Ey, Qızılqum çölləri… - Elşad Eyvazlının Özbəkistan təəssüratlarından


İndiyə qədər getdiyim hansısa ölkədən, iştirak etdiyim tədbirdən çox danışmağı sevməmişəm. Bəzən ümumiyyətlə heç nə paylaşmamışam. Utanmışam, nədənsə düşünmüşəm ki, sosial media həm də insanın özünü göstərmək həvəsinin yeridir. Buna görə də görüntülərin nümayişkaranə üslubda paylaşılmasına məsafəli dayanmışam.

Amma Daşkənd, Səmərqənd, Buxara, Qızılqum çölləri, Xarəzm bu yanaşmanı əlimdən aldı. Çox qəribədir, özümə haqq qazandırıram, düşünürəm ki, bu dəyişiklikdə utanmalı heç nə yoxdur.

Mənə elə gəlir ki, Daşkənd, Səmərqənd, Buxara, Qızılqum çölləri, Xarəzm kimi yerlərə səfəri gəzinti adlandırmaq günah olar. Buna müqəddəs yerlərin ziyarəti desək, daha düzgün anlaşılar. O yolların uzunluğunu kilometrlə ölçmək tarixin, o yolun yolçularının xətrinə dəyər. O yolların boyunu zamanla, əsrlərlə, dədələrlə ölçmək daha düzgündür.

Bu ziyarətdə məni ən çox heyran edən Qızılqum çölləri oldu.

Az çöl görməmişik. Ancaq Qızılqum çölünü görəndən sonra başa düşdüm ki, çöl belə olar. Ən hündür dağlardan da hündürdür, ən dərin dənizlərdən də dərindir Qızılqum...

İlk baxışdan elə bilirsən ki, burada heç nə yoxdur.
Səssizlik, bozluq var.
Ənginlik var.
Bir-iki kol-kos, bir az qum, bir az da meh var…

Amma az keçmir, anlayırsan ki, sən dünyanın ən möhtəşəm yerlərindən birindəsən.

Özünə dönürsən. Heç nəyin olmadığı yerlər insanı özünə qaytarır.
Hər şeyin olduğu yerlər insanı doyurur.
Qızılqum adamı özünə qaytarır.

Bu çöllər çox qəribədir, çox…


Burada səssizlik adamla danışır.
Göz işlədikcə uzanan çöllərin uzaqlığı sənə ümid verir.
Burada insan Allahın böyüklüyünü daha aydın hiss edir.
Öz səsini eşidirsən, elə bil keçmişlə danışırsan.

Burada adam özü ilə də danışa bilir. Bəlkə də insanın ən böyük ehtiyacı elə budur. Mənə elə gəlir ki, sonsuzluq dediyimiz nə varsa, bu çöllərdə yaşayır.

Çox dağ görmüşük, o dağlar insanı göylərə yaxınlaşdırır.
Çox dəniz görmüşük, o dənizlər insanı xəyallara aparır.

Ey, Qızılqum çölləri, sən insanı öz kökünə qaytarır.

Bu çöldə hər qum dənəsi bir at nalının izi, bir karvanın düzülüşüdür.

Qızılqum çölləri at üstündə dayanan, əlində qılınc dünyaya meydan oxuyan Türk döyüşçünün son baxışıdır.

Bu çöllər insanı ağuşuna alır. Buralar türk yaddaşının ən böyük kitabxanasıdır. Burada sükut var və bu sükut min kitabdan çox danışır. Qızılqum çölü insana öyrədir ki, böyüklük səs-küydə olmur. Ən böyük sevgilər də səssiz yaşayır.

Bura qumsallıqdır, daş yoxdur, bu qumsallıqda tarix var. Burada saray nişanəsi yoxdur, amma imperiyaların əzəməti var.

Uzaqlardan şahə qalxan atların kişnərtisini, qılıncların şimşək kimi çaxan işığını hiss edirsən.

Bu çöllər sənə heç yad gəlmir, heç...

Hikmətə bax, Allah, Allah…

İlk dəfə gəldiyin bir torpaqda özünü qərib bilmirsən… Elə bil burada doğulmusan, uşaqlığın burada qalıbmış. Şər vaxtı əsən meh sanki vaxtilə sənin də saçlarını oxşayıb.

Burada anlayırsan ki, insanın yaddaşı tək beynində olmur. Qanında gəzir.

Bəzən insanın bilmədiyi xatirələri ruhu xatırlayır.

Bu çöllərdə ruhun yaddaşı oyanır, adam uluları üçün darıxır.
Təsəvvür edirsiniz, bu nə deməkdir…

Anlayırsan ki, insanın ən böyük sərvəti köküdür.

Bu çöllərdən hunların nəfəsinin ətri gəlir. Göytürklərin bayraqları bu səmalarda dalğalanır. Əmir Teymurun orduları bu üfüqlərdən keçir. Böyük İpək Yolunun karvanları bu qumların üstündə yenə də iz salır.

Alimlər, şairlər, səyyahlar, dərvişlər, hökmdarlar, tacirlər…

Daha kimlər, kimlər…


Adamın nəfəsi daralır, köynəyinin yaxasını açmaq da buna dərman olmur…

Hunlar, Göytürklər, Əmir Teymurun orduları, karvanlar hələ də bu çöllərdə yol gedirlər.

Çöl adamlarına həsəd aparırsan …

İndi bu çöllərdən jurnalistlər, Küresel Gazeteciler Konseyi ailəsi keçir. Türkiyədən, Azərbaycandan, Kiprdən, Özbəkistandan gələn jurnalist dostlarla birlikdəyik.

Bəlkə də çoxumuz bunu adi səfər hesab edir.
Mənim gözümün önündə isə başqa mənzərə var. Min il əvvəl karvanların keçdiyi yollardan indi qırxdan artıq jurnalist, bir söz karvanı keçir.

Elə bu an anlayırsan ki, sərhədlər xəritələr üçündür, ruh üçün sərhəd yoxdur.

Türklüyün gücü də elə ruhundadır.

Bir də qəribə hiss sənə hakim kəsilir…

Bu nə darıxmaqdır, nə sevincdir, nə fərəhdir, nə qüssədir…

Bu hiss insanın öz kökünü hiss etməsidir, qanında danışan tarixdir. Bu hiss min illərin içindən gələn səsdir, türk olmaqdır. Bu hiss böyük bir sivilizasiyanın davamı olduğunu anlamaqdır.

Bu torpaqlarda insan özünü daha böyük hiss edir.

Ey, Qızılqum, min illərin sirrini qum dənələrində pıçıldayan əzəmətli, sonsuz çöllər…

Sən yaddaşsan.
Sən ruhsan.
Tarixin o üzündən gələn səssən.

Sənə baxan gözün qarşısında tarix canlanır.
Sükutundan dədələrin nəfəsi gəlir.

Sən sehirsən, Qızılqum…

Min illər keçəcək, karvanlar, adlar, xəritələr dəyişəcək. Amma sənin səssizliyində yaşayan o böyük ruh dəyişməyəcək.


MANŞET XƏBƏRLƏRİ