Turan Uğur
AYB-nin üzvü
Novruz bayramı – Bayramların ən göyçəyi, bayramların ən əzizi, bayramların ülvisi, bayramların alisi.Min illərin daşlı-kəsəkli, odlu-alovlu yollarından üzüağ çıxmış bizim qutsal bayramımız.Bizim – yəni bütün türk dünyasının.Yəqin ki, sizə aydın oldu ki, ”Türk ellərində Novruz ənənəsi” mövzusu bugünkü yazımın baş qəhrəmanıdır.
Novruz bayramı türk xalqları üçün ona görə dəyərli və ona görə əzizdir ki, bu bayramın ömrü təkcə Yerlə yox, həm də Göylə bağlıdır.Onun sakrallığı ilahi bir təqdirə dayanır.Göy, asiman isə türklərin – Oğuz Xaqanın timsalında bizə doğma məkandır. Göylərin və Yerlərin salimliyi, salamatlığı naminə Novruz bayramını cani-könüldən qeyd etmək, mazimizdən bugünümüzə, bugünümüzdən istiqbalımıza ötürmək türk millətinin, azərbaycan xalqının şanına şan, şöhrətinə şöhrət qatır.
Ərz edim ki, Novruz bayramı bütün türk ellərində ehtişamlı şəkildə qutlanır, adına layiq, şanına layiq formada qeyd edilir.Doğrudur, hər türk dövləti öz təbiricə adlandırıb bu bayramı.Çılqayaq, Mart-9-u, Nevruz, Novruz, Əkin günü, Ulus günü, İl bayramı, Sultan Nevruz, Ergənəkon və.s - bu siyahını daha da uzatmaq olar.
Hər türk məmləkətində bayramın özünəxas xüsusiyyətləri gözardı edilə bilməz, əksinə bütün cizgiləri, bütün atributları ilə numayandır, aşkardır.Mətbəxindən ayinlərinə kimi hər bir sahədə bu müxtəliflik gözə çarpır.Biz “səməni halvası” hazırlayarıq, özbək türkləri isə həmin halvaya “sümələk halvası” deyərlər.Elə yurdumuzun da bəzi bölgələrində “Sümələk” adlanan bu halva axıska türklərinin də sevimli təamıdır.Tonqal qalamaq adəti isə bütün türklərin ən sevimli ritualıdır. Bütün türk ellərində tonqalın çatılması, ailəcə bir masa ətrafına yığışmaq və.s həşəmətli şəkildə icra edilir.Türk ellərində Novruzun ən qədim çağlardan keçirilməsini bizə məlumat verən çeşidli mənbələr ortadadır. ”Ergənəkon” dastanında da Novruzla bağlı bu kimi ayinlərin keçirilməsinə rast gəlirik.Göytürklərin bir parça dəmiri atəşdə qızıdırıb, baharın ilk günü ailəcə bir yerə yığılmaq kimi adətləri buna sübutdur.Bugün də Krım türkləri arasında qızdırılmış dəmiri başqa dəmirə döyəcləmək kimi ayinlərin icra edilməsi mülahizələrimi təsdiqləyir.Novruz bayramına türk ellərində Ergənəkon deyilməsi də Novruz bayramı ilə türk ulusunun bağrıbadaş olmasından qaynaqlanır.
Maalisəf, Sovet dönəmində bu bayram imperiyanın türk məmləkətlərində qadağan edildi, ölkəmizdə də 1929-cu ildə rəsmi olaraq dövlət bayramları siyahısından çıxarıldı.Hətta 30-cu illərdə evlərində səməni cücərdənləri, tonqal qalayanları həbs edərdilər.Məqsəd bir idi: xalqın mental kodunu silmək, tarixi yaddaşını sıfırlamaq.1967-ci ildə isə uzun fasilədən sonra yazıçı-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun misilsiz xidməti ilə bu bayram rəsmi şəkildə qeyd olunmağa başladı.Yəni bu millət kökünü unutmadı, uluların ərməğanına, güvənclərin əmanətinə, babaların saxlancına, dədələrin yatırına sahib çıxdı.
Şıxəli Qurbanov - el içində “Baharın oğlu” ünvanını qazanmış bu insan - yazıçı, dramaturq, ictimai xadim olmaqla yanaşı həm də millət olaraq ruhumuzun tərcümanıdır.Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ildə Bakıda doğulub.Uşaqlığından, yeniyetməliyindən mütaliəyə böyük marağı olan Şıxəli elə karyerasında yüksəlməyə də tez nail oldu.Böyüdü, qocalmadan ucaldı, gənclik illərindən ədəbiyyata könül verdi, pyesləri tamaşaya qoyuldu.Hekayələri məşhurlaşdı, ilk yardıcılıq illərində yazdığı lətif şeirləri onun şairanə ruhu, bir də kökə bağlılığı kimi ortaya çıxdı.Əsərləri satira damarından, yumor xəttindən də xali deyildi.”Əcəb işə düşdük”, “Milyonçunun dilənçi oğlu”, “Özümüz bilərik” kimi satirik pyesləri səhnə həyatını yaşadı.Bir də səhnədə yox, həqiqi həyatda ömür yaşamaq var. 38 illik qadağadan sonra belə ömür yaşamaq Novruz bayramıın halalca haqqı idi.Bu bayramın dövlət səviyyəsində keçirilməsinə çox böyük enerji və güc sərf edən Şıxəli Qurbanovun cəsur ömür hekayətini unutmaq olmaz.1967-ci ilin Novruz şölənlərini xatırlayaq, “Çayka” maşınında Qız Qalasını dövrə vuran qədirbilən camaatımızı unutmayaq!
Ruhu şad olsun Şıxəli kişinin, bizə bu ərməğanı bağışladığı üçün.Son günlərində öləcəyini hiss edən Şıxəli Qurbanov “Sənsiz” pyesinin ictimai baxışı zamanı bunları demişdi: “Sənsiz” ə baxarsız mənsiz.
Baharın oğlu, əsla sənsiz deyilik.Bu əzəl, gözəl Novruz bayramı var olduqca nə səssiz olacağıq, nə də sənsiz.
Bu bayramın qorunub bugünə çatmasında əməyi olmuş folklorşünaslarımızı, etnoqraflarımızı, mifoloqlarımızı da anmağa böyük ehtiyac duyuram.Onların ismi-əzəm adlarını çəkməsək suç olar.Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Bəhlul Abdulla, Qəmərşah Cavadov, Eybalı Mehrəliyev, Azad Nəbiyev, Məhərrəm Qasımlı, Ramiz Əsgər, Füzuli Bayat, Seyfəddin Rzasoy, Asəf Orucov və başqalarının adlarını sayğı ilə anıram.Dünyasını dəyişmişlərə rəhmət, qalanlara sağlıq diləyərkən, sonda Əhməd Cavadın Bahar ətirli misraları ilə bu yazıma şərəf verməyə, əziz yurddaşlarıma
“Baharınız və bayramınız mübarək!” - deməyə çalışacağam.
Aydın olsun gözləriniz,
Gəldi bahar gülə-gülə!
Gedər qışdan qalmaz bir iz,
Gəldi bahar gülə-gülə!
Çıxsın kəfəndən təbiət,
Yaz yağışı böyük nemət.
Qoy olsun yer üzü cənnət,
Gəldi bahar gülə-gülə!
Çal qış! Buyur, uğur olsun,
Qır saçım cinlər yolsun!
Gəl, ay Durna, gəl, ay Dursun;
Gəldi bahar gülə-gülə!
Yaman günün ömrü azdır!
Mövsimlərin gülü yazdır,
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!(Əhməd Cavad)