
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I Yazı
Xalqların varlığı baxımından fəlsəfi düşüncə yalnız nəzəri bir istiqamət deyil; zamanla siyasi, ictimai və mədəni müstəvilərə sirayət edən, toplumun özünü anlamasını formalaşdıran ən fundamental intellektual qüvvədir. Bir xalqın kimliyini dərk etməsi, tarixi yaddaşını bərpa etməsi və mənsub olduğu mədəni çevrənin sərhədlərini müəyyənləşdirməsi məhz onun düşüncə tarixinin keçdiyi inkişaf mərhələləri ilə sıx bağlıdır. Fəlsəfi düşüncə tədricən ictimai şüurun maddi gücə çevrilməsinə, toplumun milli özünüdərk səviyyəsinə qalxmasına və nəhayət, dövlət qurmaq iradəsinin yaranmasına yol açır.
Bu baxımdan Türk düşüncə tarixi, Türk xalqlarının tarixi-mədəni inkişafı üçün müstəsna əhəmiyyət daşıyır. Çünki bu coğrafiya minilliklər boyunca müxtəlif mədəniyyətlərin qovşağında dayanmış, lakin bütövlükdə Türk dünyagörüşünün davamlı mərkəzlərindən biri kimi özünəməxsus fəlsəfi xəttini qoruyub saxlamışdır. Burada yalnız siyasi hadisələr deyil, Türkün Tanrıya baxışı, kainatı qavrama üsulu, insanı və toplumu anlama modeli, sözə və hikmətə verdiyi dəyər minillər boyunca maddi və mənəvi mədəniyyətlə çiyin-çiyinə inkişaf etmişdir.
Bu məqaləninin yazılmasında məqsədimiz Türk xalqları fəlsəfi fikrinin İslamaqədərki mərhələlərini ardıcıllıqla, elmi obyektivlik prinsiplərinə əsaslanaraq və milli intellektual yaddaşa söykənən metodlarla yenidən canlandırmaqdır. Müasir akademik mühitimizin əsas çatışmazlıqlarından biri ondadır ki, xalqımızın fəlsəfi mirası çox zaman ya ümumi regional çərçivələrə salınır, ya da xarici nəzəri modellərin kölgəsində dəyərləndirilir. Halbuki Türk düşüncəsi özünəməxsus xətti olan müstəqil bir bütövdür və bu bütövlük Tanrıçılıqla, Oğuz mədəni fəlsəfəsi, Qorqud hikməti, Mağlar təlimi və başqaları ilə birlikdə öyrənildikdə aydın görünür.
Əsərin əsas istiqaməti də elə bu səbəbdən təsadüfi seçilməyib. Oğuz Ata – Tanrıçılıq təlimi, Türk varlığının ilkin fəlsəfi dünyasını, Tanrı–insan münasibətlərinin ən arxaik modelini və kainatın quruluşu haqqında mifoloji-fəlsəfi təsəvvürləri əks etdirir. Qorqud Ata – Qorqudçuluq təlimi, bu qədim Tanrıçı dünyagörüşün İslamla qarşılaşdığı həssas mərhələni, Türk insanının dəyişən tarixi şəraitlərə uyğunlaşma bacarığını və mahiyyəti qoruma iradəsini özündə birləşdirir. Qam Ata və Maqların təlimi isə Türk-Turan mədəniyyətinin ən dərin, çox vaxt kölgədə qalmış, lakin mənəvi-fəlsəfi sistemimizin əsasını təşkil edən arxaik düşüncə qatını ifadə edir. Bu istiqamətlər birlikdə Türk fəlsəfi tarixinin özəyini formalaşdırır.
Burada ən önəmli olan odur ki, fəlsəfəyə yalnız akademik təlim kimi yanaşmırıq; fəlsəfi düşüncə ilə xalqın varoluş mücadiləsi arasındakı dərin bağları göstərməyə çalışırıq. Türkün Tanrı anlayışı yalnız dini-mifoloji təsəvvür deyil, onun dövlət quruculuğu fəlsəfəsinin təməlidir. Qorqudun sözü yalnız epik irs deyil, Türkün əxlaq və sosial nizamının rəmzidir. Qamların təlimi yalnız ayinlər sistemi deyil, insan–təbiət əlaqəsinin ən qədim fəlsəfi izahıdır. Bütün bunlar Türk xalqlarının minilliklər boyunca necə bir dünyagörüş formalaşdırdığını və bu dünyagörüşün necə dövlətçilik iradəsinə çevrildiyini göstərir.
Bu əsəri oxuyan hər kəs görəcək ki, Türk fəlsəfi fikri nə xarici təsirlərin kənar əlavəsidir, nə də ayrı-ayrı dövrlərin təsadüfi məhsulu. O, öz dinamikası, öz araşdırma metodları və öz mədəni-fəlsəfi sistemi olan müstəqil bir intellektual sahədir. Bu sahəni dərk etdikcə həm özümüzü daha yaxşı tanıyacaq, həm də gələcək nəsillərə daha möhkəm mənəvi təməl miras qoyacağıq.
