Yaxın Şərqdə həftələrdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyub.
Turkustan.az xəbər verir ki,İranın İsrailə raket hücumlarından sonra İsrail ordusu səhər saatlarında İranın müxtəlif bölgələrinə genişmiqyaslı zərbələr endirib.
İsrail mənbələrinin məlumatına görə, əməliyyatlar zamanı raket infrastrukturu və bir sıra hərbi obyektlər hədəfə alınıb. Tehran, İsfahan, Təbriz və Kərəc şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilir.
İsrail hücumlarından sonra İran İnqilab Keşikçiləri Korpusu yeni bir əməliyyat elan etdi. İran mediasında verilən açıqlamalarda İsrailin cənubundakı Nevatim və Tel Nof hava bazalarının hədəf alındığı bildirilir. İran hökuməti həmçinin hücumların davam edəcəyi təqdirdə daha genişmiqyaslı əməliyyatların başlayacağı barədə xəbərdarlıq etdi.
İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin işə salındığını və çoxsaylı raketlərin zərərsizləşdirildiyini açıqladı. Ölkənin bir çox yerində sirenlər səsləndi və vətəndaşlar sığınacaq axtarmağa çağırıldı.
Aytən Yaşar/ Turkustan.az