Son illərdə qlobal əmək bazarında trendlər sürətlə dəyişir və bir çox inkişaf etmiş ölkə işçilərin rifahını, eləcə də məhsuldarlığı artırmaq məqsədilə iş saatlarının azaldılması, xüsusən də 6 saatlıq iş günü modeli üzərində ciddi sınaqlar keçirir. Rəqəmsallaşma və yeni texnologiyaların istehsalat proseslərinə sürətli inteqrasiyası ənənəvi 8 saatlıq iş rejiminin effektivliyini getdikcə daha çox sual altında qoyur. Lakin bu cür qabaqcıl modellərin hər bir ölkənin daxili dinamikasına, qanunvericilik bazasına və iqtisadi strukturuna uyğunlaşdırılması fərqli yanaşma tələb edir.
Azərbaycanın mövcud iqtisadi strukturu, Əmək Məcəlləsi və işəgötürənlərin korporativ təfəkkürü fonunda bu modelin yerli əmək bazarına inteqrasiyası nə dərəcədə realdır?
Mövzuyla bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, dünyada bu model hələ ki, yalnız eksperiment səviyyəsində tətbiq olunur. Bizim reallıq üçün isə bu, hələlik real müzakirə mövzusu deyil:
"Bəzi qlobal biznes sahələri öz məsrəflərini azaltmaq məqsədilə iş vaxtını və iş günlərini qısaldırlar. Çünki istehsalata yeni texnologiyalar tətbiq edirlər və nəticədə, daha az vaxt sərf etməklə daha çox məhsuldarlıq əldə edir, daha çox xidmət göstərirlər. Belə olan halda iş vaxtının və ya iş gününün qısaldılması şirkətə fayda gətirir. Eyni zamanda bu, işçilər üçün də xeyirlidir; onlar daha az işləyir, lakin eyni əməkhaqqını alırlar".
Sahib Məmmədov: Dövlət sektorunda belə bir modelin tətbiqi qeyri-mümkündür
Müsahibimizin sözlərinə görə, Azərbaycanda bu məsələ hələ aktual deyil və geniş müzakirə olunmayıb. Onun fikrincə, əslində, özəl sektorda və biznes sahələrində bunu tətbiq etmək üçün qanunvericiliyə hansısa dəyişiklik edilməsinə ehtiyac yoxdur. Hansısa sahibkar bunu etmək istəsə, sərbəst şəkildə qərar verə bilər:
"Bəlkə də hazırda kimlərsə bunu tətbiq edir; işçilərini daha az vaxtla işlədir və ya məsafədən iş, yaxud digər çevik iş qrafikləri müəyyən edir. İşəgötürənlər qanunvericiliyi dəyişmədən də bu addımları ata bilərlər. Lakin dövlət sektorunda belə bir modelin tətbiqi qeyri-mümkündür".