Azərbaycanda həkimləri süni intellekt əvəz edəcək?


Növbəti tədris ilindən başlayaraq "Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt" mövzusunda kursların təşkili nəzərdə tutulur.

Bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı:

Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, il boyu davam edəcək kurslar bütün tibb ixtisas daşıyıcılarını əhatə edəcək:

"Rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin də göstərişi ilə aidiyyəti sahədə kadr hazırlığı daim diqqət mərkəzindədir.

Rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verir".

Süni intellektin bu gün Azərbaycan tibbində tətbiqi mümkündürmü, həkimləri əvəz edə bilərmi?

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, son dövrlər bütün dünyanın inkişaf etmiş ölkələrində süni intellekt, rəqəmsal xidmətlərə keçiblər:

“Azərbaycanda da bu istiqamətdə müəyyən irəliləyişlər var. Ancaq burada bəzi problemlər var. Belə ki, bəzi poliklinikalarda elektron resept, yaxud da süni intellekt sisteminin tətbiqi meydana çıxır.

Süni intellektin mənası ondan ibarət deyil ki, həkimsiz hər xəstələrə süni intellekt baxacaq. Belə anlayış yoxdur. Süni intellekt həkimlərə kömək etmək üçün yaradılıb. Yəni həkimin bilik səviyyəsi artsın, həkim ən müasir səviyyədə xəstəyə müalicə təyin etsin, müayinə edə bilsin.

Xəstəni süni intellekt müayinə edib deməyəcək ki, “sənin hansı problemlərin var?”. Hətta bəzi xəstələr süni intellektə müraciət edir, ancaq effekt alınmır. Çünki o xəstəni başa sala bilmir ki, problemin öhdəsindən necə gəlsin. O ümumi şəkildə məlumat verir.

Süni intellekt yalnız həkim deyil, bütün mütəxəssislərə lazımdır ki, onun bilik səviyyəsi artsın. Elə məlumatlara malik olurlar ki, onu heç bir kitabda əldə etmək mümkün deyil.

Ancaq süni intellektin müəyyən sahələr üzrə həkimlərin müayinə sistemlərinə tətbiq edilməsi üçün sürətli internet lazımdır. Sürətli internet olmadığı halda süni intellektdən necə istifadə etmək olar? Belə olduğu halda heç onunla düzgün əlaqə də qurmaq mümkün olmayacaq”.


MANŞET XƏBƏRLƏRİ