“Neçə vaxtdır, Bakı Tbilisi marşrutu üzrə qatarlar işləmirdi, artıq fəaliyyətə başlayacaq. Bəs bu nə deməkdir ki, komfort sinfi 51 manatdan başlayır? Axı belə olmaz. Çox yüksək qiymətdir, ən az iki dəfədən çox yuxarıdır. Olmaz! Ay kişi, bilmirsən, nə edəsən... Yaponiyada, Çində təyyarə sürəti ilə gedən qatarlar fəaliyyətə buraxılır, ancaq onlarda heç bu cür artımlar olmur. Camaatın dolanışığını nəzərə almaq lazımdır. Dəmir yolu qiymətinin təyyarə qiymətlərinə çatması bir az narahatlıq doğurur. Dəfələrlə tələb etmişəm ki, belə etməsinlər. Kimə deyirsən? Millət sevindi ki, heç olmasa, Gürcüstana dəmir yolu açılır, amma qiymətlər gözündən gətirdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, qiymətlərin bahalaşmasının millətə necə mənfi təsir etməsi haqqında dəfələrlə rəsmi, qeyri-rəsmi çıxışlar edilib: “Narazılığımızı bildirmişik. Xeyiri yoxdur ki, yoxdur... Bütün sahələr üzrə qiymətlər artıb. Axı bu, həqiqətən, çox böyük narazılıq yaradır. Camaatın əlacı yoxdur, danışmır, dinmir, amma öz aralarında narazılıqlar edirlər. Hamı əməkhaqqı, yaxud pensiya alan kimi fikirləşir ki, krediti, borclarını necə ödəsin. Qayğı ilə yaşayırlar… İnsanlar artıra bilmirlər. Ay aman, qazın, işığın, suyun pulu bu qədərdir... Minlərlə insan var ki, imkansızlıqdan xəstəsini müalicə etdirə bilmir. Baxmayaraq ki, icbari tibbi sığorta da oldu, yenə bu məsələlər düzəlmədi. Axı niyə? Bu qədər imkanımız, 87 milyard valyuta ehtiyatımız olduğu halda... Xüsusi investisiya bankı açıb camaatın hamısına kredit vermək lazımdır ki, işləsinlər, varlansınlar, heç olmasa bahalıq gözlərinə görünməsin. Bizə ancaq ürək ağrısı qalır. Əhalinin çoxu məsələ qaldırdığımıza görə dua edir, amma elələri də var, deyirlər ki, sizin deməyinizin nə xeyiri var? Belə olmaz. Bu cür bahalıq dövlətimizə ziyan gətirir, vətəndaşın cibinə uyğun deyil”.