İsrailin müdafiə naziri Yisrael Katzın Mərkəzi Region Komandanı, general-mayor Avi Bluthun vəzifəsindən uzaqlaşdırılacağını və onun yerinə Dado Bar Kalifanın təyin ediləcəyini açıqlaması hökumət və ordu rəhbərliyi arasında gərginliyə səbəb olub.
Turkustan.az xəbər verir ki, İsrailin 15-ci Kanal televiziyasının məlumatına görə, Katzın televiziya proqramında verdiyi açıqlamadan sonra Baş nazir Benyamin Netanyahunun ofisində gərgin saatlar yaşanıb.
Məlumata əsasən, Netanyahuya yaxın şəxslər qərarın səbəblərini öyrənmək üçün müdafiə naziri ilə əlaqə saxlayıblar.
Hesabatda bildirilir ki, Katz yaxın çevrəsinə belə deyib:
"Bu, çay fincanında qopan fırtınadan başqa bir şey deyil. Mən onu vəzifədən uzaqlaşdırmamışam. Baş Qərargah rəisi Eyal Zamir şəxsən Dado Bar Kalifanın təyin olunmasını istəyib, indi isə buna etiraz edir".
İsrail mətbuatı yazır ki, bu hadisə müdafiə naziri ilə ordu rəhbərliyi arasında fikir ayrılığını daha da dərinləşdirib.
Aytən Yaşar/ Turkustan.az