Ata-Ocaq ilsırası ilə Közərti (iyun) ayının 5-i Mütləqə İnam Dünyabaxışının Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) ölümündən 29 il ötür (1935-1997).
Oxuculara Atanın Türk ruhunu, Türk İnsançılığını ifadə edən fikirlərini sunuram.
Sayğıyla: İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
DÜNYAYA GƏRƏK OLAN TÜRKÇÜLÜYÜMÜZ
Ürəyinizdə Günəş olsun!
Mənəvi Turançılıq İdeyası, Türkçülüyün Bərpası, Yeni Türkçülərin İdrak, Mənəviyyat və İradə Əməli gərəkdir Dünyaya.
Ruhsuzlaşan Həyata Türk Ruhu gərəkdir. Minsifətliyə qarşı Birsifətlik, Hərcayiliyə qarşı Müqəddəslik, İnamsızlığa qarşı İnam,
Tərəddüdə qarşı Qətiyyət!
Türkçülüyün Zərdüştçülük kimi Təməli var.
Od İşığı Hikməti, Zülmətlə Döyüş Əzmi, möhtəşəm Hürmüzdlük - Təmiz Fikir, Təmiz Duyğu, Təmiz Əməl Tələbi var.
Zərdüştün Allahı İnsan üçün Döyüşən Allahdır; - İnsanı Bəndələşdirmir - Xilas edir; Messiyaların Birincisidir, Peyğəmbərliyin Təməlidir. Zərdüştçülükdə Od - İşıq Rəmzidir; Zərdüştçülük əslində İşıqçılıqdır.
Yanmasan İşıqlanmazsan -İşıqlandırmazsan.
Od qorumaq burada rəmzi məna kəsb edir; - Daxili İşığı Qorumaq, Daxildəki Qaranlığı yandırıb kül eləmək.
Dünyanı Əhriməndən - Şərdən təmizlmək.
Türkçülüyün Babəkilik kimi Təməli var.
Özünəməxsusluq, Yenilməzlik, Azadıq Fərəhi – Xürrəmi.
Daxildə Şirvin gəzdirmək Qüdrəti.
Babəkin Allahı İnsanın Ağası deyildi - Daxili Gücüydü - Ağlıydı, Mənəviyyatıydı, İradəsiydi; - Onu İnsandan xaricdə axtarmaq lazım deyildi, o, İnsanın Özündəydi.
Türkçülüyün Dədə Qorqud kimi Təməli var – Ağsaqqallıq Ülviyyəti - Dayaqlığı, Ucalığı, Harayçılığı, Həyanlığı.
Türkçülüyün Hürufilik kimi Təməli var - İnsançılıq İlahilyi, Vəcd Zənginliyi, Cismanilik Ruhaniliyi.
Türkçülüyün Füzulilik kimi Təməli var; Eşqin İnam səviyyəsi - Aşiq Möminliyi, sevgili Allahlığı; Füzulidə Allaha aid edilən keyfiyyətlər, atributlar Sevgiliyə aid edilir;
Cəfakeşliik Fərəhi, Fədakarlıq Müdrikliyi vəsf olunur.
Türkçülüyün Muğam kimi Təməli var.
İnsanın Pillə-Pillə, Hal-Hal Kamiliyə Yüksəlməsi - Mütləqiliyə Yetməsi.
Türkçülüyün Saz kimi Təməli var.
Möhtəşəmliklə Zərifliyin Birliyi - həm qılınc şaqqıltısı, həm də ləlimək.
Türk ata minəndə Koroğlulaşırdı, atdan düşəndə Füzuliləşirdi.
İndi Türkçülüyün Azərbaycanda Ruhaniyyat Ocağı qalanıb.
Mütləqə İnam - Türk İnamıdır.
Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
Həyatın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
Dünyanın Özündən - öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
Həyatın Özündən - öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
İnsanın Özündən - öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
MÜTLƏQ İNAMA ƏSASLANAN NİKBİNLİK:
Mütləq Mahiyyətə malik olan Dünya – Dağılmaz, məhv olmaz; daim yaşar.
Mütləq Mahiyyətə malik olan Həyat – Dağılmaz, məhv olmaz; daim yaşar.
Mütləq Mahiyyətə malik olan İnsanlıq – Dağılmaz, məhv olmaz; daim yaşar.
MÜTLƏQİLİYƏ ƏSASLANAN HƏQİQƏT ÖLÇÜSÜ.
