Rəsul Mirhəşimli, jurnalist-publisist
Müasir dünyada dövlətlərin qarşısında duran ən mühüm problemlərdən biri milli kimliyin qorunması ilə qlobal inteqrasiyanın uzlaşdırılmasıdır. Bir çox ölkələrdə etnik və dini müxtəliflik daxili qarşıdurmaların səbəbinə çevrildiyi halda, Azərbaycan fərqli model ortaya qoymağa çalışır. Burada əsas məsələ yalnız müxtəlif xalqların bir ərazidə yaşaması deyil, onların ortaq siyasi məkan və ümumi dövlətçilik düşüncəsi ətrafında birləşməsidir.
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların təmas nöqtəsində yerləşib. Bu amil ölkənin etnik və dini tərkibinə də təsir göstərib. Fərqli xalqların əsrlərlə eyni coğrafiyada yaşaması nəticəsində ortaq həyat tərzi, qarşılıqlı mədəni təsirlər və sosial münasibətlər formalaşıb. Bu gün Azərbaycanın bir çox bölgələrində insanlar arasında münasibətlər yalnız inzibati və ya hüquqi çərçivə ilə məhdudlaşmır, ailə bağları, ortaq məişət və birgə iqtisadi fəaliyyət həmin münasibətləri daha da möhkəmləndirir.
Bəzi ölkələrdə multikulturalizm daha çox siyasi ritorika kimi təqdim olunur. Azərbaycanda isə bu anlayışın sosial həyatda konkret nümunələri mövcuddur. Ölkədə müxtəlif dillərin, folklor nümunələrinin, milli mətbəxlərin və adətlərin qorunması cəmiyyətin mədəni rəngarəngliyini artırır. Talışların musiqisi, ləzgilərin rəqsləri, avarların folkloru, ingiloyların məişət ənənələri və digər etnik xüsusiyyətlər ümumi milli mədəniyyətin ayrılmaz hissəsinə çevrilib.
Əslində, mədəni müxtəliflik dövlət üçün risk deyil, düzgün idarə olunduqda strateji üstünlükdür. Çünki müxtəlif xalqların harmonik şəkildə bir arada yaşadığı ölkələrdə sosial dayanıqlılıq daha güclü olur. İnsanlar özlərini həm milli kimliklərinin daşıyıcısı, həm də dövlətin bərabərhüquqlu vətəndaşı kimi hiss etdikdə daxili sabitlik möhkəmlənir.
Azərbaycan cəmiyyətində diqqət çəkən əsas məqamlardan biri də fərqli dini inanclara münasibətin nisbətən balanslı olmasıdır. Burada söhbət yalnız müxtəlif dinlərin mövcudluğundan getmir. Əsas məsələ həmin dinlərin daşıyıcılarının bir-biri ilə sosial münasibətlərdə qarşıdurma yaşamamasıdır.
İslam ölkədə üstünlük təşkil edən din olsa da, xristian və yəhudi icmaları da uzun illərdir burada fəaliyyət göstərirlər. Tarixi baxımdan bu münasibətlər müəyyən qarşılıqlı təsirlər yaradıb. İnsanlar arasında dini fərqlərdən daha çox mənəvi oxşarlıqlar ön plana çıxıb. Ədalət, mərhəmət, ailə dəyərləri və insanpərvərlik kimi anlayışlar müxtəlif inanclar arasında ortaq mənəvi platforma formalaşdırır.
Müasir dövrdə dini radikalizmin bir çox regionlarda təhlükəyə çevrildiyi şəraitdə, Azərbaycanın əsas üstünlüklərindən biri dini münasibətlərin siyasi qarşıdurma səviyyəsinə keçməməsidir. Bu isə həm dövlət siyasəti, həm də cəmiyyətin formalaşdırdığı ənənəvi münasibət modeli ilə bağlıdır.
