ABŞ və İsrailin İranla bağlı gizli plan hazırladığına dair diqqətçəkən iddialar beynəlxalq gündəmdə geniş rezonans doğurub.
Xarici mediada yayılan məlumatlarda bildirilir ki, Vaşinqton və Təl-Əvivin əsas hədəflərindən biri İranda mümkün siyasi dəyişiklikdən sonra keçmiş prezident Mahmud Əhmədinejadın yenidən hakimiyyətə qaytarılması olub.
İddialara görə, bu plan regionda güc balansını dəyişdirmək və İran daxilində yeni siyasi konfiqurasiya formalaşdırmaq məqsədi daşıyıb. Məlumatlarda həmçinin qeyd olunur ki, sözügedən ssenari ABŞ və İsrailin İran siyasətində uzunmüddətli strategiyanın bir hissəsi kimi qiymətləndirilir.
Bu iddiaların nə dərəcədə real və əsaslı olduğu isə maraq doğurur. Mahmud Əhmədinejadın yenidən İranın siyasi səhnəsində ön plana çıxması mümkündürmü? Mövzunu aydınlaşdırmaq üçün Turkustan.az politoloq Elmir Səftərovun fikirlərini öyrənib.

Elmir Səftərov
Bu iddialar hazırda daha çox siyasi spekulyasiya və media müzakirələri səviyyəsindədir. Onların nə dərəcədə real olduğunu və ya rəsmi tərəfinin olub-olmadığını müəyyən etmək mümkün deyil.
Çünki hər hansı bir şəxsin başqa bir dövlətin dəstəyi ilə hakimiyyətə gətirilməsi məsələsi həmin ölkənin suverenliyinə, dövlət institutlarına və daxili siyasi sisteminə birbaşa təsir edə biləcək ciddi prosesdir.
Hazırkı mərhələdə isə İranda hakimiyyət strukturlarında zəifləmə müşahidə olunmur.
Bundan əlavə, Mahmud Əhmədnecatın siyasi keçmişinə baxdıqda görünür ki, o, xüsusilə ABŞ və İsrail əleyhinə sərt mövqeyi və çıxışları ilə tanınan siyasətçilərdən biri olub. Bu baxımdan onun Qərbin və ya İsrailin maraqlarına uyğun fiqur kimi təqdim olunması müəyyən suallar doğurur. Eyni zamanda, o, İran siyasi sisteminin içindən çıxmış və uzun illər həmin hakimiyyətin əsas simalarından biri kimi fəaliyyət göstərmiş şəxsdir.
Ümumilikdə isə bu cür iddiaların gündəmə gəlməsi daha çox İran daxilində mümkün hakimiyyət dəyişikliyi ssenariləri ətrafında müxtəlif adların hallandırılması ilə bağlıdır. Müxtəlif şəxslərlə bağlı fərqli ehtimallar irəli sürülə bilər, lakin hazırkı mərhələdə bunları real siyasi proses və ya konkret plan kimi qiymətləndirmək çətindir.
Bundan əlavə, İran cəmiyyətinin müəyyən hissəsi xarici güclərin dəstəyi ilə hakimiyyətə gətirilən hər hansı liderə mənfi yanaşa bilər. Çünki belə yanaşmalar ölkənin milli maraqları və siyasi müstəqilliyi ilə ziddiyyət kimi qəbul olunur. Bu səbəbdən də səslənən iddialar hazırda daha çox fərziyyə xarakteri daşıyır və onların ciddi siyasi reallığa söykəndiyini demək çətindir.
Aytən Yaşar/ Turkustan.az