AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
II yazı
Yeni dövrdə Türk, Türklük, Türkçülük anlayışlarının yalnız milli mənsubiyyət, milli kimlik deyil, eyni zamanda sosial-fəlsəfi bir sistem olmasını ilk ortaya qoyanlardan biri Şeyxülislam Axund Molla Əhməd Səlyani olmuşdur. Türk, Türklük, Türküçülk anlayışlarının sosial-fəlsəfi mahiyyət daşımasını, bu anlamda İslam dini, İslamlıqla müəyyən qədər paralelik kəsb etməsini dəƏhməd Səlyani dərindən əxz etmişdir. Şübhəsiz, Əli Bəy Hüseynzadənin yaradıcılığında Türk, ya da Turan fəlsəfəsinin formalaşmasınən əsas səbəbkarı da Əhməd Səlyanidir. Əhməd Hüseynzadə Qafqazın şeyxülislamı kimi dini və dünyəvi məsələlərə münasibətdə daim mütərəqqi-yenilikçi yol tutmuşdur. “Axund Molla Əhmədin tarixə, maarifə, ədəbiyyat tarixinə dair tədqiqatları bu gün dəöz elmi əhəmiyyətini itirməyib. Onun ən böyük xidməti çətin və ağır zəhmət hesabına yazdığı Azərbaycan tarixindən bəhs edən “Bəsaül-nas fi-məmləkəti-Qafqaz” və Azərbaycan ədəbiyyatı tarixindən bəhs edən “Tarixi-ədəbiyyati-Türk”əsərləridir. “Bəsaül-nas fi-məmləkəti-Qafqaz” adlıçox qiymətli əsəri XIX əsrdə Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm”əsərindən sonra Azərbaycan tarixindən bəhs edən ikinci mükəmməl kitab sayılır. Müəllifin bitirə bilmədiyi bu əsər 70 səhifdən ibarətdir və farsca qələmə alınıb”.[1] Deməli, Şeyxülislam Əhməd Hüseynzadə dini əsərləri ilə yanaşı, təhsil-tərbiyəyə aid “Dilguşə”, “Tərbiətul-ətfal”, “Muəllimul-ətfal-fi-təriqe təlime ətfal”, eyni zamanda Azərbaycan Türk tarixindən vəədəbiyyatından bəhs edən “Bəsaul nas-fi-məmləkətul Qafqaz”, “Tarixi-ədəbiyyati-Türk” adlı əsərlərin müəllifi kimi də məşhur idi.
Şeyxülislam Əhməd Hüseynzadəni yaxından tanıyan Mirzə Fətəli Axundzadə məktublarının birində onun haqqında belə yazırdı: “Müxtəlif elmlər və fənlər sahəsində - astronomiya, coğrafiya, riyaziyyat, təbiət, tarix, hikmət və xüsusilə fiqh-elmi sahəsində bütün Qafqaz ölkəsindəŞeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli bir adamdır”.[2]
Yeri gəlmişkən, Sovetlər birliyi dövründə Azərbaycan xalqının şüuruna yanlış bir mülahizə təlqin edirdilər ki, “millət” anlayışını Azərbaycanda elmi ədəbiyyata ilk dəfə M.F.Axundzadə gətirmişdir.[3] Belə ki, M.F.Axundzadə məqalələrində“millət” sözünü dini kimliyi əks etdirən “millət” anlayışı ilə deyil Avropa mütəfəkkirləri kimi, yalnız siyasi anlamdakı “millət” məfhumunu qəbul etmişdi.[4] Halbuki “Qərb milliyyətçiliyi”nin ortaya çıxması 17-18-ci əsrlərdən başlayırsa, Şərqdə “milliyyətçiliyi”n kökləri daha dərindir. Çünki Qərblə müqayisədə Şərqin millətləri daha qədimdirlər: misirlilər, şumerlər, hettler, assurlar, hindlilər, çinlilər, türklər, farslar və b. Demək olar ki, onlar çoxdan millət üçün vacib olan ərazi, dil, din, hakimiyyət birliyini də müəyyənləşdirmişdilər. Qərblilər ən qədim millətləri kimi yalnız yunanlar və romalılarla öyünə bilərlər ki, onlar da Şərq millətləri ilə müqayisədə çox “gənc”dilər. Bunu dolayısıyla da olsa, alman filosof Kurt Hübner “Millət: unudulmaqdan intibaha” (1991) əsərində etiraf etmişdir. O yazırdı ki, millət fenomeni yeni dövrün kəşfi deyil, qədim, antik və orta çağ dövlətlərinin də substonsianal əsasını təşkil etmişdir.[5] Bu anlamda da yeni dövrdə milliyyət, millət, xalq anlayışlarının milli formuləsi Əhməd Səlyanilərdən, Əli Bəy hüseynzadələrdən başlamışdır.
