Vətənin kutsallığı yetkin fərdlərdən başlayır



İşıqlı Atalı

Vətən – tarix birliyimiz, ərazi birliyimiz, xalq birliyimiz deməkdir. Vətən bizi var eləyən kutsal ünvandır. Dünyada çoxlu torpaqlar var. Ancaq niyə həmişə bizi doğulduğumuz yurd, torpaq, məskən, bütövlükdə Vətən çəkir, Vətənddən qıraqda olanda burnumuzun ucu göynəyir? Ona görə ki, Vətən – bizim üçün kutsallıq ölçüsündə vazkeçilməz olaydır. Əgər torpaq kutsallaşırsa, o, Vətən adlanır. Kutsallaşan Vətən torpağı əcdadlarımızın uyuduğu məkandır. Vətənin kutsallığı onu yaşadan insanların varlığı ilə ölçülür.

Vətəni var eləyən yetkin düşüncəli insanlardır. Uşaqlığında ulusal layla, ümid ruhunda böyüyən insan torpağı, suyu, havanı – bir sözlə, Vətənə aid olan hər şeyi fitrətən dəyərləndirir, artıq müəyyən bir yaşa çatanda Vətən təəssübkeşi olmaya bilmir. Bu ilahi duyğu bizim ulus olaraq ruhumuzda, qanımızdadır.

***

Vətənpərvərlik – Vətənin ali mənasını dərk etmək, duymaq, bilməkdir, bu duyğuyla canlı şəkildə yaşamaqdır. “İnsan dünyaya sığmır, ancaq Vətənə sığır” (İnam Ata -Asif Ata).

“Vətənə gəldim, imana gəldim” o deməkdir ki, mən özümü heç yerdə tapa bilmirdim, ancaq Vətən, yenidən səndə tapdım! Hər birimizin Vətən qarşısında əzəli, əbədi borcumuz var.

Vətənpərvərlik deyəndə bunu çağımızda – dar mənada anlayanlar da var. Vətənpərvərlik – hər bir kəsin içdən, üzvi şəkildə insanlıq borcu sayılmalıdır. Hər kəsin peşəsindən, çalışdığı sahədən asılı olmayaraq Vətən qarşısında borcunu yerinə yetirməsindən başlayır vətənpərvərlik. Müəllim şagirdinə təmənnasız olaraq, minnət ummadan ləyaqət göstərib insanlıq biliyi – torpağının tarixini, dilini, ulusal ruhunu, elmləri sevgiylə öyrədirsə, vətənpərvərlik borcunu ödəmiş olur. Həkimin xəstəsinə böyük bir insani şəfqətlə, sevgiylə yanaşması, onun dərdini özününkü bilməsi baş tutursa, vətənpərvərlik təsdiq olunur. Eləcə də siyasətçi olaylara ulusal, dövləti yöndən, ölçüdən baxırsa, Ulus, Vətən mənafeyini hər şeydən üstün tutursa, bu, vətənpərvərliyin təsdiqi olur və s.

***

Vətənpərvərlik – Vətənin ali mənasını canlı biçimdə ömürdə yaşamaqdır, doğulduğumuz məkanın – Vətənin bənzərsizliyini dərk etmək deməkdir. Bu həqiqəti dərk edəndə insan – özündənkeçməyə yetir. Vətənpərvərlik – yüksək ölçüdə təmənnasızlıq, vicdançılıq, fədakarlıqdır, bu ölçüdə yaşamaq, Yurdu, Vətəni dəyərləndirmək, kutsallaşan torpağın mənasına layiq olmaqdır. Vətənpərvərlik – mənasız duyğuları ömürdən silmək, yalnız ali insani duyğularla yaşamaq deməkdir. İnsan Vətənsiz var ola bilməz. Vətən – bizim əbədi ünvanımızdır. Dünyanın harasına belə getsək də, Vətən həmişə bizim üçün kutsal ünvan olmalıdır. Çoxlu insanlar gedib başqa ölkələrdə yaşayıblar. Ancaq görmüşəm ki, Azərbaycan üçün necə darıxırlar. O deməkdir ki, Vətən duyğusu bu və ya başqa ölçüdə hər kəsdə var. Vətənpərvərlik - insanlıq imkanıdır. Bu imkan hamıda var. Bu imkan həm də insanlıq borcudur – hər bir kəsin ödəməli olduğu.

Vətəndə qalmaq, onun bütün acı-ağrılarını bölüşmək fədakarlığına yetmək gərəkdir. Hər an Azərbaycan obrazıyla yaşamaq, nəfəs almaq gərəkdir. Hər an bu duyğuyla bir olmaq bizi vətənpərvərliyə yüksəldər, var edər. Biz var olarıqsa, Vətən də var olar, yenilməz.

