Ermənistanda 2026-cı il parlament seçkiləri öncəsi keçirilən yeni ictimai rəy sorğusu ölkədə siyasi mənzərənin dəyişməyə başladığını göstərir.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, EVN Report və Armenian Election Study (ArmES) tərəfindən həyata keçirilən seçici davranışı araşdırmasının üçüncü mərhələsinin nəticələri açıqlanıb.
Sorğu nəticələrinə əsasən, Ermənistanın Baş naziri Nikol Pashinyanın fəaliyyətinə dəstək artmaqda davam edir. Baş nazirin fəaliyyətini dəstəkləyənlərin sayı ilk sorğuda 36% olduğu halda, ikinci mərhələdə 47,2%-ə, son nəticələrdə isə 49%-ə yüksəlib. Eyni zamanda onun fəaliyyətindən narazı olanların sayı da azalıb. Bu göstərici ilk sorğuda 45%, ikinci mərhələdə 35,8%, hazırkı sorğuda isə 33,7% təşkil edib.
Sorğu Ermənistan cəmiyyətində ölkənin gələcək istiqaməti ilə bağlı baxışların da dəyişdiyini göstərir. Respondentlərin 44%-i Ermənistanın düzgün istiqamətdə inkişaf etdiyini düşünür. Bu göstərici əvvəlki mərhələlərlə müqayisədə artım nümayiş etdirir. Hazırda ölkənin yanlış istiqamətdə getdiyini düşünənlərin payı 30,9%-dir.
Araşdırmaya görə, hakim “Mülki Müqavilə” Partiyası seçki yarışında əsas rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır. Bununla belə, partiya hələlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan səs çoxluğunu təmin edə bilmir.
Sorğuda iştirak edənlərin səsvermə niyyətinə əsasən:
-"Mülki Müqavilə” Partiyası — 32,5%;
-“Güclü Ermənistan” Partiyası — 10,1%;
-“Ermənistan Alyansı” — 4,4%;
-“Çiçəklənən Ermənistan” Partiyası — 3,4% dəstəyə malikdir.
Sorğunun ən diqqətçəkən məqamlarından biri qərarsız seçicilərin yüksək payıdır. Hazırda elektoratın 39,5%-i hansı siyasi qüvvəyə səs verəcəyinə qərar verməyib. Araşdırma müəllifləri hesab edirlər ki, məhz bu seçici qrupu 2026-cı il parlament seçkilərinin yekun nəticəsinə ciddi təsir göstərəcək.
İqtisadi göstəricilər və təhlükəsizlik məsələləri ilə bağlı ictimai rəyin də müsbət istiqamətdə dəyişdiyi qeyd olunur. Respondentlərin 41,7%-i Ermənistan iqtisadiyyatının ötən illə müqayisədə yaxşılaşdığını bildirib. Bundan əlavə, 53,8% ölkənin təhlükəsizlik vəziyyətinin son bir ildə yaxşılaşdığını düşünür.
Sorğu həmçinin Paşinyan hökumətinin İran ətrafında yaranmış regional gərginliklə bağlı siyasətinə münasibəti də ölçüb. Respondentlərin 42,8%-i hökumətin bu məsələdə tutduğu mövqeyi dəstəklədiyini bildirib.
Araşdırma 1 aprel – 2 may 2026-cı il tarixləri arasında telefon sorğusu əsasında keçirilib. Sorğuda 925 nəfər iştirak edib, xəta payı isə 3% təşkil edir.