Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Nazirliyin məlumatına görə, qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir. Bildirilib ki, işsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər:

"Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır".

2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib. Bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6% artıb.

İyulun 1-nə qeydiyyatda olan işsizlərin 52,3%-ni qadınlar təşkil edib. Aprelin əvvəlində isə qadınların payı 51,7% olub. Beləliklə, rüb ərzində işsiz qadınların ümumi işsizlər arasında xüsusi çəkisi 0,6 faiz bəndi yüksəlib. 2026-cı il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər təşkil edib.

Onların 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Qeyd edək ki, bu gün işsizliklə bağlı qeydiyyatda olan vətəndaşların sayı kifayət qədərdir. Əgər bu gün 65 min vakansiya mövcuddursa, niyə vətəndaşlar yüksək məbləğdə maaşı olan bu işlərdə çalışmaq istəmirlər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda vakansiyaların olması həmin iş yerləri ilə bağlı kadr çatışmazlığından xəbər vermir:

“Bizdə rəsmi işsizlərin sayı vakansiyaların sayından 4 dəfə çoxdur. Məntiqlə onlar orada iş tapa bilərdilər. Ancaq mexanizm belə işləmir. Rəsmi vakansiyalar elan olunanda işaxtaranlar çox zaman həm maaşa, həm logistikaya, şəhərin hansı yerində olmasına, perspektivinə baxırlar.

Təklif olunan işlərin böyük əksəriyyəti çox aşağı maaşlıdr. Məsələn, vətəndaş Əhmədli qəsəbəsində yaşayırsa, Ələt qəsbəsində ona 400-500 manatlıq iş təklif olunursa, onun nəqliyyat pulu maaşından baha başa gəlir. Ona görə də bir çox parametrlər nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, həm işsizlərin sayı, həm də əmək bazarında iş yerlərinin, vakansiyaların qeydiyyatı ilə bağlı bəlkə də yeni online sistemin yaradılmasına ehtiyac var”.


MANŞET XƏBƏRLƏRİ