Yalnız Mütləq olan Həqiqidir. Nisbi nə varsa - Qeyri-Həqiqidir.
Nisbi Xeyir – əslində Şərdir. Nisbi Ədalət – əslində Ədalətsizlikdir. Nisbi Həqiqət – əslindəYalandır.
Nisbi Dostluq – əslində Yağılıqdır. Nisbi Məhəbbət – əslində Nifrətdir.
Nisbi Qeyrət – əslində Qeyrətsizlikdir.
İNSANIN KAMİLLƏŞMƏ QÜDRƏTİNƏ İNAM.
İnsan – özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstün olan, Mütləqə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır.
O, Kamiliyə çata bilər, çatmalıdır. Bu, onun əsas məqsədidir.
İnsanı İnsan eləyən 4 keyfiyyətdir: İnam. İdrak. Mənəviyyat. İradə.
Ruh bu keyfiyyətlərin Birliyidir.
VİCDANÇILIQ, TƏMƏNNASIZLIQ, FƏDAKARIQ.
Vicdan - İnsanın Özünə Hakim olması- Zahiri Hakimliyin rədd edilməsi, Daxili Hakimliyin Mütləq Təsdiqidir. Təmənnasızlıq - Münasibət Ləyaqətidir. Fədakarlıq - Təmənasız Xeyirdir. Xeyirin Xeyirdən başqa Mükafatı yoxdur. İradə - İnsanın Zamandan Üstünlüyünün təsdiqidir.
Adam – İnsanlaşmalıdır. Bəşər- İnama Yetməlidir. İdraka Yetməlidir. Mənəviyyata Yetməlidir. İradəyə Yetməlidir.
Şərq – özünə qayıtmalıdır, Təqlidçilikdən qurtarmalıdır. Türk Ruhu - Ruhsuzluq Qaranlığını Yarmalıdır.
TÜRKÇÜLÜK – İNAMÇILIQ DEMƏKDİR.
Türk - Fitri İnamçıdır, onun qədim İnamı Dindən çox Panteizmə, yəni Təbiətin İlahiləşdirilməsinə daha yaxındır. Qədim Türk Göyü Allah sayırdı, Yeri Allah sayırdı, Ağacı, Dağı, Çayı Allah sayırdı. Türk Allahın Ağalığını qəbul etməzdi, bu, onun Vüqarına, Təpərinə uyğun gəlməzdi. Yerə-göyə meydan oxuyan Türk bəndəliyi Vüqarına sığışdırmazdı. Türk - Fitri Mərddir, Birsifətlidir, Bir Yolludur. O, Düşmənlə üz-üzə döyüşər, arxadan vurmaz. Türk – Mahiyyətcə Koroğludur, ölümlə öcəşəndir, ancaq öldürməkdən həzz alan deyil.
Türk - Fitri Ailəçidir, Qadınlığı Ucaldan, Yüksəldəndir.
Dünyanı Əyrilik Əyib, onu Düzgünlük Düzəldəcək. Bizim Əzəli Özümlüyümüz –Türklüyümüz - Dünyaya gərəkdir.
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
9 Mürad günü, Günəş ayı, 18-ci il, Bakı (mart, 1996-cı il).
***
İNAM ATA (ASİF ATA)
ZAHİRİ-DAXİLİ
Həyatda zahiri daxiliyə bərabər olmur, zahiriylə daxili arasında ziddiyyət yaranır, onların hər ikisinə həyat qoynunda yer verir.
Həyatın daxili mahiyyəti ruhanidir, zahiri təzahürü cismanidir, cismani ruhaniliyə bərabər deyil, o, ruhaninin nişanələrini, ayrı-ayrı keyfiyyətlərini, xassələrini ifadə edir, bütöv mənasını ifadə etmir. Cismanilikdə ruhanilik aşkara çıxırsa da, öz tam təzahürünü tapmır, cismanilik ruhaniliyə çata bilmir.
Həyatın daxili mahiyyəti mütləqdir, ancaq o, nisbi şəkildə zahirə çıxır, nisbi Mütləqin tam ifadəsi ola bilmir, Mütləqə çatmır.
Həyatın daxili mahiyyəti sonsuzdur, ancaq o, keçici şəkildə zahirə çıxır, sonsuzun tam ifadəsi ola bilmir, sonsuza çatmır.
Həyatın daxili mahiyyəti əbədidir, ancaq o, ölümlü şəkildə zahirə çıxır, əbədinin tam ifadəsi ola bilmir, əbədiyə çatmır.
