Ukraynada istefa verən nazir prezident olmağa hazırlaşırmış? – İddia


Ukraynanın müdafiə naziri vəzifəsindən ayrılan Mixail Fyodorovun gələcəkdə prezident seçkilərində namizəd olmağa hazırlaşdığı iddia edilir.

Turkustan.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vladimir Boyko öz mənbələrinə istinadən məlumat yayıb.

Boykonun sözlərinə görə, Fyodorovun vəzifədən uzaqlaşdırılmasına səbəb onun qrant təşkilatlarının fəalları ilə keçirdiyi görüş olub. İddiaya əsasən, həmin görüşdə müdafiə nazirinin gələcək prezident kampaniyası müzakirə edilib.

Jurnalist yazır ki, toplantıda "sorosçular" adlandırdığı fəalların Fyodorovun mümkün seçki kampaniyasında iştirakı, eləcə də onun "Ukraynanın yeddinci prezidenti" kimi təqdim olunması barədə fikirlər səsləndirilib.

Boyko iddia edir ki, görüşün keçirildiyi otaqda dinləmə qurğuları yerləşdirilib və səs yazısı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edildikdən sonra Fyodorovun taleyi həll olunub.

Jurnalist həmçinin Ukraynada pilotsuz uçuş aparatları istehsal edən, Zelenskiyə yaxın olduğu bildirilən FirePoint şirkəti ilə ABŞ-ın keçmiş Google rəhbəri, hazırda dron istehsalı ilə məşğul olan Erik Şmidt arasında maraq toqquşmasının yaşandığını da iddia edib.

Onun fikrincə, Erik Şmidt Ukraynanın hərbi büdcəsi hesabına maliyyələşdirilən layihələrdə FirePoint şirkətini potensial rəqib hesab edir. Boyko bu amilin bəzi media materiallarında FirePoint şirkətinə yönələn tənqidlərin səbəblərindən biri ola biləcəyini irəli sürüb.

Qeyd edək ki, Vladimir Boykonun səsləndirdiyi iddialarla bağlı rəsmi təsdiq yoxdur və Ukrayna hakimiyyəti tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