Əkbər Qoşalı
İmzası Azərbaycanda yaxşı tanınan özbək şairi Xasiyyət Rüstəm Kəlküttədə(n) bir təsirli yaxı yazıb; həmin yazının yazardan sonrakı ilk oxucusu olaraq, bizim oxucularla da bölüşülməsini uyğun bildim.
Bəli, bəzən bir şəhər şəhərdən artıq ola bilir, ona yüklənən anlsmlar o şəhərin sınırlarını aşa bilir. – Sanki bir ürəyin başqa bir ürəyə çatmaq üçün keçdiyi uzun həsrət yolundan keçmiş olursan…
Elə yazılar var, onları oxuyanda düşünürsən: bəlkə, yazar yalnız bir şəhərə yox, həm də öz içindəki ən dərin boşluğa səfər edib..?
Özbəkistanın tanınmış şair-tərcüməçisi, Xasiyyət Rüstəmin “Kəlküttə” içyazısı da məhz belə mətnlərdəndir. Bu yazıda Kəlküttə coğrafi məkan olmaqdan çıxır; Taqorun nəfəsi ilə danışan, ədəbiyyatın ağrısını daşıyan mənəvi bir şəhərə çevrilir.
Xasiyyət xanımın bu sətirlərində biz yalnız bir şairənin səfər təəssüratını oxumuruq. Burada ədəbiyyatın yığvala necə çevrildiyini, böyük söz adamlarının insan ömründə necə ikinci bir alın yazısı yaratdığını görürük. Taqor burada ruhun sığınacağı, insanın özünü tapdığı sirli bir mənəvi ünvan kimidir.
İçyazısının ən təsirli tərəfi onun qüvvətli səmimiyyətidir. Müəllif özünü gizlətmir. Ağrısını da, sevgisini də, bəlkə tənhalığını da olduğu kimi oxucunun qarşısına qoyur. Elə buna görə də “Kəlküttə” oxunan mətn olmaqdan daha çox – yaşanan mətn kimi gəldi mənə.
Xasiyyət Rüstəmin şeirlərində və içyazı üslubunda Gündoğarlıq duyğusunun zərifliyi ilə çağdaş insanın içsəl tənhalığı qəribə bir harmoniyada qovuşur. Bu mətn də həmin ruhun davamıdır.
Hər insanın öz “Kəlküttə”si yaxud “Kəlküttə” yazıb başqa bir coğrafiyadakı şəhəri düşünməyi – bax, o başqa şəhəri düşünərək yazması var…
Vədalaşa bilmədiyi bir şəhər…
Adını çəkəndə səsinin titrədiyi bir insan…
Və gecənin hansısa saatında pıçıldadığı bir ad…
Xasiyyət Rüstəmin bu içyazısını Azərbaycan oxucusuna məhz bu duyğularla təqdim edirik.
Əlvida deyə bilmədiyim şəhər
Vidalaşıla bilməyən şəhərlər var…
Bir ömür boyu vidalaşıla bilməyən insanlar da…
Bir insanın nələr etməyə qadir olduğunu bu şəhərə gələndə anlayıram. Bir insan üzündən kiçik bir şəhərin bütöv bir dünyaya çevrilə biləcəyini də burada öyrənirəm.
“Taqor…” deyirəm, istər-istəməz gözlərimdən yaş süzülür.
“Taqor…” deyirəm…
“Mən gəldim…” deyirəm, guya məni eşidirmiş kimi.
“Mən buradayam…” deyirəm, titrək bir səslə.
O məni eşidir.
Saata baxıram; gecəyarısı çoxdan keçib, saat ikinin yarısıdır. Hotelin 817 saylı otağının pəncərəsindən çölə baxıram. Hava istidir. Nəfəs çatmır.
Pıçıltıyla deyirəm:
“Gəldiyimi duydunmu görəsən?”
“Bildinmi görəsən gəldiyimi?”
Uzaqlara baxıram, sanki qaranlığın içindən siluetin görünəcəkmiş kimi…
Doğrudur, səni Puşkindən sonra tanıdım, amma onu sevdiyimdən də çox sevdim səni.
Puşkinə bir uşağın sevgisi ilə bağlanmışdımsa, sənə gəldiyimdə artıq sayğın bir oxucu idim. Ağla qaranı ayıra bilən, yaxşı kitabla pis kitabın fərqini anlayan, iki cümlə oxuyan kimi müəllifini tanıya bilən, şeir qaralamağa başlamış gənc bir qız idim.
Sən ürəyimə ipək sözlərinlə, məxmər örtüyə bükülmüş cümlələrinlə girdin.
Və o gecələr kitabını başımın altına qoyub yatmağa başladım.
Gündüzlər isə başımı kitabından qaldırıb çevrəmə baxırdım.
Bu baxış çox ağır idi.
Bu baxış çox qorxulu idi.
Çevrəmə baxır, heç kimi görə bilmirdim. Səndən başqa heç kimi tanımırdım da…
Çevrəmdə səndən başqa heç kim yox idi. Mən tək idim…
Gecəyarısı oyandığımda ürəyim özümdən də ağır olardı. Anılar göz yaşına dönüb daşardı.
Bu dəfə çamadanımı yox, özümü sürüyə-sürüyə apardım Kəlküttə hava limanına.
Bütün yollar həsrətlə dolu idi.
Bütün şəhər özləmlə ağzınadək dolmuşdu.
“Kəlküttə…” deyirəm.
“Kəlküttə…” deyirəm, sanki bütün dünya məni eşidəcəkmiş kimi.
“Kəlküttə…” deyirəm.
“Taqor…” desəm, elə bil canım ağzımdan çıxıb gedəcək…
Ürəyimi güclə daşıya-daşıya uçağa minirəm.
İnsanların mənə baxışından anlayıram ki, gözlər sözlərini gizlədə bilməyib.
Kəlküttədən getmək istəmirəm.
Getsəm, elə bil ədəbiyyatdan da ayrılacağam…
Getsəm, bu şəhər məhzun qalacaq sanki…
Getsəm – Taqor inciyəcəkmiş kimi…
Getsəm – öləcəkmişəm kimi…
Xasiyyət RÜSTƏM
KƏLKÜTTƏ, 22.05.2026