Livan parlamenti ölüm hökmünün ləğv edilməsini və bu cəzanın ömürlük həbs və ağır işlə əvəzlənməsini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bununla Livan ərəb dünyasında ölüm hökmünü ləğv edən ilk ölkə olub.
128 deputatdan ibarət parlamentdə səsvermə zamanı əksəriyyət ölüm hökmünün ləğvinin lehinə çıxış edib. Hizbullahın parlament bloku isə qərara qarşı səs verib.
Livanın ədliyyə naziri Adel Nassar qərarı ölkə üçün “tarixi addım” adlandırıb.
Qərarla ölüm hökmünün əvəzinə ömürlük həbs və ağır iş cəzasının tətbiqi nəzərdə tutulur. Livanda 2004-cü ildən faktiki olaraq edam moratoriumu qüvvədə olsa da, məhkəmələr sonrakı illərdə ölüm hökmləri çıxarmağa davam edib və bu hökmlər sonradan dayandırılıb və ya ömürlük həbs cəzası ilə əvəzlənib.
Aytən Yaşar/ Turkustan.az