Vətənin özülü – hər şeydən öncə yetkin İnsandır. Vətənpərvərliyin ali ölçüsü özündənkeçmədir, insanın fitri olaraq Vətən duyğusuna yetməsi əsas olur. İnsanın Vətən uğrunda tərəddüdsüz özünü fəda etməsi kutsallığın təsdiqi olur. Yenilməz insanlıq imkanlarımızı aşkarlamalıyıq. Ulus olaraq qarşımızda əbədi sabahlar var. Sabahlara çox böyük ümidlə getməyi bacarmalıyıq. Vətənpərvərliyə yetən – dövlətin, dövlətçiliyin yaşamasında güvənc yeri olur. İnamsız olsaq, Vətənsiz olarıq, Ulus, Dövlət olaraq bizi sevməyənləri sevindirərik.

Mütləqə İnam Dünyabaxışının yaradıcısı İNAM ATA (ASİF ATA) yazır: “Vətən – sənsən. Özündən ayrı yaşaya bilməzsən! Həyat sənə yad ola bilər, Vətən həmişə doğmadır. Çünki özünə yad ola bilməzsən! Vətəndən ayrı yaşayan – özündən ayrı yaşayır. Tək qalanda belə, Vətənləsən. Maddi mənafe qurtarır – Vətən yaranır. Torpaq Müqəddəsləşir. Tarix Müqəddəsləşir. Əcdad Müqəddəsləşir. Adət Müqəddəsləşir. Vətənə Mütləq İnam doğur – Vətən yaranır. Vətən dərdlisi olursan. Vətən qəhərlisi olursan. Vətən qeyrətlisi olursan. Vətən həyanı olursan. Vətən dayağı olursan. Vətənə gərək olduğun dərəcədə özünə gərək olursan. Hamı Vətənli olmur. Vətəndə Vətənsiz yaşayanlar var. Vətənlə bir olmurlar. Özləriylə bir olmurlar. Özgələşirlər. Özgələşən – eybəcərləşir. Şərləşir”.

***

İndi gəncliyin qayğılarından tez-tez danışılır. Bu, bütövlükdə insanlığın problemidir. Bəşərin mənəvi durumu gündən-günə çətinləşir. İntiharlar (suisidlər, qan-qadalar, hər cür vəhşilik çeşidləri) daha çox gəncliyin əhvalına etkisini göstərir, ömrünü yarıda kəsir...

Yalnız ulusal ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq, ziddiyyətli girdabından qurtula bilər. Gənclik insan həyatının ən məhsuldar, enerjili, diləkli, həm də sonsuz ümidli bir çağıdır. Bu gün sabahkı gəncliyin özülü olacaq çağdaş uşaqların tərbiyəsi qayğıya çevrilib. Çünki informasiya çağında uşaq psixologiyasını nəzarətdə saxlamaq daha da çətinləşir. İlk növbədə isə uşaqlara və gənclərə ulusal-mənəvi dəyərləri aşılamaq lazımdır. Qloballaşma (kürəsəlləşmə) bəlasının artdığı bir vaxtda ulusun, dövlətin inkişafı üçün yeni soyların tərbiyəsinin ulusal prinsiplərlə aparılması gərəklidir. Əgər ulusal dəyərlər insaniliyi ifadə edirsə, o, həm də bəşəridir. Gedişat onu göstərir ki, qarşıdakı illərdə valideynlər uşaqlarının tərbiyəsilə bağlı daha böyük problemlərlə üzləşəcəklər. Gənc nəsil əgər doğru-düzgün yönləndirilmirsə, o zaman onun başqalarına, yəni özgələrə yaraması fəlakəti baş verir. Azərbaycan gəncliyi sözün böyük mənasında ulusal özülə, bəşəri sevgiyə malik olmalıdır. 70 illik əsarət dövrünü yaşayan Azərbaycanda müstəqillikdən sonrakı dövr ulusal-mənəvi dəyərlərə qayıdış üçün imkanlar açdığı dərəcədə yad baxışların artması ilə də (Qərb dəyərlərinin soydaşlarımızın ağlına, ruhuna işləməsi, dinçiliyin artması, maddiyyatçılığın alışması və s.) müşayət olundu. Başqa tərəfdən də Şərqin, ümumən dünyanın halının qarışıqlığı, halsızlığı bu gərginliyi artırır.

Uluaal dəyər ulusun ruhundan yaranır. Ulusal dəyərlərə yiyəlik eləmək onu yaratmaq qədər çətindir. Ulusal dəyəri elə ucalıqda yaşatmağımız gərəkdir ki, onunla fədakar ömürlər yarada bilək. Belədə dəyərlərimiz ömürləşər.

