Bu gün şair Eldar İsmayıloğlunun ad günüdür! Dəyərli şairimizi təbrik edir, cansağlığı və tükənməz yaradıcılıq uğurları arzulayırıq.
İndi isə Cavid Fərzəlinin şairin yaradıcılığına həsr olunmuş təhlilini diqqətinizə çatdırırıq:
Bir imza, bir şeir yayımının bugünkü qonağı Eldar İsmayıloğludur.
Salamlayıram sizi, Eldar İsmayıloğlu.
Salamlayıram sizləri, xanımlar və cənablar.
Bütün zamanlarda günəş dağların belini dəvə belinə döndərir. Çöllər həmişə insanı öyrədir. Şəhərlər gəmi kimidir, estetika ilə baş qatır, yaratmağa mane olur. Həyatın monoton günəşində tək bir mədəniyyətlə yaşayırsan. Bəlkə də insan elə bir dövrə çatıb ki, bütün mədəniyyətləri dağıdıb yenidən mədəniyyət qurmalıdır. Bəlkə də şəhərlər bizə çöllər kimi yaradıcı olmağı heç vaxt öyrədə bilməyəcək. Necə ki küləyin musiqi yaratdığı ağaclardan musiqi aləti düzəltmək bir mədəniyyətdir...
Deyirlər, kəndlərdən şəhərlərə yüz illik yol var, amma bu, konseptual fəlsəfədə və hazır qəlibə salınmış mədəniyyətlərlə yüz il irəli getmək deməkdir. Bunu da insan yalnız və yalnız təbiətə qayıtmaqla tapacaq.
Dostlar, hələlik təbiətə qayıtmırıq)
Eldar İsmayıloğlunun şeirinə qayıdırıq.
Kəpənəklərin azadlığını öpüb oxşadıqca ağaclar, Çöhrəsi bulanır kor pəncərələrin… Qadın ayaqlarından qovur qaranlığı Zalım ata rəsmlərinə, payızdan qalan yağmur gözlərə.
Ən böyük sevgilər Ən böyük xəyanətlərdə yaşayırmış sən demə. Gözün arxada qalmasın payız. Ovcumda daşıyıram yanmış taleyimin külünü…
Nə geriyə dönməyə gecəm, Nə də güzgülərdə təbəssümüm qalıb. Gözünüzə su alın adamlar, İşıq da dolu gözlərə yağır, sabah da!
Söz sənətində şikayət dövrü getdi, maarifçilik dövrü getdi, tənqidçilik dövrü ölüm ayağındadır. Elə başa düşürəm ki, ədəbi problemləri axtarmaq, birbaşa dilin sümüklü yerində danışan psixoloji qaranlığa qulaq asmaqdır. Müəllif bu şeirdə kollektiv nə varsa, onu parçalamağa can atır.
...Kəpənəklərin azadlığını öpüb oxşadıqca ağaclar, çöhrəsi bulanır kor pəncərələrin… Qadın ayaqlarından qovur qaranlığı zalım ata rəsmlərinə, payızdan qalan yağmur gözlərə...
Bu misralarda kor pəncərələr və bulanan çöhrə xarici dünyaya qarşı qapalı bir psixoloji duruma pəncərə açır.
Burada sevib əzizlədiyimiz müqəddəs nə varsa, hamısı inkar edilir. Şeirdə ata şəkli canlanır və müəllif atanı sosial çürüntü kimi göstərir. Qadın isə şeytanlaşmış halıyla üzümüzə durur, öz qaranlığını, təbiətini və kökün rəmzi olan ata rəsmlərinə qovur. Kollektiv ailə və tabeçilik iyerarxiyası tamamilə yerlə bir olur.
Düzdür, kollektiv psixologiya vətən deməkdir, dövlət deməkdir. Yaşada bilmək deməkdir. Amma sənin kollektiv psixologiyanı pozublar, şeir deyir bunu.
Vətəndaşını qoruyan dövlət, yüz ilini düşünən dövlət mədəniyyətini də qorumalıdır. Sözsüz. Amma bu o demək deyil ki, sənət yal yeridir. Xeyir! Hər iki tərəf uçurumdur. Şərq fəlsəfəsində, ən çox bizdə, şəxslər şəxsiyyət olur, sənət yox! Hansı ki, sənət yüz ilin, min ilin psixologiyasını yetişdirir. Necə ki, Ziqmund Freyd deyirdi ki, Fyodor Dostoyevski olmasaydı, bugünkü individual psixologiya şikəst doğulacaqdı.
...Ən böyük sevgilər ən böyük xəyanətlərdə yaşayırmış, sən demə. Gözün arxada qalmasın, payız. Ovcumda daşıyıram yanmış taleyimin külünü…
Bəlkə də hər şair öz şeirinin taleyidir. Haqlı olaraq Eldar İsmayıloğlu imzası ictimai dəyər qazanmayıb, yəni bu, onun yaradıcılığının müharibə apardığı səngərdən mükafat almasına bənzəyir.
