Təhsildən yayındırılaraq məcburi əməyə və dilənçiliyə cəlb olunan uşaqlarla bağlı monitorinq keçirilib


“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi davam etdirir. Layihənin icra planına uyğun olaraq 03-04 iyun 2026-cı il tarixlərində Şamaxı rayonunda təhsildən yayındırılaraq məcburi əməyə və dilənçiliyə cəlb olunan uşaqlarla bağlı monitorinq keçirilib.

Təşkilatın sədri Gülayə Səfərova QHT.az-a bildirib ki, layihə çərçivəsində keçirilən monitorinqlərin əsas məqsədi uşaqların təhsil hüququnun qorunmasına dəstək vermək, onları təhsildən uzaqlaşdıran risk amillərini müəyyənləşdirmək və aidiyyəti qurumlarla birgə bu problemlərin aradan qaldırılmasına töhfə verməkdir.
Monitorinq Şamaxı şəhərinin mərkəzində, həmçinin Quşçu, Göylər, Dağ Bağırlı, Çuxuryurd, Nağaraxana, Dəmirçi kəndlərində və Şamaxı–Lahıc avtomobil yolu boyunca aparılıb.

Monitorinq zamanı 18 yaşına çatmayan uşaqların təhsildən yayınaraq küçə ticarətində, kənd təsərrüfatı və heyvandarlıq sahələrində çalışması halları kütləvi xarakter daşımasa da, dərsdən yayınaraq bazarda lobya satan, heyvan otaran, əkinçilik sahəsində işləyən, su daşıyan və küçələrdə gəzən uşaqlar müşahidə edilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afyəddin Bayramov və Quşçu kənd tam orta məktəbinin direktoru Vəli müəllim monitorinq iştirakçılarına bildiriblər ki, heyvandarlıqla məşğul olan 15 ailənin uşaqları yaylaqlarda qaldıqları üçün müəyyən dövrlərdə təhsildən yayınırdılar.
Görülən profilaktik tədbirlər və aparılan maarifləndirmə işləri nəticəsində həmin ailələrdən 11-nin uşaqları yenidən təhsillərini davam etdirməyə başlayıb. Hazırda qalan 4 ailə ilə də profilaktik söhbətlər və izahat işləri davam etdirilir.

Şamaxı Rayon İcra Hakimiyyətinin Dağ Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nuru Abdullayev isə bildirib ki, kənd məktəbinin tutumu məhdud olduğundan burada təxminən 250 şagird təhsil alır, digər uşaqlar isə təhsil almaq üçün yaxınlıqdakı Göylər kənd tam orta məktəbinə gedirlər. Onun sözlərinə görə, yerli qurumlar uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər.

Fotolar


MANŞET XƏBƏRLƏRİ