MAQATE Suriyadakı gizli nüvə obyektindən materialları çıxaracaq


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ABŞ, Suriya və İsrail arasında əldə olunan razılaşmadan sonra Suriyadakı gizli obyektdən nüvə materiallarını çıxarmağa hazırlaşdığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər platformasına danışan ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Vaşinqton və Təl-Əviv Suriyada yerləşən və “99-cu Sahə” adlandırılan gizli obyektdə saxlanıldığı iddia edilən nüvə materialları ilə bağlı bir ildən artıqdır danışıqlar aparır.

İsrail rəsmiləri bildiriblər ki, devrilmiş Bəşər Əsəd rejiminin 2007-ci ildə İsrail tərəfindən məhv edilən Əl-Kibar nüvə layihəsindən qalan bəzi materialları bu obyektdə saxladığı güman edilir. İsrailin materiallar ərazidən çıxarılmadığı təqdirdə obyektə zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar etdiyi iddia olunur.

ABŞ rəsmilərinin məlumatına görə, obyektdə uran filizinin emalı nəticəsində əldə edilən və nüvə yanacağı istehsalının ilkin mərhələlərində istifadə olunan “sarı tort” adlı uran konsentratı, eləcə də Əl-Kibar layihəsindən qalan digər nüvə materialları saxlanılır.

Məlumata görə, əldə olunan razılaşma çərçivəsində materialların MAQATE tərəfindən təhlükəsiz şəkildə ərazidən çıxarılması nəzərdə tutulur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