Sevgini xəyanətin içində diriltməklə hisslərin də kollektiv standartı qəsdən sındırılır. Müəllif ən sevilən vəziyyətlə standart elementləri tullayır, öz yaratdığı sənət gözüylə baxır və ovcunda yanmış taleyinin külünü daşıyır.
Şeir Şərq estetikasının üzünə tüpürür, niyə ki, həm semantik dil quruluşu yoxdur, həm də libas zövqü. Hətta şeir formulunun özünü parçalayıb, misraların yerini dəyişsək, ayaq-baş yazsaq, yenə eyni mənaya gələcək. Bəlkə də bu, E. E. Cummings priyomudur. O, bütün dil məsələlərini inkar edib, hətta şeirlərini nöqtə-vergülsüz, kiçik hərflərlə yazırdı. Yəni biz nə qədər semantik qüsur tapsaq, yenidən şeir adını qazanacaq, bax sənət bu məqamda yaranır. Yox, yox, dağıtmaq hər zaman yarada bilmək anlamına gəlməz. Məhəmməd Füzuliyə sənət özü daş atdı. Ancaq buna qədər kim daşlamışdırsa, özünə qəfəs düzəltmişdir.
Sənət varlanmaq düşüncəsi olmamalıdır. Qərb sənəti ona görə inkişaf etdi ki, o insanla üz-üzə qaldı. Şöhrətlə yox. Eldarın bu şeiri də insanla üz-üzə durur.
...Nə geriyə dönməyə gecəm, nə də güzgülərdə təbəssümüm qalıb. Gözünüzə su alın, adamlar, işıq da dolu gözlərə yağır, sabah da!...
Güzgüyə belə bir üsyan var mətndə. Müəllif sanki qan azlığından əziyyət çəkən xəstəyə sənəti qan kimi satır. Ancaq qəfil indiki dünyadakı sənətə dönüb baxırsan ki, sən parladığın güzgülərdə heç kim bəzənmir, ah o güzgülər də rəngini itirib.
...Gözünüzə su alın, adamlar" xitabı maarifçilik didaktikasını xatırladır. Müəllif özü mental çürüntüdən qaçsa da, bəzən bu çaxır çəlləyində siçovul kimi boğulan mental barmaqlarını çirkabdan üzüb çıxa bilmir. Yəni kütləni tamamilə kənara itələyən bədbinliyini özündən qovmağı bacarır. İşıq da, sabah da ancaq dolu gözlərə, yəni əzab çəkmiş fərdlərə yağacaq.
Şübhəsiz ki, müəllif əsəri olmaya bilər və ya müəllifin əsəri şəxsiyyəti ilə üst-üstə düşə bilər. Bu həllini tapmış problemlərlə işimiz yoxdur. Ancaq bəlkəsiz müəllif tamamıyla əsəri olanda inqilab baş verir.
Eldar İsmayıloğlunun mətni isə o inqilabdan məhrumdur. O, əlbəttə ki, bir psixoloji xəttiylə, öz kəndirinin üstündə kəndirbazlıq edir. Kəndirbazın manevrləri nə qədər təhlükəli görünsə də, o, niyə ki, yıxılmamaq üçün tarazlıq saxlayır, kəndirin hüdudlarından kənara çıxıb dünyanı dəyişə bilmir.
Ümumiyyətlə, sənət yaradan adamlar ilıq külək kimi adamın qulağını qızdırır. Keçici və aldadıcı bir istilik verirlər, məsələ həmin o məqamı yaşamaqdır, duya bilməkdir. İsti küləklər xoşbəxtlikdir, mənə elə gəlir ki, şərdən daha çox xeyirdir, hər fəsli isti küləklər gətirir. Özü də heç bir Tanrı sümüyünü qırmırlar.
Sübhdən axşama kimi bolt və qayka ilə mübarizə aparmağın həyat fəlsəfəsi, bir filoloqun masasındakı bütün o semantik söz yaradıcılığından daha canlı, daha yaxındır maddi və metafizik dünyaya. Heç şübhəsiz ki, bu da meyar deyil, Uilyam Folkner ədəbiyyatın içində sənət yaratmışdır.
Əsas olan sözü sözün kölgəsində gizlətməməkdir. Bu şeir də öz çılpaqlığından utanmır. Öz kölgəsini tapır. Sənət adamının o ilıq küləyi sözün dar qəfəsində boğularkən, həqiqi həyat maddəyə toxunanların, reallığı metafizik ritmində quranların əlində yaşanacaq.
Müəllifə hörmətlə
Gələn görüşlərədək.
Cavid Fərzəli