AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I yazı
Azərbaycan Türk mütəfəkkiri Hüseyn Cavid (1882-1941) Naxçıvanda ruhani ailəsində anadan olub, molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini tanınmış aydınımız Məhəmməd Tağı Sidqinin “Məktəbi-Tərbiyə” adlı yeni üsullu məktəbində və 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində davam etdirmişdir. O, burada ərəb və fars dillərinə yiyələnmiş, ancaq ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və bir müddət ticarətlə məşğul olmuşdur.[1] Təbrizdən Urmiyaya gedən Cavid 1904-cü ilin mayına qədər orada yaşamış, daha sonra Tiflisə gedib yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləmişdir. 1906-cı ildə İstanbula ali təhsil almağa gedən Cavid İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir (1909). O, ali təhsil aldıqdan sonra Naxçıvan, Gəncə, Tiflis və 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.[2]
27 aprel işğalından sonra da müəllimliyə və yazarlığa davam edən Cavid 1926-cı ildə müalicə üçün Berlinə (Almaniyaya) getmiş və burada ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik, lirik-epik əsərlə yazmışdır. Vətənə döndükdən sonra daima təqiblərlə üzləşən Cavid 1938-ci ildə həbs olunmuş, 1939-cu ildə səkkiz il islah əmək düşərgəsinə məhkum edilmişdir. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişmiş, çox sonralar məzarı Naxçıvana gətirilmişdir.
Onun əsas əsərləri aşağıdakılardır: “Ana”, “Maral”, “Şeyx Sənan (1914), “Şeyda” (1917), “Müharibə və ədəbiyyat”, “Həsbi-hal”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” və b.
H.Cavidin dini və fəlsəfi-fəlsəfi görüşlərində İnsan+Tanrı bütünlüyü mühüm yer tutur. O, yazırdı ki, vicdanları parlaq tutan sevgi olub, bir könülə də iki sevgi yaraşmaz: “könül bir, sevgi bir, böyük Tanrı bir”.[3] Cavidə görə, insan ilahi sevgiyə qovuşmaq üçün mücadilə verir, çünki sevgidədir ancaq Allah rizası, sevgisiz bir könül şeytan yuvasıdır. Bu dünya isə kimsəyə qalmayacaq, çünki əsli, əsası çürükdür.[4]
O, Şeyx Sənan timsalında da ilahi məhəbbəti bütün sevgilərdən üstün tutmuşdur. Yəni bir xristian qadınına aşiq olan Şeyx Sənan üçün dini əngəl olmadığı kimi, vahid Tanrıya gedən yolda da nə dinlər, nə də digər məzhəblər əngəl ola bilməz. Bu baxımdan bir “kafir” qadına uyub dinini, imanını “satan” Şeyx Sənanı qınamaqla yanaşı, Cavidə görə, o, cahan durduqca parlayan, yüksələn “məhəbbət”, “eşq” adlı təriqətin də əsasını qoyub:
Uyub sən bir mələksimayə satdın dini, imanı,
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cihan durduqca parlar, yüksəlir, düşməz tərəvatdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən...
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir,
Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.[5]
Burada incə bir məqam var ki, Cavid üçün yaxın və cismani deyil, uzaq və ruhani məhəbbət, səadət dəyərlidir. Şair-mütəfəkkirin fikrincə, yaxın və cismani məhəbbət, səadət müvəqqətidir. Onun Şeyx Sənanın məhəbbətinə olan hörməti də uzaq, əlçatmaz və ruhani-mənəvi olması ilə bağlı idi. O, yazırdı ki, yaxın, cismani olan məhəbbət, səadət insan nəfsi nəticəsində heç olur:
Gözəl mələksə... bulutlarda göy üzündə yaşar:
Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.
Uzaq, bəşərdən uzaq, gizli bir fəzaya qoşar;
Yaşar mələk kibi, xoş bir xəyali-müğfil olur.
Əvət, uzaqda səadət var, eşqə hörmət var,
Yaqın zəhərlidir, amma uzaqda cənnət var;
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.[6]
Çox güman ki, peyğəmbərlərin Yaradan ideyası da əlçatmaz, uzaqda olduqları üçün ilahi məhəbbət xarakteri daşıyır. Cavidin utopik fəlsəfəsində bir qadının sevgisi dalınca qoşan Şeyx Sənanla, vahid Yaradan ideyasını təbliğ edən peyğəmbər arasında çox da fərq yoxdur. Çünki hər ikisi qəhrəmandır; birisi yerdəki müqəddəs sevgisi üçün, o birisi gözəgörünməz ilahi eşq üçün mücadilə verir. Vəli Osmanlı yazır: “Sənan dеyir ki, “mənəvi еşqə qarşı hər insan birdir, pirü cavan”. Mənəvi еşqdə sеvgililərin cismani qovuşması yoх, ruhən qovuşması məqsədə çеvrilir. Cismani məhəbbətin kеçəriliyi, mənəvi, yaхud ruhani məhəbbətin isə əbədiliyi barədə romantizmin qəti qənaətləri vardır ki, əsasını idеalist fəlsəfə təşkil еdir. “Şеyх Sənan” əsərindəki məhəbbət digər əsərlərdəki adi məhəbbətlərdən fərqli olaraq bеlə bir məhəbbətdir. Məhz bu “еşqi-ruhani” əsərdə gеtdikcə inkişaf еdib romantik idеalın ifadəsinə çеvrilir”.[7]
Ona görə də, H.Cavid yalnız Şeyx Sənanlara deyil, Allahın dinini Yer üzərində yayan, təbliğ edən peyğəmbərlərə də böyük qiymət vermişdir. Ona gorə, peyğəmbərlərin hər biri bir qəhrəman olmuş, öz ümmətlərinə doğru yol - Allahın yolunu göstərmişlər:
İştə onlar, hər biri bir qəhrəman,
Həp çalışmış durmadan, sarılmadan…
Həpsinin amalı bir, əfkarı bir,
Həpsinin iqbalı bir, idbari bir.
