Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...


Rusiya Ermənistana qarşı təzyiqlərini deyəsən daha da gücləndirir.

Bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan 2026-cı ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü saxlamaqla bağlı referendum keçirmək barədə qərar verməlidir.

Turkustan.az “Bakupost”-a istinadən xəbər verir ki, bu barədə Qaluzin TASS İnformasiya Agentliyinə açıqlamasında deyib.

O bildirib ki, həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi AİB üzv dövlətlərinin dövlət başçılarının görüşündə müzakirə olunacaq.

"Əlbəttə ki, referendum çağırışı həmin vaxta qədər eşidilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar", - deyə Qaluzin qeyd edib.

Paşinyan bu tələb qarşısında geri çəkilərək, dekabra qədər həmin məsələdə referenduma gedə bilərmi? Getməsə, AİB tərəfindən Ermənistana qarşı hansı birgə addımlar atıla bilər?

Politoloq Elşən Manafov "Bakupost"a bildirib ki, Paşinyanın rəhbəri olduğu partiya son parlament seçkilərində qalib gəlsə də, konstitusion üstünlüyə malik partiya deyil:

“O, hökuməti formalaşdırmaq səlahiyyətlərini özundə saxlayıb, lakin parlamentdə yerlərin 2/3 hissəsinə yiyələnə bilmədiyindən referendum keçirmək səlahiyyətlərinə malik deyil”.

Həmsöhbətimizə görə, Paşinyan bütün vasitələrlə çalışacaq ki, tələb olunan dekabr referendumu baş tutmasın. Çünki müsahibimiz hesab edir ki, dekabr referendumu Paşinyanı müxtəlif geosiyasi seçimli güc mərkəzləri arasında manipulyasiya etmək imkanlarından məhrum edə bilər:

“Paşinyanın Qərbdə bəlli dairələr qarşısında məsul olduğunu nəzərə alsaq, onun Ermənistanın Qərbə yönləndirilməsi ilə baglı istəyi anlaşılandır. Lakin, iqtisadi reallıqlar da, mövcuddur ki, Paşinyan onları nəzərə almaya bilməz.

Məsələ burasındadır ki,Ermənistanın xaricə ixracatında Avropa Birliyinin payı 7,9%, Avraziya İqtisadi İttifaqının isə payı 36,4%-dir. Üstəlik Rusiyanın məlum proseslərdən narazılığı ona gətirib çıxarıb ki, tərəflər arasında ticari münasibətlərin ümumi məbləği 8 milard dollar azalaraq, 2025 ci ildə 4 milyarda enib. Halbuki 2024-cü ildə rəqəm 12 milyard dollar olub”.

E.Manafovun fikrincə, referendum Paşinyan iqtidarını həm də Azərbaycanın irəli sürdüyü tələblərə aydınlq gətirmək zərurəti qarşısında qoyacaq:

“Azərbaycan münasibətlərdə etimadın qorunub saxlanılması məqsədilə loqistik marşurutları-dəmir yollarını açıq saxlayır. Paşinyanın seçilməsində də Azərbaycan faktoru və İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu olub. Çünki həmin məlum neft daşınmaları, Azərbaycan ərazisindən keçməklə Rusiya və Qazaxıstanın taxılı olmasaydı, Ermənistanın durumu daha ağır olacaqdı. Bütün bunların konteksində"bir addım irəli, iki addım geri" konsepsiyası Paşinyanın korporativ maraqlarına cavab verir”.

Rüfət Sultan,

BakuPost


MANŞET XƏBƏRLƏRİ