16 yaşdan kiçik şəxslərin platformalarda hesab yaratmasına icazə verilməyəcək, 16-18 yaşlı istifadəçilərin hesabları isə valideyn nəzarəti altında fəaliyyət göstərəcək.
Turkustan.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Platformalar istifadəçilərin yaşını müəyyən etmək üçün texniki üsullar tətbiq etməli, yaş məhdudiyyətinə nəzarəti təmin etməlidir.
Qanun layihəsində qeyd olunur ki, 16-18 yaş arası istifadəçilər üçün hesab yaradılması zamanı qanuni nümayəndənin razılığı tələb ediləcək. Bu yaş qrupuna aid hesabların məzmun dairəsi, reklamlar və platformadan istifadə saatları valideyn və ya qanuni nümayəndələr tərəfindən idarə olunacaq.
Dəyişikliklərə əsasən, platformalar 16-18 yaşlı istifadəçilər üçün gücləndirilmiş məxfilik ayarları tətbiq etməli, geolokasiya məlumatlarının əlçatanlığını məhdudlaşdırmalı və zərərli, asılılıq yaradan və manipulyativ məzmunların yayılmasının qarşısını almalıdır.
Layihəyə görə, uşaqların həyatı, sağlamlığı və təhlükəsizliyi üçün risk yaradan məzmunlar aşkarlanarsa, platformalar 24 saatdan gec olmayaraq müdaxilə etməli və onların yayılmasını məhdudlaşdırmalıdır.
Bundan başqa, yaş yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və kommersiya məqsədilə istifadəsi qadağan olunur. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir./modern.az