“Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayzadan şok


“Mənim fikrimcə və ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri kimi hesab edirəm ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycan və Ermənistan münasibətlərini normallaşdırdığı və məhz bu gün Prezident İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin əlamətdar Zirvə görüşündə videobağlantı formatında iştirak etdiyi, onun burada keçirilməsini dəstəklədiyi və hazırki Baş nazir Nikol Paşinyanın gələcəkdə Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəklədiyi bir vaxtda heç bir faydaya malik deyil”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin daim dediyi kimi, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayırlar:

“Əgər Avropa Parlamenti bu cür təxribatçı və birtərəfli bəyanat verirsə, bu, ölkələrin sülh yolu ilə daha da irəliləməsinin yalnız əleyhinə işləyir. Ümid edirəm ki, Azərbaycan və Ermənistan liderləri ötən ilin avqustun 8-də Ağ Evdə Prezident Donald Trampla görüşərkən xarici işlər nazirləri tərəfindən paraflanmış sülh müqaviləsini imzalaya biləcəklər”.

M. Brayza Azərbaycana qarşı ittihamların ədalətsiz və yanlış olduğunu deyib:

“Qətnamədə iddia olunur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan etnik erməniləri Xankəndi və başqa yerləri tərk etməyə məcbur edib və beləliklə, bir növ etnik təmizləmə həyata keçirib və Azərbaycan bu etnik ermənilərin Qarabağa qayıtmasına icazə verməyə məcbur edilməlidir. Amma 2001-ci ildən, Qarabağ münaqişəsi üzərində işlədiyim çoxillik təcrübədən bilirəm, Azərbaycanın mövqeyi belə idi ki, erməni icması Qarabağda qalacaq və Azərbaycan icmasının keçmiş üzvləri evlərinə qayıdacaq, azərbaycanlılar və ermənilər yenidən Qarabağda qonşu kimi yaşayacaqlar. Buna görə də Azərbaycanın etnik erməniləri Qarabağdan sıxışdırdığını iddia etmək ədalətsizdir. 2023-cü ilin sentyabr ayında Azərbaycan separatçı etnik erməni rejimini dağıtdıqda və Prezident İlham Əliyev, Baş nazir Paşinyan və Prezident Putinin 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatına zidd olaraq Azərbaycan ərazisində qalan erməni əsgərlərini qovduqda onlar qorxduqları üçün qaçdılar ki, bu da aydındır”.

M. Brayza, həmçinin, qeyd edib ki, Ruben Vardanyan kimi həmin rejimin keçmiş üzvləri qanunsuz hərəkət etdikləri və 2020-ci ilin noyabr ayında Baş nazir Paşinyanın da imzaladığı atəşkəs bəyanatına zidd olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozduqları üçün Azərbaycan tərəfindən həbs ediliblər:

“Yəni onlar siyasi məhbus kimi deyil, cinayət əməlləri törətdiklərinə görə saxlanılırlar. Beləliklə, Avropa Parlamentinin bu cür birtərəfli bəyanatı, dediyim kimi, qeyri-konstruktiv və faydasızdır, yalnız sülh istəməyənlərin maraqlarına xidmət edir”.


MANŞET XƏBƏRLƏRİ