siyasəti daim aktualdır.

Sonda Fazil Mustafa Rafiq Həşimovu 60 illik yubileyi münasibətilə bir daha təbrik edib, ona ictimai fəaliyyətində və yaradıcılığında davamlı uğurlar arzulayıb.


MANŞET XƏBƏRLƏRİ