“Ümumiyyətlə, əti əvəz edən ikinci bir qida yoxdur. Bu düzgün yanaşma deyil. Qırmızı ət, toyuq, qaraciyər, bir sözlə, hamısının tərkibində müxtəlif vitaminlər var və heç biri digərini əvəzləyə bilməz”.
Bunu “Yeni Sabah”a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, həftədə ən azı 1 dəfə qaraciyər və ya ət yemək lazımdır ki, qan üçün faydalı olan B 12 vitaminini qəbul edə biləsən:
“Xalq olaraq əsas istehlak etdiyimiz məhsullardan biri də quzu ətidir. Düzdür, qiymətlər günü-gündən artır. Lakin biz də hər gün ət yeməsək də, ən azından həftədə 1 dəfə istifadə etməliyik. Normanı aşmaq da düzgün yanaşma deyil.

Əslində bizim hər kiloqramımıza görə 1 qram zülal lazımdırsa, onun 0.5 qramı heyvan mənşəli, 0.5 qramı da bitki mənşəli zülaldır. Heyvan mənşəli qidalar dedikdə də, ağartı məhsulları, yağ, toyuq əti, balıq əti və s. nəzərdə tutulur. Yəni büdcəyə qənaət etsək, həftədə bir dəfə dana-qoyun əti yeyə bilərik. Bu, o demək deyil ki, biz qiymətlərin qalxmasının tərəfdarıyıq, yox. Sadəcə ailə büdcəsini nəzarətdə saxlamaqda fayda var. Həftənin bir günü ət, bir günü toyuq, bir günü dəniz məhsulları, bir günü də tamamilə vegeterianlar kimi ət qəbul etmədən qidalanmaq lazımdır. Çünki ət bir az gec həzmolunan məhsuldur. Mədəyə rahatlıq vermək üçün 1 gün meyvə-tərəvəzlə qidalanmaq zəruridir”.
A.Salamov bildirib ki, bu məsələ ilə bağlı kəndliyə dəstək vermək vacibdir:
“Azərbaycanda hazırda Monqolustandan və İtaliyadan gətirilən ətlər satılır. Monqolustanın özündə heyvandarlıq geniş inkişaf edib deyə ölkə xaricinə ət idxalı ilə məşğul olurlar. Prezident İlham Əliyev də bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə bir sıra göstərişlər verdi. Ümid edirəm ki, bizdə də gələcəkdə örüş yerləri yaradılacaq. İqtisadi baxımdan bu, xalqımız üçün çox faydalı olacaq. Bu məsələ ilə bağlı kəndliyə dəstək vermək və şərait yaratmaq vacibdir. Bütün bunlara riayyət olunsa, iqtisadi vəziyyətimizi də dəyişmiş olarıq. Həmçinin ət idxal edən deyil, ixrac edən dövlətə çevrilə bilərik”.