Azər Turana görə, Axund Əhməd Səlyaninin gördüyü işləri, fövqəladə xidmətləri, yazdığı kitabları imkan verir ki, şeyxin adı Azərbaycan maarifçilik hərəkatının öndə gələn xadimlərinin ismi ilə bərabər halandırılsın: “Təkcə Axund Əhməd Səlyaninin varlığı ruhani təfəkkürün Azərbaycanda nüvə mütərəqqi əhəmiyyət kəsb etdiyini isbatlamaq üçün yetərlidir. O, Nəcəfül Əşrəfdə təhsil alsa da, ənənəvi Nəcəf alimlərindən olmadı. Qafqazdan İstanbula, Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə “Tarixi-ədəbiyyati-Türki” adlı əsər hazırlamağa cəhd etsin. İmanpərəvər olduğu qədər də milliyyətpərvər olsun. Türk millətinin başlıcaları və böyükləri, tu-kuye-lər – Göytürklər, uyğurlar barədə qələm çalsın. Ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin. Diqqəti Orxon-Yenisey yazılı mətnlərinə yönəltsin. “Qutadqu-Bilik”, türklərin İslamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin”. [6]
Məhz ustadı Əhməd Səlyanidən aldığı dərs nəticəsində Əli Bəy Hüseynzadənin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazılarında İslamlıqla yanaşı, Türk dünyagörüşünü açıq-açığına təbliğ etməsi, Türklüyün dinlərlə məhdudlaşdırılmasının əleyhinə çıxması təsadüfi deyildi. Deməli, Ə.Hüseynzadə nə qədər mömin bir müsəlman olsa da, ancaq bir o qədər də inanclı bir Türk bilgəsi idi. Başqa sözlə, Hüseynzadə üçün İslam dini bir dünyagörüş olduğu qədər Türk, Türklük (o cümlədən turançılıq) ondan az olmayacaq qədər bir dünyagörüş, fəlsəfi təfəkkür idi. Bunu anlmaq üçün, Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” başlıqlı silsilə yazılarını oxumaq yetərlidir. Çünki Əli Bəy Hüseynzadə bu əsərində çox incə şəkildə Türk, Türklüyün yalnız bədən, gen-qan daşıyıcısı anlamındakı milliyyətçiliyi deyil, eyni zamanda tarixi daha qədim dövrlərə gedib çıxan bir dünyagörüş, bir sosial-fəlsəfi təlim olduğunu da ortaya qoymuşdur.
Doğrudur, Əli Bəy Hüseynzadə ilk dövrlərdə yazırdı ki, bizim dirilişimiz “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” prinsiplərinə əməl etməklə bağlı olmalıdır. Ancaq böyük bilgəmiz onu da yaxşı başa düşürdü ki, artıq Türklüyü yalnız “qandan” ibarət görmək çox da doğru deyil. Ona görə də, o, çox keçmədən Türklüyü qandan çox hissiyyatla bağlayırdı: “Füyuzat’ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini iləmütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaqdır”.[7] Deməli, Əli Bəy Hüseynzadə Türklüyün yalnız qan deyil bir hissiyyat (dünyagörüş) olduğunu da yaxşı bilir, bildiyi üçün də şeirlərinin birində yazırdı ki, dinlər belə müsəlman türkü ilə xristian türkünü ayıra bilməz. Burada da söhbət qandan daha çox Türk dünyagörüşünə, Türklük şüuruna bağlılıqdan gedirdi.
Ə.Hüseynzadənin Türkçülük, İslamlıq, Çağdaşlaşmaq düsturunun ilk müəllifi olmasını M.Ə.Rəsulzadə, Z.Gökalp, Y.Akçura, M.B.Məmmədzadə və başqa mütəfəkkirlər də dəfələrlə qeyd etmişlər. Məsələn, Yusif Akçuraya görə Ə.Hüseynzadə müsəlman türkləri arasında ilk turançı, ilk panturançı hesab olunur.[8] Y.Akçura yazırdı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçüz (üçlü-F.Ə.) ümdənin əsl atası Hüseynzadə Əli Bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətləriniin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli Bəy iddia etmiş və “Füyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək-F.Ə.) istehsalını tövsiyə eyləmişdi”.[9] Məhəmməd Əmin Rəsulzadə bu məsələni bir qədər də dəqiqləşdirərək yazırdı: ““Füyuzat” jurnalı “Türk Yurdu”nda olduğu kimi aydın, ardıcıllıqla olmasa da türkçülük mövzusunu daha öncə işə salmış, hətta mərhum Ziya Bəyin son çağlarda “Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” çağırışı ilə göstərdiyi anlamı Əli Bəy Hüseynzadə “Türk qanlı, İslam imanlı və firəng geyimli olaq” formulu ilə açıqlamışdı. Azərbaycan mətbuatının, eləcə də Azərbaycan ədəbiyyatının şüurlu metodik bir biçimdə milli Türk ideologiyasını işə salmaq düşüncəsi isə I Dünya savaşı öncəsində, illərində daha çox gəlişmişdir”.[10] Mirzə Bala Məmmədzadə də yazırdı ki, Türkçülüyün, o cümlədən Azərbaycan Milli-Türk hərəkatının kamilləşməsində, onun ictimaiyyətinin şüurlanmasında “Füyuzat” jurnalı və onun əsas yazarı Ə.Hüseynzadə müstəsna rol oynamışdı.[11]
[1] Məmmədli Hüseynqulu. Qafqazda İslam və Şeyxülislamlar. Bakı, MBM, 2005, s.91
[2] Axundov, M. F. Əsərləri. 3 cilldə, 3-cü cild. Bakı, AEA Nəşriyyatı, 1962, s.91
[3] Ахмедов, Э.М. Философия Азербайджанского просвещения. Баку: Азернешр, 1983, s.15-16
[4] Axundzadə, M.F. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, s.48, 148
[5] Хюбнер, К. Нация: от забвения к возрождению. Москва, Кантон, 2001, s.9
[6] Turan, Azər. Əli Bəy Hüseynzadə (həyatı, mübarizəsi, yaradıcılığı və şəcərəsi). Bakı, “Letterpress”, 2014, s.11
[7] Hüseynzadə, Ə. B. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı, Azərnəşr, 1996, s.180