Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I Yazı

Dünyada mövcud olan millətlər, xalqlar arasında Türk xalqlarının tarix, mədəniyyət, ədəbiyyat, siyasət və digər sahələrdə böyük bir mirasının olması fəlsəfi təfəkkürdən irəli gəlmişdir. Türk fəlsəfi təfəkkürünün ifadəsi isə ilk növbədə, Türk bilgələrində öz əksinə tapan, daha sonra Türk xalqlarının ümumi dünyagörüşünə çevrilən fəlsəfədir. Başqa sözlə, Türk fəlsəfəsinin də ilk qaynağı Türk bilgələri ya da Türk filosofları (Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata, Xızır Ata, Ulu Türük Ata, Mani Ata və b.) olmuşdur. Sadəcə, qədim dövrlərdə yazıb yaratmış Türk bilgələrinin yaradıcılıqları Türk xalqlarının təfəkküründə o qədər mənimsənilmişdir ki, bir çox hallarda onların düşüncələri “Atalar sözü” ya da “xalq deyimi”, “Türkün sözü” olaraq öz əksini tapmışdır. Ona görə də, xüsusilə qədim dövrə aid Türk fəlsəfəsindən və Türk filosoflarından bəhs etmək müəyyən qədər problemli olmuşdur. Ancaq son əsrlərdə Türk xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyatı istiqamətində aparılan tədqiqatlar zamanı aşkarlanan bir çox etno-mədəni abidələr, qədim əlyazmaları və s. Türk fəlsəfəsini daha qabarıq şəkildə ortaya çıxarmaqdadır.

Türk fəlsəfi fikir tarixinin araşdırılması bir tərəfdən Türk xalqlarının zəngin mənəvi sərvətini ortaya qoymaqla yanaşı, digər tərəfdən bu günümüz və gələcəyimizin daha sağlam təməllər üzərində qurulması baxımından çox əhəmiyyətlidir. Məlum olduğu kimi, xalqların varlığı baxımından fəlsəfi düşüncə yalnız nəzəri bir istiqamət deyil, eyni zamanda təkamül çərçivəsində siyasi, ictimai və mədəni müstəvilərə təsir edən, toplumun özünü anlamasını formalaşdıran ən fundamental intellektual qüvvədir. Hər hansı xalqın etno-mədəni kimliyini dərk etməsi, tarixi yaddaşını bərpa etməsi, mənsub olduğu etno-mədəni çevrənin sərhədlərini müəyyənləşdirməsi məhz onun fəlsəfi düşüncə tarixinin keçdiyi inkişaf mərhələləri ilə sıx şəkildə bağlıdır. Başqa sözlə, hər hansı insanlar yığınağını, kütləni xalqa, topluma çevirən fəlsəfi düşüncənin olmasıdır. Fəlsəfi düşüncədən çıxış edən xalqlar tədricən ictimai şüurun maddi gücə çevrilməsinə, toplumun milli özünüdərk səviyyəsinə qalxmasına nail olmaqla nəhayət, dövlət qurmaq iradəsinin yaranmasına yol açırlar.

Bu baxımdan Türk xalqlarının fəlsəfi təfəkkür tarixi, fəlsəfi baxışları onların tarixi-mədəni inkişafı üçün müstəsna əhəmiyyət daşıyır. Türk xalqlarının yaşadığı coğrafiya minilliklər boyunca müxtəlif mədəniyyətlərin qovşağında dayansa da, lakin bütövlükdə Türk dünyagörüşünün davamlı mərkəzlərindən biri kimi özünəməxsus fəlsəfi xəttini – Türk fəlsəfi düşüncəsini qoruyub saxlamışdır. Türk fəlsəfi dünyagörüşünün mövcudluğu o deməkdir ki, Türk xalqlarını “köçəri” adlandıraraq onları yalnız “döyüşçü”, “əsgər” kimi qələmə vermək doğru olmamışdır. Belə ki, Türk xalqlarının, onun bilgə insanlarının Tanrıya baxışı, kainatı qavrama üsulu, insanı və toplumu anlama modeli, sözə və hikmətə verdiyi dəyər minillər boyunca maddi və mənəvi mədəniyyətlə çiyin-çiyinə inkişaf etmişdir.

Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosofların­dan bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfə­sində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi, Türk fəlsəfəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristianlıq, İslamlıq və bu kimi dinlərin ya da dini-fəlsəfi təlimlərin, mədə­niyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, brəhmənizmə, Çin fəlsəfi təlimi konfusiliyə, daosizmə, Yunan fəlsəfi təlimi kosmologiyaya, İran/Fars fəlsəfi təlimi mazdaizmə, zərdüştlüyə və digərlərinə Türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk fəlsəfəsinin adı çəkilmə­mişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi, fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstəril­məsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Yusif Balasaqunlu, Məhəmməd Farabi, Əbülhəsən Bəhmənyar, Əbu Reyhan Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlarda əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.

Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları ilk növbədə, əsasən Türkiyə ilə məhdudlaşdırılır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşamasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hazırda müstəqil Türk dövlətlərində və müstəqil olmayan digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür. Üstəlik, Türkiyədə “Türk fəlsəfəsi”, “Türk fəlsəfə tarixi” anlayışları yerinə əsasən “Türk təfəkkür tarixi”, “Türk düşüncə tarixi” məfhumlarına müraciət edilir. Sonuncu anlayışlara çox üstünlük verən Hilmi Ziya Ülken bunu belə izah etmişdir ki, “sistemli bir təfəkkür cərəyanı” anlamında fəlsəfəyə Türk düşüncəsində rastlanmamışdır: “Türk tarixində Qərb mütəfəkkirləri ilə müqayisə edilə biləcək orijinal böyük bir filosof yoxdur”.[1]

Bizcə, ən doğru, optimalı olanı “Türk xalqları fəlsəfəsi”, “Türk fəlsəfəsi” və “Türk filosofu”dur. Türk xalqları fəlsəfəsi tarixinin və çağdaş fəlsəfəsinin öyrənmə metodologiyası zamanı bu anlayışlara üstünlük verilməlidir. “Türk fəlsəfəsi”, “Türk xalqları fəlsəfəsi” anlayışlarından irəli gələrək fəlsəfə tarixinin və çağdaş fəlsəfənin öyrənilməsi həyata keçirilməlidir. Bu anlamda professor İbrahim Maraş haqlı olaraq yazır ki, H.Z.Ülkenin “Türk fəlsəfəsi”, “Türk Tanrıçılığı” əvəzinə uyğun olaraq “Türk təfəkkürü”, “Türk paganizmi” qavramlarını ön plana çıxarması, üstəlik Qərb filosofları ilə eyni sırada duracaq bir Türk filosofunun olmaması fikirləri doğru deyildir: “İslamdan əvvəlki Türk fəlsəfəsində Tanrının yer üzündə xəlifəsi olmaq, məzlumlara kömək etmək və yer üzündə ədaləti təmin etmək mənasına olduqca yaxın bir anlayış mövcuddur (zillu'llahi fi'l-arz: Tanrının yer üzündə kölgəsi). Bu günə qədər hökmranlıq edən Türk xaqanlarının Tanrıdan aldıqlarına inandıqları “kut (ilahi lütf, xoşbəxtlik, dövlət sahibi olmaq)” metafizik anlayışı, irsi və daimi olmadığı üçün üstün bir irq anlayışından tamamilə uzaqdır; Tanrının sifətlərinin, ədalətinin və fəzilətinin yer üzündə təzahür etməsinə imkan verən dərəcədə daimi olur. “Kut” anlayışı Türk düşüncəsinin davamlılığını təmin edən çox vacib bir anlayışdır (İslam dövründə Yunan və İslam düşüncəsinin təsiri ilə Fərabidə “Mədinətül-Fəzilə”yə çevrilmişdir). Türk düşüncəsi, “kut” anlayışı ilə; İslamdan əvvəl belə, ümmət anlayışı dövründəki kimi, demək olar ki, eyni olan etik və metafizikaya əsaslanan bir siyasi fəlsəfənin mövcud olduğu, yəni dünyada nizam/ədalət qurmaq idealının və bunun kainatın tək bir hökmdarının mövcudluğu ilə əlaqəli olduğunun anlaşılmasının mövcudluq fəlsəfəsinin mahiyyətini təşkil etdiyi başa düşülür. Bu anlayışın ən aydın əlamətləri Orxon abidəsi araşdırıldıqda aydın görünür. Bu vəziyyət bizə Ülkenin ümmət mərkəzli adlandırdığı düşüncənin yalnız bir dövrün deyil, bütün Türk düşüncə dövrlərinin əsas xüsusiyyəti olduğunu göstərir. Buna görə də, Türk düşüncəsini dövrləşdirərkən, digər dövrlər də daxil olmaqla, heç bir xarakter daşımadan ilk dövrü “İslamaqədərki dövrdə Türk Düşüncəsi/Fəlsəfəsi” adlandırmaq daha uyğun olardı”.[2] Vaxtilə Ziya Göyalp yazırdı ki, əski Türk xalqları kəlmələrlə, qavramlarla deyil, simvollarla düşündükləri üçün qədim Türk fəlsəfəsinə simvolizm adı verilməlidir. [3]

Hazırda Özbək-Türk alimi Ənvər Buronov hesab edir ki, qədim dövr Türk xalqlarına aid fəlsəfi bilikləri bütün hallarda “Türk fəlsəfəsi” adlandırmaq doğrudur. Onun fikrincə, fəlsəfə sözünün Türk dilində qarşılığı “bilik”, filosof sözünün eyniliyi isə “bilgə”dir. [4] Mahmud Kaşğarlının məşhur “Divani lüğəti-it Türk” əsərində fəlsəfə sözünün üç anlamdakı: 1) hikmət, 2) fənn, bilim, 3) əql, təfəkkür kimi izahları da “bilik” sözünün “fəlsəfə” oldğunu deməyə əsas verir.[5]

Biz də hesab edirik ki, “Türk fəlsəfəsi” anlayışı həm İslaməqədərki dövr, həm də İslam dini meydana çıxdıqdan sonrakı dövrlə bağlı istifadə edilə biləcək ən doğru istilahdır. Əlbəttə, “Türk fəlsəfəsi” daxilində bizlər çoğrafi anlamda aşağıdakıların hamısına diqqət yetirməliyik: a) Türküstanda fəlsəfə, b) Azərbaycanda fəlsəfə, c) Balkanlarda fəlsəfə, d) Türkiyədə fəlsəfə, e) Uyğurstanda fəlsəfə, f) Qaqauziyada fəlsəfə, g) Krımda fəlsəfə, h) Tatarıstanda fəlsəfə, f) Başqırdıstanda fəlsəfə və b.

[1] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.9

[2] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.21-22

[3] Gökalp Ziya. Türk medeniyeti tarihi. Istanbul, Bilgeoğuz, 2013, s.124

[4] Buronov Anvar. Turkiy xalqlar falsafası: ontologiya. “Zamonaviy dunyoda sostsiologiya va amaliy psixologiya muammoları” Xalqaro Konferensiyanın Materiallari. Toşkent, 2025, s.52

[5] Koшғaрий M. “Девону луғатит турк” Индекс-луғат. Тошкент, “Фан” нашриёти, 1967, s.69


MANŞET XƏBƏRLƏRİ