Ümid edirik ki, bu kitab Türk-Turan fəlsəfi xəttinin dünya müstəvisindəki yerini daha aydın şəkildə göstərəcək, Türk xalqlarının mədəni özünüdərk prosesinə töhfə verəcək və yeni araşdırmalar üçün stimul yaradacaq.
Burada qədim dövrdən bizim eranın 7-ci əsrinə qədər (İslamaqədərki) Türk fəlsəfi fikir tarixindən bəhs olunur. Burada Türk xalqlarının fəlsəfi təlimləri (Tanrıçılıq, Türkçülük, Qorqudçuluq, Qamlıq, Mağların təlimi və b.) və müdrikləri (Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata və b.) tədqiqata cəlb olunmuşdur.
Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosofların¬dan bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfə¬sində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi, Türk fəlsəfəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristianlıq, İslamlıq və bu kimi dinlərin ya da dini-fəlsəfi təlimlərin, mədə¬niyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə Türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk fəlsəfəsinin adı çəkilmə¬mişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi, fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstəril¬məsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlarda əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.
Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları ilk növbədə və əsasən Türkiyə ilə məhdudlaşdırılır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşmasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hazırda müstəqil Türk dövlətlərində və müstəqil olmayan digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür.
Ona görə də birincisi, dəqiqləşdirilməlidir: Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi, Türk filosofu ya da Azərbaycan filosofu, Qazax filosofu, Türkmən filosofu və s. Bizcə, ən doğru, optimalı olanı Türk fəlsəfəsi və Türk filosofudur. İkincisi, Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi ilə bağlı “Türk fəlsəfə tarixi”nə aid ortaq və ayrı-ayrılıqda nəşr olunmuş əsərlərin mövcudluğu məsələsi dəqiqləşməlidir. Üçüncüsü, Türk xalqlarının təhsil sistemində (bakalavratura, magistratura, doktorantura) Türk fəlsəfəsinin, Türk fəlsəfə tarixinin tədrisi məsələsi və real vəziyyəti əsas məsələlərdən biridir. Dördüncüsü, “Türk xalqları dini-fəlsəfi təlimləri: tarix və çağdaşlıq” məsələsinə aydınlıq gətirilməlidir: a) tarixdə Türk xalqları fəlsəfi təlimləri: tanrıçılıq təlimi, şamanizm və b. b) hazırda Türk fəlsəfi təlimləri: milli həmrəylik və b. Beşincisi, “Türk xalqları fəlsəfə cəmiyyəti”nin yaradılması zərurəti vardır: a) Türk xalqları fəlsəfə cəmiyyəti (ümumi-mərkəzi), b) Türk dünyasına daxil olan hər bir xalqın özünə aid fəlsəfi cəmiyyətlər və onların inteqrasiyası. Altıncısı, Türk xalqları filosoflarının irsinin ortaq şəkildə araşdırılması, öyrənilməsidir. Yeddincisi, Türk xalqları fəlsəfə müntəxabatının bütün Türk dillərində ərsəyə gətirilməsi, ən azı vizual şəkildə “Türk xalqları fəlsəfəsi Kitabxanası” yaradılmasıdır. Səkkizincisi, Türk əlifbası və Türk dili məsələsi ilə bağlı gəlinən son nəticələr və bunun Türk fəlsəfəsinə, Türk fəlsəfə tarixinə təsiri tədqiqat obyektidir. Doqquzuncusu, Türk xalqları fəlsəfə tarixinin və çağdaş fəlsəfəsinin öyrənmə metodologiyasını dəqiqləşdirmək lazımdır. “Türk fəlsəfəsi” anlayışından irəli gələrək fəlsəfə tarixinin və çağdaş fəlsəfənin öyrənilməsi hansı üsulla həyata keçirilməlidir, bu məsələdə aydınlıq olmalıdır. Məsələn, “Azərbaycan fəlsəfəsi” və “Türk fəlsəfəsi” dedikdə, burada bənzərliklər və fərqliliklər nədir, əgər fərqliliklər ciddi şəkildə varsa, burada uzlaşdırma necə əldə etməyin yolları araşdırılmalıdır: a) Türküstanda fəlsəfə, b) Azərbaycanda fəlsəfə, c) Balkanlarda fəlsəfə, d)Türkiyədə fəlsəfə, e) Uyğurstanda fəlsəfə, f) Qaqauziyada fəlsəfə, g)Krımda fəlsəfə, h)Tatarıstanda fəlsəfə, f) Başqurdstanda fəlsəfə və b.
Bu anlamda günümüzdə ən aktual məsələlərdən biri Türk xalqları fəlsəfəsinin, Türk düşüncəsinin əsaslarının araşdırılması, sistemləşdirilməsi və tətbiqidir. Hər halda tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Ancaq bizlər Türk xalqları olaraq Türk kültürü, Türk sivilizasiyası kimi Türk fəlsəfəsini sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqaları belə etmişlər. Hesab edirik ki, Türk xalqlarının fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini “Qərb”in, Tanrıçılıq fəlsəfəsini isə “Şərq”in inhisarından çıxartmağın zamanıdır. Çünki Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberalizm, demokratizm, praqmatizm, marksizm adlı təlimlərlə dünyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfəətçiliyə sürükləmişdir.