Xameneinin bu mesajı Trampı daha da qəzəbləndirəcək


Aprel ayında qüvvəyə minən atəşkəsdən sonra Yaxın Şərqdə formalaşan kövrək sabitlik yenidən pozulub.

Turkustan.az xəbər verir ki, İsrailin İranın müxtəlif şəhərlərinə endirdiyi hava zərbələri və Tehranın cavab addımları bölgədə genişmiqyaslı müharibə riskini artırıb.

İsrail ordusu İranın son raket hücumlarına cavab olaraq Tehran, İsfahan, Təbriz və Kərəc də daxil olmaqla bir sıra bölgələri hədəfə alıb. İran mediası bəzi ərazilərdə partlayışların baş verdiyini, rəsmi Tehran isə cavab tədbirlərinin davam etdiriləcəyini açıqlayıb.

Bunun ardınca İran İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı yeni raket əməliyyatına başladığını elan edib. Məlumata görə, İsrailin Nevatim və Tel Nof hava bazaları hədəf alınıb.

İsrailin müxtəlif şəhərlərində hava həyəcan siqnalları səsləndirilib, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Yerli mənbələr bəzi bölgələrdə partlayışların qeydə alındığını bildiriblər.

Hadisələrin fonunda İranın ali dini lideri Müctəba Xamenei sosial media hesabında İsraili hədəf alan sərt açıqlama yayıb. O, paylaşımında “Sionist rejimin nəfəs alması üçün cəmi bir neçə gün qalıb” ifadəsini işlədib.

Xameneinin bu bəyanatı İran və İsrail arasında qarşılıqlı hücumların davam etdiyi, bölgədə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqların gücləndiyi bir dövrə təsadüf edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