Seçkidə qalib gələn Nikol Paşinyanın partiyasının əsas üstünlüyü hökuməti təkbaşına formalaşdıra biləcək mandat sayı əldə etməsidir. Həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz bu idi. Hakimiyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət – Rusiya - Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi. Fərqli nəticə - Paşinyanın hökuməti təkbaşına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir.
Hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək. Paşinyan artıq Robert Köçəryan və Samvel Karapetyanın həbs edilməsi anonsunu verib, hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi, saxtalaşdırılma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir.
Seçkidə əsas məqamlardan biri Ermənistanda “ana müxalifət”in Köçəryandan Karapetyana keçməsidir. Bu, hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, “sima” dəyişikliyi müxalifətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər “ana müxalifət”in Köçəryan olması həm cəmiyyətdə Paşinyanın opponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin anti-təbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı, Qərblə də əlaqələrə malik olması, erməni disporu və kilsənin də dəstəyini alması onu Koçaryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etidiyini düşünmək olar.
1. “Sima dəyişikliyi” ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər;
2. Karapetyanla Köçəryanın “parlament ittifaqı”nı formalaşdıra, mövqelərini gücləndirə bilər.
Bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətləcək, lakin geosiyasi təsir baxımından, Qərbin – ABŞ və Avropa Birliyinin rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür. Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistan gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqindən xilas olmaq perspektivi yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadan çəkinəcək. /axar.az/