***

Gənclik - dil qoruyucusu deməkdir həm də. Dilin ruhu mühitdən, şəraitdən zamandan ötədir, güclüdür. Bu, əslində ulusal ruhumuzun ölməməsi deməkdir. Sözüm gənc yazarlaradır: ulusal dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də ulusallığa qarşı çevrilir. Yazıçı ulusunun adından danışdığına, yazdığına əmin olmalıdır. Ana dilinin qorunması, inkişaf etdirilməsi ulusun, dövlətin varlığının ardıcıl təsdiqi demək olur.

Arxayınlıq – məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə fərdin örnəyində ulusun məqsədsizliyi, ulus kimi var olmaq istəməməsi, bu haqda düşünməməsidir. Məsuliyyət fərddən başlayır, ulusda təsdiqini tapır, bəşəriliyə layiq olur. Azərbaycan gəncliyi ruhən güclü olmağımız üçün daim çalışmalıdır. Ulus olaraq dərdi dərindən duymağımız, inamla, idrakla, mənəviyyatla yaşamağımız gərəkdir.

Azərbaycan gəncliyinin ardıcıl var olmasında təhsilin rolu danılmazdır. Düzgün, doğruçu təhsil insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır. Məktəb bilik verdiyi dərəcədə də insan yetişdirməyi bacarmalıdır. İnsan ömründə, yaşamında yaradıcı şəkildə gerçəkliyini tapmayan təhsil – sadəcə, mexaniki bir proses olur. Demək, bilik insanı daha çox zahirən dəyişdirir, onun insanı içəridən tam dəyişdirməyə gücü çatmır. İnsanı içəridən dəyişdirmək üçün bilikdən artıq olan gərəkdir. Toplumda yüngülməcaz, danışığını və davranışını bilməyən istənilən yaşda o qədər təhsilli, oxumuşlar var ki. Bu yaşdan sonra onları kim tərbiyə etməlidir? Sabahımızı düşünən gənclik bu qayğıları önləyə, örnək ola bilər.

İnsan ömrünün üç əsas dönəmi var: uşaqlıq, gənclik, qocalıq. Tarix boyunca demək olar, bu dönəmlərin üçünü də insanlıq mahiyyətinə uyğun yaşayan barmaqla sayılacaq insanlar olub. Çünki adamlar daha çox arzulayıblar, ancaq gerçəkdə istəklərinə yetə bilməyiblər. Çox zaman ömür adlanan çayın qabağını öz əlləriylə kəsiblər.

Ömrünü necə qurursansa, elə də yaşayırsan. İnsanlar ömrü boyu naşıcasına "nəsə yaxşı bir ömür" gözləyiblər. Çox zaman "yaxşı ömür" – "yaxşı güzəran" istəyindən başqa bir şey olmayıb əslində. Vaxt keçir, ömür sona çatır, ilğım yoxa çıxır. Uşaqlığın şirinliyi gedir, əlçatmaz romantikası itir, insan uşaqlığın gözəlliyini dadmamış gəncliyin selinə-tufanına düşür. Özül düzgün qurulmadığından gənclik dönəmi də düz yaşanmır. Ailəsizlik fəlakəti özünü açıqca göstərir. İnsanın özüylə, həyatla, dünyayla birliyi baş tutmur, yadlıq baş alıb gedir.

***

Gənclər arasında radikallığa meyllərə niyə rast gəlinir? Çağımızda informasiya savaşı tüğyan eləyir. Dünya əslində tükənmiş durumdadır, bütün biliyi, gerçəkliyi ilə qarşımızda yerə sərilib. Hər cür informasiya müqavimətsiz evimizin içinə girir, insanı ram edir – ağlını açandan ta dünyaya gözünü yumana kimi. Bu cür hallara qarşı ulusal yöndə inanc, dirəniş olmayanda radikalizm yaranır və güclənir. Radikalçılıq əsasən gəncləri çulğayır: onlar aldadılır, şövqləndirilirlər. Ulual dəyər – içimizdən yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Bu dəyərlər bizi dünyanın eybəcərliklərinə qarşı dirənişə kökləyir. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Dini meylli radikalçılıqda macəraçılıq da var: gənclər aldadılır, tora salınır, vətənlərindən didərgin düşürlər.

Bundan sonra dünyada idrakilik əsas yön olacaq. Gənclərə bunu anlatmaq gərəkdir: Sən ruhu yenilməyən, insanlıq imkanına yetə biləcək ulusun övladısan. Ona görə də özgəliklərə meyllənə bilməzsən. Ulusal mənliyini qorumalı və inkişaf etdirməlisən. Hər kəs evində - ailəsində ardıcıl olaraq balalarını, inandıqlarını insanlıq, ulusallıq üstə yaşamağa, ulusal dəyərləri qorumağa kökləyə bilsə, sabahımızı güvənli edə bilərik.


MANŞET XƏBƏRLƏRİ