Həpsi yalnız bir həqiqət aşiqi
Həpsi bir vicdanla dinlər xaliqi.
Həpsinin qəlbində bir sevdası var,
Həpsi Məcnun, həpsinin Leylası var. [8]
Deməli, Şeyx Sənanlar sevgilisini yerdə ararkən peyğəmbərlər göydə aramış, hər bir peyğəmbər İlahi Eşq naminə mücadilə vermişlər. Ancaq peyğəmbərlər öz təbliğatlarını yalnız Yaradandan gələn ilhamla deyil, eyni zamanda öz hissiyyatları ilə də aparmışlar. Bu zaman da bir peyğəmbərin dedikləri digər peyğəmbərlə bəzən uzlaşmamışdır. Cavid yazırdı:
Ağlamışlar həpsi insaniyyətə,
Xadim olmuşlar bütün bir niyyətə.
Parlamış həpsində bir haq şöləsi,
Xeyrə munis, şərə düşman cümləsi.
Haqdan almış həpsi ilhamatını,
Dinləmiş həm kəndi hissiyyatını.
Hər kəs inşad eyləmişdir bir kitab,
Ta ki, ihzar eyləsin bir inqilab.
Başqa bir “bənlik” ararkən hər biri,
Uymaz olmuş bir-birə çoq sözləri.
İştə hər dahidə var bir etiyad,
Yan baqıb təqlidə, eylər ictihad.
Pək təbiidir ki, hər sahibhünər
Bir təcəddüd, bir xüsusiyyət dilər.
Gərçi az-çoq bir-birindən fərqi var,
İştə onlar həpsi bir şahrah arar.
Dinləyib əslafı həp fikir etdilər,
Göstərib əxlafa bir yol, getdilər.[9]
O, Allahın tək olduğu halda peyğəmbərlərin müxtəlif dinlər ortaya qoymasını təsadüfi hesab etmir. Peyğəmbərlərin müxtəlif dinlər icad etməsi o anlama gəlir ki, hər kəs Yaradanı öz bildiyi kimi anlamışdır. Deməli, bütün peyğəmbərlər vahid Allaha tapınsalar da, ancaq Onu dərk etmə yolları bir qədər fərqlidir. Peyğəmbərlərin Allahın dərki yolundakı fərqli düşüncələri də ayrı-ayrı insanlar tərəfindən müxtəlif yerlərə yozulmuşdur. Cavid yazırdı:
Sonra, lakin sonra pək çoq sürmədən,
Fırlayıb meydana bir çoq rahzən,
Onların fikrində bulmuşlar təzad;
Hər biri bir yolda etmiş ictihad.
Bir-birindən xəlqi istikrah için
Hər biri bir dürlü olmuş xuşəçin.
Bir yığın əfsanə, bin lafü gəzaf
Uydurub hər kəs çıqarmış ixtilaf.
Hər biri boş bir xəyal almış ələ,
Uğraşıb dünyaya salmış vəlvələ.[10]
Bununla da, Cavid haqlı olaraq yazırdı ki, Yaradan tək olduğu halda, peyğəmbərlərin öz hissiyyatlarına əsaslanaraq insanları Onu fərqli yollarla dərk etməyə dəvət etmələri, daha sonra da peyğəmbərin ətrafındakılarının, ya da digərlərinin bundan çıxış edərək müxtəlif ideyalar ortaya atmaları ixtilaflara, müxtəlif məzhəblərin yaranmasına səbəb olmuşdur. O, yazırdı:
Ayrılıb bir mürşidin peyrəvləri,
Ayrı məzhəblər çıqarmış; hər biri
Bir yığın böhtanlar icad eyləmiş,
Pirinə həzyanlar isnad eyləmiş.
Anlamaz, kor xalqı qandırmış bütün,
Hər nə qusmuş, həp inandırmış bütün.
Qübbə yapmışlar küçük bir həbbəyi,
Söyləmiş: “haq məndə..” hər külxanbəyi.
Hakim olmuşlar bütün izanlara,
Hər kəs uymuşdur o bivicdanlara.[11]
[1] Ağayev M.B. Hüseyn Cavidin dünyagörüşü. Bakı, “Təknur”, 2005, s.10-11
[2] Mədətoğlu Aydın. Türkçülər (tarixi-siyasi-ideoloji oçerklər). Bakı, “Orxan” NPM, 2015, s.492
[3] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.69
[4] Yenə orada, s.69
[5] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.58