Gülnar Mustafa
O qədər meyilliyik ki…
Aşağılamağa, rişxənd etməyə, sarkazma, kinayəli və iynəli atmacalar atmağa…
Birini həmən baltalamağa, səhv axtarmağa və tapınca səhvinə görə üstündən xətt çəkməyə o qədər meyilliyik ki…
Bu meyillilik əslində haradan gəlir, hansı genetik yanlışdan qidalanır və nədən ilham alırıq — çox müəmmalıdır.
Toplum olaraq əslində meyilli olduğumuz, meylimizə kök salmış o qədər nəsnələrimiz vardı ki… Unuduruq. Daha doğrusu, bəzən elə bil unuduluruq…
Keçmişlərdə ac yatdığını bildiyimiz qonşu uşaqlarını görəndə onların qapısına gizlincə bir meyvə səbəti, bir torba ərzaq qoyardıq, məsələn.
Kimin qoyduğunu bilməsin deyə səssizcə, gizlincə edərdik bunu.
Həm də utanaraq…
Qonşumuzdan yox, bəlkə də özümüzdən utanardıq.
Bax, bunları unuduruq…
Çünki yaxşılıq edəndə belə bunu nümayiş etdirməyi, adımızı onun üstünə yazmağı özümüzə yaraşdırmazdıq.
Dostoyevskinin İvan Karamazovun dili ilə qoyduğu sualdan çıxış edərək demək olar ki, bu dünyada ağlayan, istismar olunan bircə körpə belə varsa, bundan bütün “böyüklər” məsuldur, günahkardır…
İllər keçdikcə nə məsullar qaldı, nə də məsumlar.
Qonşumuzda döyülərək, əzilərək, illərin işgəncəsi içində həyatı amansızcasına bitirilən bir qadın vardı…
Sveta xala idi adı.
Bəzən birdən-birə o günlər yadıma düşür.
Və nədənsə vicdan əzabı çəkərəm.
İillər keçəndən sonra bəzi səssizliklərinin səsini eşitmək bəzən çox incidər insanı.
İnsan insanın torpağı olmalı,
çörəyi olmalı,
suyu olmalı,
sığınacağı, tapınağı olmalı,
güvəndiyi qapısı olmalı
və ən çətin günündə yaşam səbəbi olmalıdır — məncə.
İnsan insanın dərdi, ağrısı,
əzabı və yaşamaqdan vaz keçmə səbəbi olmamalıdır — məncə, dostum.
Bəlkə də çoxdan unutduğumuz ən böyük məsələ elə budur:
insan olmaq.
Əslində ürək çox şeyi aşkarcasına demək istəyir…
Çox şeyi adlandırmaq, çox şeyi soruşmaq, çox şeyi üzə çıxarmaq istəyir.
Amma nə sənin zamanına, nə də mənim sözümə səbəb olmaq istəmirəm.
Çünki bəzən susmaq qorxmaq deyil.
Bəzən susmaq, sözün məsuliyyətini dərk etməkdir.
İbn Sinanın mahiyyət və vücud haqqında düşüncələrindən çıxış edərək desəm, hər gördüyümüz nəsnə əslində onun bütün həqiqəti olmaya bilər… Ən gözəl nəsnələr elə mahiyyətində gizli qalanlar deyilmi, dostum?!
Düşünmək var…
Məsələ etmək var…
Və bütün bunları öz dərdinə çevirmək var.
Başqasının ağrısını öz ağrın kimi hiss etmək,
başqasının susqunluğunda öz səsini eşitmək,
başqasının yarasına baxanda bir anlıq öz insanlığını sorğulamaq kimi şeylər də var…
Deyilmi, dostum?
Əsənliklə qal!