Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-də son günlər yaşanan liderlik böhranı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ərdoğan Bərpa Olunan Enerji İnvestisiyalarının Kollektiv Açılış Mərasimində çıxışı zamanı CHP-də məhkəmənin “tam etibarsızlıq” qərarından sonra dərinləşən siyasi qarşıdurmalara toxunub.
Prezident bildirib ki, hakim partiya olaraq CHP-də baş verən prosesləri “təhlükəsiz məsafədən” izləyirlər. Onun sözlərinə görə, ana müxalifət partiyası həm Türkiyənin, həm də dünyanın üzləşdiyi əsas problemlərdən uzaq düşüb.
“Onların yeganə gündəmi hakimiyyət uğrunda mübarizə, daxili çəkişmələr və qarşılıqlı ittihamlardır. Dünən qəhrəman elan etdikləri şəxsləri bu gün xain adlandırırlar. Vaxtilə dəvət etdikləri və köməyə çağırdıqları keçmiş prezidentliyə namizədlərə də eyni münasibəti göstərirdilər”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri əlavə edib ki, CHP-də yaşananlar həmin partiyanın daxili məsələsidir və hakimiyyət olaraq bu proseslərə müdaxilə etmək niyyətində deyillər.
“Əlbəttə, baş verənlər ana müxalifət partiyasının daxili işidir. Bu, bizi maraqlandırmır”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, CHP-də keçmiş sədr Kamal Kılıçdaroğlu ilə hazırkı sədr Özgür Özel arasında yaşanan gərginlik son günlər Türkiyə siyasi gündəminin əsas müzakirə mövzularından biridir.
Aytən Yaşar/ Turkustan.az