ABŞ və İran arasında gərginlik yenidən artıb. Yayılmış məlumatlara görə, atəşkəsin pozulmasından sonra bölgədə hərbi aktivlik müşahidə olunub.
İddialar ABŞ-ın İrana qarşı əməliyyatlara başladığını, İranın isə hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını (dronları) zərərsizləşdirdiyini göstərir.
Məlumatlarda həmçinin ABŞ prezidenti Donald Trampın əvvəlcədən İrana xəbərdarlıq etdiyi, razılaşma əldə olunmadığı təqdirdə hərbi addımların atılacağını bildirdiyi qeyd olunur. İran tərəfi isə hava hücumundan müdafiə sistemlərinin aktiv şəkildə işlədiyini və bir neçə dronun vurulduğunu açıqlayıb.
Bölgədə vəziyyətin daha da gərginləşdiyi bir vaxtda ABŞ–İran münasibətlərinin yeni mərhələyə keçib-keçmədiyi və qarşıdurmanın genişlənmə ehtimalı müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı politoloq Aydın Tağıyev vəziyyəti Turkustan.az-a şərh edib.

Aydın Tağıyev
Bu münaqişə ilk başdan çox dərin ziddiyət təşkil edirdi. Hesab edirəm Pakistan vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs onsuz da kövrək idi. Son hadisələr bu anlaşmanı faktiki olaraq iflasa sürükləyir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmozqan vilayətində raket buraxılış məntəqələrinə və mina yerləşdirməyə çalışan İran gəmilərinə “özünümüdafiə zərbələri” endirdiyini açıqlamasına baxmayaraq ABŞ bu addımı öz qüvvələrini qorumaq üçün atdığını bildirir.
İran Xarici İşlər Nazirliyi bu zərbələri “kobud atəşkəs pozuntusu” adlandıraraq ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham edir. Nəticədə İran rəsmiləri ABŞ-ı bütün nəticələrə görə məsuliyyət daşımaqla hədələyib.
Fikrimcə hazırkı vəziyyət müharibənin yenidən alovlanması ehtimalını artıra bilər. İran artıq ABŞ təyyarələrinə atəş açdığını bəyan edib, ABŞ isə öz zərbələrini “məhdud və özünümüdafiə xarakterli” adlandırır. Sonda onu deyə bilrərm mövcud vəziyyət göstərir ki, ABŞ və İran arasında münasibətlər daha kritik mərhələyə keçib.
Atəşkəsin pozulması tərəflərin bir-birinə etimadını tamamilə sarsıdır və diplomatik danışıqların uğur şansını azaldır. Bununla belə, hər iki tərəf hələlik tammiqyaslı müharibəyə başlamaqdan çəkinir, çünki bu, regionda və dünyada enerji böhranını daha da dərinləşdirə bilər. Əgər diplomatik kanallar tam bağlanarsa, münaqişənin yenidən genişmiqyaslı müharibəyə çevrilməsi real təhlükədir.
Aytən Yaşar/ Turkustan.az