Həyatın daxili mahiyyəti kamildir, ancaq o, qeyri-kamil şəkildə zahirə çıxır, kamilin tam ifadəsi ola bilmir, kamilə çatmır.
Bu səbəbdən də həyatı gözlə görmək olmaz, idrakla görmək olar.
Gerçəklikdə zahiri gözəllik – qəşənglik – daxili gözəlliyə – mənəvi, idraki, əməli gözəlliyə bərabər olmur, onların arasında ziddiyyət yaranır, zahiri qəşənglik daxili eybəcərliyi gizlədə bilir.
Göz zahiri qəşəngliyi görür və qiymətləndirir, idrak və mənəviyyat daxili gözəlliyi görür və qiymətləndirir.
Həyat gözəlliklə qəşəngliyin vəhdətinə meyil edir, fəqət bu vəhdətə nail olmur, çünki qəşənglik daxili gözəlliyi tam ifadə edə bilmir. Yalnız Ali Həyatda qəşəngliklə gözəlliyin vəhdəti yaranır. Digər tərəfdən, zahiri qəşənglikdən məhrum olan daxili gözəllik həyatda lazımınca qiymətləndirilmir, zahiri əlamət daxili mahiyyəti kölgədə qoyur. Gerçəklik çirkin cismani ifadənin arxasında dayanan gözəl ruhani mahiyyəti çox çətin qavrayır və təsdiq edir.
Bu baxımdan gerçəklik daxili mənaya qarşı naşılıq göstərir.
Həyatda zahirə çıxan xeyirli, həyatın daxili mahiyyətində yaşayan xeyirə bərabər olmur, onun natam, naqis, keçici, qeyri-kamil ifadəsi olur, digər tərəfdən, xeyirli görünən, şərin təzahürü kimi də çıxış edə bilər.
Təzahür mahiyyətə bərabər olmadığı kimi, ona zidd də ola bilər, çünki əlamətdə, biçimdə aldanış, xülya, yalan da gizlənə bilər.
Buna görə də hər xeyirli xeyirə bərabər deyil, həm də hər xeyirli şərdən uzaq deyil.
Həyatda zahirə çıxan saflıq saflığın Daxili mahiyyətinə bərabər deyil, onun natam, naqis, keçici, qeyri-kamil ifadəsidir, digər tərəfdən onda günah da gizlənə bilər.
Həyatda zahirə çıxan ülvilik Ülviyyət adlanan Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda bəsitlik gizlənə bilər.
Həyatda zahirə çıxan müqəddəslik həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda hərcayilik gizlənə bilər.
Həyatda zahirə çıxan həqiqət həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda yalan gizlənə bilər.
Həyatda zahirə çıxan müdriklik həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda naşılıq gizlənə bilər.
Həyatda zahirə çıxan məhəbbət həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda şəhvət gizlənə bilər.
Həyatda zahirə çıxan ədalət həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda zülm gizlənə bilər.
Həyatda zahirə çıxan hünər həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda qorxaqlıq gizlənə bilər.
Həyatda zahirə çıxan dahilik həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda istedadsızlıq gizlənə bilər.
Həyatda zahirə çıxan idrak həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda idraksızlıq gizlənə bilər.
Həyatda zahirə çıxan bədiiyyat həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda qeyri-bədiilik gizlənə bilər.
Həyatda zahirə çıxan dostluq həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda düşmənlik gizlənə bilər.
Həyatda zahirə çıxan xalqsevərlik həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda mənfəətpərəstlik gizlənə bilər.
Həyatda zahirə çıxan mütləqsevərlik həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda xurafat gizlənə bilər.
Həyatda zahirə çıxan sevinc həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda aldanış gizlənə bilər.
Həyatda zahirə çıxan kədər həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda sünilik gizlənə bilər.
Həyatda zahirə çıxan böyüklük həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda kiçiklik gizlənə bilər.
Həyatda zahirə çıxan atalıq həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda müstəbidlik gizlənə bilər.
Həyatda zahirə çıxan analıq həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda məkr gizlənə bilər.
Həyatda zahirə çıxan övladlıq həmin Daxili mənanın tam ifadəsi deyil, natam, naqis, keçici, qeyri-kamil ifadəsidir və onda nankorluq gizlənə bilər.
Bu cəhətdən həyatla kifayətlənmək – yaşamamaqdır.
Həyat özündə dayana, qala bilmir, Ali Həyata çatmağa çalışır.
(1983)