Atam Ziyadxanın 70 yaşına
Gözümün önündə dönür yumağa,
Gözümün önündə bükülür qəddi.
Gücüm yox dərdinə sərhəd qoymağa,
Atamdan başlayır dərdin sərhəddi.
Elə bil qayadır qopub zirvədən,
Qabarlı əlləri dəyirman daşı.
Görsən bu dünayayla yaşıd bilərsən,
Amma ki, yetmişi haqlayıb yaşı.
Gözünü açandan qış görüb atam,
Eh, bütün fəsillər qışdır onunçün.
Daş yonub, daş hörüb, daş görüb atam,
Həyat başdan-başa daşdır onunçün.
Tək bircə ürəyi daşa dönməyib,
Bölüb əlindəki son tikəsini.
Aza qane olub, yoxa dinməyib,
Daş olub içində boğub səsini.
Nə dosta əl açıb, nədə ki, yada,
Əyməyib kasıblıq, ehtiyac onu.
Doğruluq ucaldıb onu dünyada,
Olub düz əməlin, haqqın vurğunu.
Ağaran saçında illərin əli,
Alnının qırışı əkin yeridir.
Sən nələr çəkmisən, of, mənə bəlli,
Qoy çəkim dərdini, çəkim yeridir.
Hafiz Hacxalıl