Donald Trampın illər sonra Çinə etdiyi rəsmi səfər dünya siyasətinin əsas gündəm mövzularından birinə çevrilib. Pekində Xi Jinping ilə keçirilən görüşlərdə ABŞ–Çin münasibətləri, iqtisadi əməkdaşlıq, Tayvan məsələsi və Yaxın Şərqdə artan gərginlik müzakirə olunub.
Danışıqlarda xüsusilə ABŞ–İran münasibətləri və regionda mümkün qarşıdurmaların qarşısının alınması əsas mövzulardan biri olub. Tərəflər İran böhranının qlobal enerji bazarına və beynəlxalq təhlükəsizliyə təsirlərini də dəyərləndiriblər.
Görüşlərdən sonra verilən mesajlarda qarşılıqlı əməkdaşlıq və sabitliyin qorunmasının vacibliyi vurğulanıb.
Bəs maraqlıdır, Tramp niyə məhz indi Çinə səfər etdi? Bu səfər ABŞ–İran münaqişəsinin həllinə təsir göstərə bilərmi? Turkustan.az bu sualları siyasi şərhçi Aydın Tağıyeva ünvanladı.

Aydın Tağıyev
Görünən odur ki, Donald Trampın məhz indi Çinə səfər etməsi təsadüfi deyil. Bu səfərin arxasında həm strateji zamanlama, həm də regional balansı dəyişdirmək niyyəti dayanır.
Hesab edirəm, ABŞ-Çin münasibətlərində Tayvan böhranı, ticarət gərginliyi və təhlükəsizlik məsələləri gündəmdədir. Tramp bu səfərlə həm daxili auditoriyaya “diplomatik aktivlik” mesajı verir, həm də Pekinlə birbaşa dialoq quraraq gərginliyi idarə etməyə çalışır.
Tramp bu gün üçün gözəl anlayır ki, ABŞ-ın İranla paralel böhran yaşadığı bir vaxtda Çinlə münasibətləri sabitləşdirmək Vaşinqton üçün əlavə üstünlükdür.
Çin, İranın əsas iqtisadi tərəfdaşlarından biridir. Bu səbəbdən Trampın Pekinlə danışıqları İran məsələsində dolayı təsir göstərə bilər.
Fikrimcə ABŞ-İran münaqişəsinin həlli yalnız Çinlə dialoqa bağlı deyil. Burada nüvə proqramı, regional təhlükəsizlik və Vaşinqtonun daxili siyasi gündəmi əsas rol oynayır.
Fikrimcə Çin vasitəçi rolunda müəyyən yumşaldıcı təsir göstərə bilər, amma münaqişənin sonlanması üçün ABŞ və İran arasında birbaşa razılaşma şərtdir.
Yekunda onu deyə bilərəm ki, Trampın Çinə səfəri daha çox Çin-ABŞ münasibətlərini sabitləşdirmək və regional güc balansını yenidən qurmaq məqsədi daşıyır. İran münaqişəsinə dolayı təsir mümkündür lakin bu səfər münaqişəni birbaşa həll etməyəcək. ABŞ-İran münasibətlərində kompromis yalnız tərəflərin öz razılığı ilə mümkündür.
Aytən Yaşar/ Turkustan.az