İyunun 7-də Ermənistana müdaxilə ola bilər – KİV


Avropa Komissiyası Ermənistanı Rusiyanın təcavüzü və təzyiqindən qorumaq və ölkənin dayanıqlığını gücləndirmək üçün addımlar atır.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Mənbə bildirib ki, Avropa İttifaqının (Aİ) bu fəallığı Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə üst-üstə düşür və bu seçkilərin hazırkı hökumətin yenidən seçilməsinə səbəb olacağı gözlənilir. Kremlin iyunun 7-də keçiriləcək bu vacib seçkilərə müdaxiləyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Nəşr xatırladıb ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yaxınlarda baş tutan görüşündə Cənubi Qafqazda ticarət və enerji əlaqələrinin gücləndirilməsi üzrə işləri sürətləndirmək barədə razılığa gəlinib:

“Müzakirə olunan variantlar arasında Ermənistanın Rusiyadan asılılığını azaltmağa və Aİ ilə ticarət yollarını şaxələndirməyə kömək edəcək tədbirlər də var.

Brüssel həmçinin təxminən otuz ildir bağlı olan sərhədin yenidən açılması üçün Türkiyə ilə danışıqları dəstəkləmək niyyətindədir. Sərhədlərin bağlı qalması regional ticarətə ciddi şəkildə mane olur.

Aİ rəsmilərinin sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı da planlaşdırılır”.

Mənbə qeyd edib ki, Kreml seçkilərdən öncə İrəvana təzyiqi gücləndirib, təbii qaz təchizatını pozmaqla, Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünü dayandırmaqla və ölkənin geosiyasi trayektoriyasını şübhə altına almaqla hədələyib.

Xatırladılıb ki, 2018-ci ildə çevrilişlə hakimiyyətə gələn Nikol Paşinyan və komandası Brüssellə yaxınlaşma siyasəti yürüdür, Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi olmadığını bəyan edib və rus qoşunlarının ölkənin sərhədlərindən çıxarılmasını tələb edib.


MANŞET XƏBƏRLƏRİ