Geosiyasi baxımdan strateji mövqedə yerləşən dövlətlər daim xarici təsirlərlə üz-üzə qalırlar. Azərbaycan da bu baxımdan istisna deyil. Tarix boyu müxtəlif güc mərkəzləri regionda öz maraqlarını təmin etmək üçün etnik, dini və siyasi amillərdən istifadə etməyə çalışıblar. Müasir mərhələdə isə bu proses daha çox informasiya müstəvisində aparılır.
Sosial şəbəkələr, media platformaları və ideoloji təsir vasitələri vasitəsilə cəmiyyət daxilində parçalanma yaratmaq cəhdləri müşahidə olunur. Xüsusilə milli və dini məsələlərin manipulyasiya olunması xarici təsir mexanizmlərinin əsas istiqamətlərindən biridir. Belə şəraitdə dövlətin və cəmiyyətin əsas vəzifəsi yalnız təhlükəsizlik tədbirləri görmək deyil, həm də ortaq vətəndaş şüurunu gücləndirməkdir.
Müstəqillik dövründə formalaşan əsas siyasi konsepsiyalardan biri azərbaycançılıq ideyası olub. Bu yanaşmanın mahiyyəti ölkədə yaşayan bütün etnik və dini qrupların vahid vətəndaş kimliyi ətrafında birləşməsinə əsaslanır. Burada məqsəd fərqlilikləri aradan qaldırmaq deyil, onları ümumi dövlətçilik çərçivəsində uzlaşdırmaqdır.
Vətəndaş həm öz milli kökünə bağlı qalır, həm də özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi hesab edir. Bu modelin əsas üstünlüyü məhz balans yaratmaq qabiliyyətidir. Çünki yalnız inzibati idarəetmə ilə deyil, mənəvi və psixoloji bağlılıq vasitəsilə də cəmiyyətin birliyi təmin olunur.
Bir çox hallarda dövlətin gücü yalnız iqtisadi göstəricilər və hərbi imkanlarla ölçülür. Halbuki sosial birlik, mədəni müxtəliflik və ictimai həmrəylik də strateji resurs hesab edilməlidir. Azərbaycan üçün əsas üstünlüklərdən biri məhz fərqli xalqların vahid siyasi sistem daxilində yaşamasıdır.
Bu potensial beynəlxalq aləmdə də effektiv təqdim olunmalıdır. Dünyada dini və milli zəmində münaqişələrin artdığı bir dövrdə Azərbaycanın təcrübəsi alternativ model kimi diqqət çəkə bilər. Bunun üçün media, elm, təhsil və mədəni diplomatiya vasitələri daha fəal şəkildə istifadə olunmalıdır.
Eyni zamanda, ölkədə yaşayan xalqların tarixi, psixologiyası, mədəniyyəti və sosial xüsusiyyətləri elmi şəkildə daha dərindən araşdırılmalıdır. Bu cür tədqiqatlar yalnız akademik əhəmiyyət daşımır. Onlar dövlət idarəçiliyində, sosial siyasətdə və milli təhlükəsizlik strategiyasında da mühüm rol oynaya bilər.
Azərbaycanın əsas üstünlüklərindən biri müxtəlifliyin qarşıdurma deyil, əməkdaşlıq modeli üzərində qurulmasıdır. Tarix göstərir ki, fərqli xalqların bir-birinə təsiri nəticəsində daha zəngin və dayanıqlı cəmiyyət formalaşır. Dövlətin gücü yalnız sərvətlər və resurslarla deyil, cəmiyyətin daxilindəki etimad mühiti ilə ölçülür.
Əgər müxtəlif etnik və dini qruplar özlərini eyni dövlətin bərabərhüquqlu üzvləri kimi hiss edirlərsə, bu, ölkənin gələcək inkişafı üçün ən mühüm təminatlardan biridir. Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu harmoniyanı qorumaqla yanaşı, onu müasir dünyanın dəyişən çağırışlarına uyğun şəkildə inkişaf etdirməkdir.
Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Sabitlik adası: tolerant və mulltikultural Azərbaycan” layihəsi çərçivəsində hazırlanmışdır.